Əsas Səhifə > Güney Press, Araşdırma > İQBAL MƏMMƏDOVUN QARDAŞI MEYDAN SULAYIR

İQBAL MƏMMƏDOVUN QARDAŞI MEYDAN SULAYIR


6-11-2013, 09:31
İQBAL MƏMMƏDOVUN QARDAŞI MEYDAN SULAYIR
ADAMIN KƏSDİYİ BAŞA SORĞU YOXDUR...

DİA.AZ: - Lerik rayonunun Piran kəndi ərazisində beton zavodu və quşçuluq fabriki fəaliyyət göstərir. Bu müəssisələrdə 200-ə yaxın sakin işləyir. İşsizliyin olduqca ciddi problem olduğu Lerikdə bu imkandan faydalananlar olsa da, narazılar da az deyil. Onlardan biri də kənd sakini Elsevər İbrahimovdur. O, işlədiyi beton zavodunda döyüldüyünü iddia edir. Piran kəndində onunla görüşərkən, hadisədən bir neçə gün keçməsinə baxmayaraq, üzündəki zərbə yeri də aydın görünürdü. Onun sözlərinə görə, bu müəssisələr Lerik rayonundan deputat seçilmiş Hacı İqbal Məmmədovun qardaşı Çingiz Məmmədova məxsusdur. Elsevər də bu müəssisələrin birində - betonzavodda sürücü işləyir. Onu döyən də deputatın qardaşı Çingiz Məmmədov olub. O, döyülməsinin səbəbini belə izah edir:

“Saat 11 radalərində məni göndərdilər “Relaksa”, yük göndərməyə. Saat 3-ə işləmiş qayıdıb gəldim, nahar da etməmişdim. Bir də gördüm ki, zavodun müdiri Çingiz məni yanına çağırır. Mən də gəldim . Gördüm bir nəfərlə söhbət edir, gəldim, qaldım onun yanında. Birdən mənə tərəf dönüb “Küçük, bu nə təhər duruşdu, qalmısan yanımda”, - deyib, sonra qəflətən mənə bir sillə vurdu, boğazımdan tutub yıxdı yerə. Sonra ətrafdakılar bizi zorla ayırdı, mən də çıxıb getdim evə”.

O deyir ki, döyüldükdən sonra heç bir səbəb göstərilmədən işdən də qovulub.

“Açarları aldı məndən, dedi, çıx get. Müqavilə olmayıb, ayda 220 manat pul verirdi. Qol çəkirdik, 100 manat bir verirdi, 120 manat bir”.

O, zavodda 50 nəfərdən şox sürücünün işlədiyini deyir. Onun bildirdiyinə görə, sürücülərin heç biri ilə müqavilə bağlanmayıb.
Elsevər döyülməsinin səbəbini bu günə qədər dəqiq bilmir. O həm də özünü təhqir olunmuş sayır. “Həmyaşıdlarımın qarşısına çıxa bilmirəm” , - deyir. Elsevər bununla bağlı rayon polis şöbəsinə şikayət etdiyini də bildirir...

Elsevərin atası Mirməmməd İbrahimov Lerikdə özbaşınalığın hökm sürdüyünü, belə hadisələrin çox vaxt cəzasız qaldığını bildirir.

“Saat 6-da gəlmişəm işdən, gördüm uşağın burnu yaradır. Soruşdum burnuva nə olub? Hadisəni danışdı. Kim Çingizə ixtiyar verib ki, oğlumu döysün. Saat 11 idi, zəng elədim Çingiz Məmmədova. Dedim, mən Elsevərin atasıyam. Siz Elsevəri nə üçün döymüsünüz, nə üçün ona əl qaldırmısınız. Dedi, əcəb eləmişəm, əlim qüvvətlidir. Dedim, dövlət bu qədər sizə icazə verib ki, sən gedib fəhləni döyəsən? Dedi, əcəb edirəm, sonra da telefonu söndürdü. Ondan sonra DİN-in, Baş Prokurorluğun “Qaynar xətl”lərinə məlumat verdim. Lerikin prokuroruna, polis idarəsinə muraciət etdim. Məni it yerinə saymadılar”.

O deyir ki, qardaşının deputat olması hesabına hamı ondan qorxur. Onun sözlərinə görə, bu qardaşlar Lerikdə qorxu sindiromu yaradıblar.

“Qardaşı Lerikin deputatıdır - Məmmədov Hacı İqbal, hamı ondan qorxur. Bu Lerik rayonu onların əlindədir. Nəhayət, cənab prokurorun xətti ilə zəng edəndən sonra məni qəbul elədilər. Apardım uşağı ekspertizaya, şəklini çəkdim. Şəkilin birini də Prezidentə göndərmişəm, Milli Məclisə göndərmişəm. Hal-hazırda iş polisdədir”.

