Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞƏKİDƏ TƏHSİLİN EVİNİ KİMLƏR YIXIR?
ŞƏKİDƏ TƏHSİLİN EVİNİ KİMLƏR YIXIR?14-11-2013, 10:39 |
“Qızım İlahə Həsənova Şəki Şəhər 2 saylı orta məktəbdə fizika müəlliməsi işləyirdi. Rayon təhsil şöbəsi və məktəbin direktoru qızımın yerini başqasına satmaq üçün onu haqsız yerə işdən çıxardıb”. Bu sözləri Şəki şəhər sakini Nüşabə Həsənova redaksiyamıza gələrək deyib. Şikayətçi qızının haqsız yerə çıxarıldığı işinə yenidən bərpa edilməsini tələb edir: “Qızım İlahə 2010-ci ildə BDU-nun fizika fakültəsini bitirib və Şəki şəhərində 2 saylı orta məktəbdə fizika müəlliməsi kimi işə başlayıb. 1 il fizika, 3 ay isə informatika müəlliməsi kimi bu məktəbdə fəaliyyət göstərib. 2011-ci ildə məktəbə yeni təyin edilmiş direktor Tamella xanım Şəki Rayon Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova ilə bir olaraq planlı şəkildə əvvəlcə qızımı ixtisasından, 24 noyabr 2011-ci ildə isə saxta əmrlə işdən uzaqlaşdırıb. O, qızımı Əmək Məcəlləsinin 294-cü maddəsini pozaraq işdən azad edib. Qızım məktəbdə işlədiyi zaman onun ixtisasına uyğun dərsləri əlindən alaraq 63 yaşlı müəlliməyə veriblər ki, o təqaüdə çıxan kimi onun dərslərini başqasına satsınlar. Bu məkrli niyyətlərini həyata keçirmək üçün gənc kadrı küçəyə atıblar. Bəhanə kimi də göstərirlər ki, qızım məktəbdə müəllimə işləmək üçün 2010-cu ildə imtahan verməli imiş. Əgər mənim qızım qeyri-qanuni işləyibsə, ona əmək haqqı almaq üçün necə kart verə bilərdilər”. Şikayətçi daha sonra bildirir: “Südabər İsmayılova məni çağıraraq dedi ki, gedib imtahan verib 10 bal toplasın biz onu yeni götürdüyümüz müəllimə təqaüdə çıxan kimi onun yerinə işə götürərik. Qızım imtahana girdi və 15 bal topladı. Südabər İsmayılova qızımın imtahandan bal topladığını görüb dediyi sözü inkar etdi. Qızım 1 ildən artıqdır ki, ailə qurub. Vaxtsız atalarını itirən bu gənclərin maddi, mənəvi dəstəyə ehtiyacı olduğu halda, hüquqları pozulur. Südabər İsmayılova təhsil şöbəsini bazara çevirib”. N.Həsənova məsələ ilə bağlı dəfələrlə Prezident Aparatı başqa olmaqla, aidiyyəti qurumlara müraciət etsə də bunun bir nəticəsi olmadığını deyir: “Prezident Aparatına, Respublika Prokurorluğuna ünvanladığım ərizələr Təhsil Nazirliyinin kadrlar şöbəsinə göndərilir. Onlar da Südabər İsmayılova ilə əlaqə yaradır və qanuna əsaslanmayan cavablar yazırlar”. Sonda şikayətçi aidiyyəti qurumlardan haqsız yerə, qanunsuz olaraq işdən çıxarılan qızının yenidən işə bərpa edilməsini xahiş etdi. \ bolgexeber \ Məsələ ilə bağlı ittihamlarda adı hallanan tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |