Əsas Səhifə > Partiya > ARİF HACILI İDDİALARINI ORTAYA QOYDU
ARİF HACILI İDDİALARINI ORTAYA QOYDU6-11-2013, 14:12 |
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bəyan edib ki, onun partiya başqanlığına namizədliyi irəli sürülərsə, etiraz etməyəcək. A.Hacılı Trend-ə bildirib ki, bu məsələlər müzakirə olunur: "Partiya üzvləri mənə etimad göstərəcəklərsə və hesab etsəm ki, Müsavat Partiyasına mənim başqan olmağım mühümdür, namizədliyimi irəli sürəcəm. Ancaq bu, mənim üçün "olmazsa, olmaz" məsələsi deyil. 20 ildən artıqdır ki, siyasətdəyəm və bu müddətdə Müsavat Partiyasının rəhbəri olmayaraq da partiyanın siyasətinə kifayət qədər təsir etmək imkanlarına malik olmuşam. Bundan sonra da istər başqan olsam, istər Müsavat Partiyasının sıravi üzvü olsam, Müsavat Partiyasının siyasətinə, Azərbaycan cəmiyyətində gedən siyasi proseslərə təsir etmək imkanına malik olacam". A.Hacılı İsa Qəmbərin başqanlıqdan gedəcəyi halda Müsavat Partiyasında istefaların və ya parçalanmanın baş verəcəyi ilə bağlı məlumatlara da münasibət bildirib: "Müsavat Partiyasının 100-dən artıq yaşı var. Əgər kimlərsə bu partiyaya ayrı-ayrı şəxslərə görə gəliblərsə, onlar gedə bilərlər. Mən hesab edirəm ki, qurultay keçirildikdən sonra heç bir ciddi problemlər, kataklizmlər yaşanmayacaq". O qeyd edib ki, əslində İsa Qəmbər Müsavat Partiyasını tərk etməyəcək, o partiyanın üzvü kimi fəaliyyət göstərəcək, partiyanın siyasətinə təsir imkanlarını saxlayacaq. Geri qayıt |