Piranda kənd sakinləri ilə də görüşdük. Sakinlər betonzavodun və quşçuluq fabrikinin ətraf mühitə böyük ziyan vurduqlarını deyirlər. Betonzavod xammalını kəndin ortasından keçən çaydan götürür. Çayın çınqılının daşınması hesabına ətrafda yarğanlar əmələ gəlib. Çay dibi ildən ilə genişlənir. Nəticədə, yaxınlıqda olan evlərə təhlükə yaranır. Quşçuluq fabrikində kəsilən toyuqların çirkabı da çaya axıdılır. Sakinlər üfunətdən, səs-küydən evlərində normal əyləşə bilmədiklərini söyləyirlər.

“Əhmədov Əlimərdan (kənd sakini): -Görürsünüz, bu ağaclar quruyub. Evimdə neçə yerdən çatlar əmələ gəlib. Göstərdim də sizə. Yenə də qazmaq istəyirlər. Dəfələrlə müraciət etmişəm, qazmayın, evim uçulur. Eşitmirlər. Deyirlər buranı almışıq, bura bizimdir”.

“Fuad Əbdül oğlu (kənd sakini): - İş icraçısına dedim ki, buranı qazmayın, evdə rahat oturmaq olmur. Dedi, mənə şər atırsan. Başa düşmək olmur. Səs-küydən mənim uşağım dərs oxuya bilmir. Bir qonaq gəlir, gərək qonağımın qulağının dibində danışam, qonaq məni eşidə. Mənə deyir, get, kimə şikayət edirsən, elə. Belə çıxır ki, biz vətəndaş deyilik. Şəxsən, mən bu kənddən köçmək istəyirəm. Deyir, buranı almışam. Mən burda yaşaya-yaşaya buranı necə ala bilər? Bu ağaclarımı çək, evimi çək, çatdaq-çatdaqdır da. Amma məni günahkar bilirlər. Ya bizi departasiya eləsinlər, ya da bizə bir əlac etsinlər”.

Zavodun sahibi Çingiz Məmmədov isə ona böhtan atdığını bildirir. Onun sözlərinə görə, hər iki müəssisə 2011-ci ildən fəaliyyət göstərir. Burda işləyənlərin əksəriyyəti də kənd sakinləridir.

“O, mənə şər atır. Atası ilə münasibətim var. Məndən xahiş etmişdi, onu işə götürmüşəm. 22 yaşı var, cavan uşaqdır. Bu yaxınlarda yolda hadisə olmuşdu, 19 yaşlı uşaq gəlib girmişdi bizim maşının altına. Tapşırmışdım ki, sürətlə sürməyin. Sürət olmasa, ölüm olmaz. Qolu sınar, qıçı sınar. Bir nəfər möhkəm sürən var idi, işdən azad elədim. Həyətdə durmuşdum, gördüm maşın gəldi. Elsevər sürən maşın, yüksək sürətlə. Çağırtdırdım, gəl bura, buna görə tanbeh eləmək istəyirdim. Qayıtdı dedi ki, yaxşı edirəm, mənim sürməyim budur”.

Onun sözlərinə görə, maşını ondan alandan sonra elsevər onun üstünə yeriyib. Ətrafdakılar ayrıb, onu yola salıblar. Atası da ondan işə bərpa etmək üçün xahiş edib. Cingiz Məmmədov isə ona rədd cavab verib. Onun sözlərinə görə, indi atası ondan qisas alır. O deyir ki, oğlu yaşında olan bir şəxsə heç vaxt əl qaldırmaz, buna ehtiyac yoxdur. Onun bildirdiyinə görə, polis bunu araşdırır, həqiqət yerini tapacaq.

Çingiz Məmmədovun sözlərinə görə, müəssisəyə işə girənlərlə qanunla müqavilə bağlanır. O deyir ki, kənd sakinlərinin onlar barəsində şikayətlərinə dəfələrlə baxılıb. Hətta bu işə məhkəmə də baxıb.

“2011-ci ildə bu yerə sərəncam alanda yaxındakı evlər yox idi. Mənim ərazimin çoxu ora düşürdü. Gəlib araşdırdılar, sovetin filan qanuna görə evlər olamlıdır 200 metr aralı. Sovetin texnologiyası ilə bu texnologiyanı eyni tutmasınlar. İçində bütün havalandırma var. İçəri girəndə heç hiss eləmirsən ki, burda toyuq saxlayırlar, ya yox. Şirvan məhkəməsinin qərarı da var bu barədə”.

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov kənd sakinlərinin onalara müraciət etdiklərini deyir. Lakin o, bu məsələlərin həllinin icra hakimiyyətindən asılı olmadığını bildirir.

“Onlar bizm səlahiyyətimizə aid olamyan məsələdir. Tikinti ki, aparılıb, quşçuluq ferması ayrı-ayrı vətəndaşlardan alınıb. Ora şəxsi mülkiyyətdə olan torpaq sahələridir”.
Bax, belə. Ramiz Rövşən demişkən, hamının günahı var, heç kimin günahı yoxdur.

Geri qayıt