Əsas Səhifə > Partiya > "TƏKLİFİ İLK DƏFƏ İSA QƏMBƏR İRƏLİ SÜRÜB"
"TƏKLİFİ İLK DƏFƏ İSA QƏMBƏR İRƏLİ SÜRÜB"6-11-2013, 13:17 |
“El” Hərəkatının Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev Hərəkatın sədri, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun Müsavat Partiyasının funksionerləri tərəfindən tənqid edilməsinə sərt reaksiya verib. Eldəniz Quliyev APA-ya açıqlamasında deyib ki, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və Müsavat Ali Məclisinin üzvü Sabir Məmmədlinin söylədikləri tamamilə əsassızdır. Qeyd edək ki, Arif Hacılı Milli Şurada həmsədrlik institutunun yaradılması barədə təklifin Müsavat və AXCP ilə müzakirə edilmədən ictimai müzakirəyə çıxarılmasının düzgün olmadığını söyləyib, Sabir Məmmədli isə Eldar Namazovun seçki dönəmində Milli Şuranın prezidentliyə namizədinin müəyyənləşməsi prosesinə mane olmaqda, prosesi ləngitməkdə günahlandırıb. Eldəniz Quliyev isə bildirib ki, Eldar Namazov olmasaydı, Milli Şura yaranmayacaq və yaranmayan qurumun da prezidentliyə vahid namizədi olmayacaqdı. Onun sözlərinə görə, Eldar Namazov partiyalara demokratik düşərgənin birləşməsi naminə iddialarından geri çəkilməsinin zəruri olduğunu izah edib: “Kövrək də olsa, Milli Şurada demokratik qüvvələr bir aradadır. Çox yaxşı məqam yetişib ki, Milli Şurada həmsədrlik institutu yaransın. Cəmil Həsənli daxildə, Rüstəm İbrahimbəyov isə xaricdə Milli Şura ilə bağlı məsələlərlə məşğul olsun. Arif Hacılı özü də bilir ki, Milli Şurada həmsədrlik institutunun yaradılması barədə təklifi ilk dəfə Müsavat Partiyasının başqanı İsa Qəmbər bu qurum yaranan ərəfədə irəli sürmüşdü. Sadəcə, o vaxt zamanı deyildi, indi zərurət yaranıb. Arif Hacılının yadından çıxıbsa, yadına salsın. Digər tərəfdən, hesab etmirəm ki, Milli Şurada həmsədrlik məsələsi partiyaların daxili işidir. Bu, Milli Şuranın işidir və Milli Şuranın sessiyasında da müzakirəyə çıxarılmalıdır”. Eldəniz Quliyev Milli Şuranın idarəetmə orqanının yaradılmalı olduğunu da vurğulayıb: “Bunun adını Məşvərət Şurası, yaxud İdarəetmə Heyəti qoymaq olar. Bu məsələ Milli Şuranın sessiyasında müzakirə edilməlidir. Həm də gərək Milli Şura partiyaların diktəsi altında olmasın. Milli Şura partiyaların, ziyalıların, QHT-lərin bir araya gəldiyi qurum kimi fəaliyyət göstərməli, prioritet partiyalara verilməməlidir. Partiyalar bununla razılaşsa. Milli Şura güclənəcək”. O, Milli Şuradan istefaların bu qurumu gücləndirdiyini də iddia edib: “Lalə Şövkət və Əvəz Temirxan Milli Şuradan inciyibsə, yaxud incidilibsə, Milli Şuradan getmələri daha çox qurumun pozitiv inkişafa təkan verəcək. Söhbət tək Lalə Şövkət və Əvəz Temirxandan getmir, bir neçə nəfər, o cümlədən Rəsul Quliyev də Milli Şuradan istefa verib. Həyat gəlimli, gedimlidir”. Geri qayıt |