Əsas Səhifə > Güney Press, Araşdırma > "HAFKA" İNDİ DƏ ARDNŞ ŞEFİNƏ QARŞI

"HAFKA" İNDİ DƏ ARDNŞ ŞEFİNƏ QARŞI


14-11-2013, 12:08
"HAFKA" İNDİ DƏ ARDNŞ ŞEFİNƏ QARŞI
"Baghlan Group"un prezidenti, "Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti ola bilər. Bu barədə məlumatlı mənbənin iddiasında deyilir.
Qeyd edək ki, Hafiz Məmmədov Azərbaycan futboluna ciddi sərmayə qoyan şəxslərdən biridir. O, paytaxtın "Bakı" klubunun prezidentidir.
Bundan başqa, son vaxtlar "Hafka"nın "futbol sərmayəsi" ölkədən kənara da sıçrayıb. O, hazırda fransanın köklü futbol klublarından biri olan "Lans"a sponsorluq edir.
Bəzi qaynaqlar Hafiz Məmmədovun futbol aləminə sərmayələrinin səbəbsiz olmadığını və sonucda onun AFFA prezidenti postuna gətirilməsi ilə yekunlaşacağını proqnozlaşdırırlar. Xatırladaq ki, belə iddia heç də yeni deyil. Hələ bu ilin mayında, ölkə KİV-i yazırdı ki, 28 may - Respublika günündə keçirilən Azərbaycan kubokunun final oyununda düşən dava-dalaşdan fürsət kimi istifadə edib AFFA prezidenti Rövnəq Abdullayevi "vurmaq" istəyirlər. Belə ki, bayram günündə SOCAR-ın prezidentinin yaxın qohumu Sadıq Sadıqovun rəhbərlik etdiyi "Neftçi" klubunun mühafizəçilərinin "Xəzər Lənkəran"lı futbolçuları döyməsi Rövnəq Abdullayevin hakimiyyət daxili rəqiblərini hərəkətə keçirib. İddia olunurdu ki, onlar yüksək dairələrdə Rovnəq Abdullayevin AFFA prezidenti kimi işinin öhdəsindən gələ bilməməsi barədə rəy yaratmağa çalışır.
Həmin vaxt Tofiq Bəhramov adına Respublika Stadionunda baş verənlərdən sonra rəqib qruplaşmaların Rövnəq Abdullayevi AFFA-da "Bakı" klubunun sahibi Hafiz Məmmədovla əvəzləmək istədiyi açıq bəyan edilirdi. Məlumata görə, başqa idman növləri ilə müqayisədə futbolun yerində saymasında əsas günahkar kimi hazırki AFFA prezidenti göstərilir. Hafiz Məmmədovun yerli və xarici futbola sərmayələri, xaricdəki məşhur klubların futbolçularının formalarında "Land of Azerbaijan"-nın (Odlar Yurdu Azərbaycan -red.) reklam olunması ölkənin dünyada tanıdılması yönündə atılan ən iri miqyaslı işlərdən biri kimi təqdim edilir, əslində isə bu, daha çox Hafiz Məmmədovun reklamına hesablanıb və onun AFFA prezidenti postuna gətirilməsi yönündə bir addımdır.
Xatırladaq ki, aylar öncə bu iddia Hafiz Məmmədovun özü tərəfindən təkzib edildi və o, jurnalistlərə açıqlamasında AFFA rəhbəri olmaq kimi bir düşüncəsinin varlığını təkzib etdi. O da maraqlıdır ki, elə həmin günlərdə "Hafka"nın sponsoru olduğu "Bakı" klubunun danışılmış oyunlarla məşğul olması barədə FİFA və UEFA tərəfindən AFFA-ya şikayət göndərildi. Şikayətdə "Bakı" klubunun 2011-2012-ci il mövsümündə 3 çempionat oyununda zəif rəqiblərə uduzmasının araşdırılması tələb olunurdu. Qeyd edək ki, sözügedən bu oyunların hər birinə 3 milyon dollar məbləğində proqnoz verilməsi müqabilində 27 milyon dolların udulduğu bildirilirdi. Bu isə xarici bukmeker kontorlarının UEFA və FİFA-ya şikayət etməsinə səbəb olmuşdu.
Amma istisna edilmirdi ki, belə bir xoşagəlməz situasiyanın Hafiz Məmmədovun AFFA prezidentliyinə iddiası ilə eyni vaxta düşməsi heç də təsadüf deyildi. Onun klubu ətrafında belə bir qalmaqal yaşanması "Hafka"nın AFFA prezidentliyinə yolunu qapamaq üçün bir həmlə də sayıla bilərdi.
İndi gələn məlumatlar isə ondan ibarətdir ki, "Baghlan Group"un prezidenti yenidən AFFA prezidenti olmaq iddiasını gizli şəkildə qabartmaq fikrindədir. Maraqlıdır ki, ölkənin idman mətbuatında o, birmənalı olaraq tənqidə məruz qalmır. Digər klublar və klub prezidentlərindən, himayədarlarından fərqli olaraq, Hafiz Məmmədovun adının yalnız müsbət fonda qabardılması təbii ki, diqqətçəkən elementdir və tanınmış iş adamının ölkənin futbol təsərrüfatının başına gətiriləcəyi ilə bağlı proqnozlarda reallaşma ehtimalının yüksək olmasından xəbər verir.
Ancaq açıq qalan bir sual var: kifayət qədər maliyyə ayırmasına baxmayaraq, "Baghlan Group" prezidentinin rəsmi himayəçisi olduğu "Bakı" klubu ötən illər ərzində elədə yadda qalan uğura imza atmayıb. Son bir neçə ildə isə bu klub çempionluğa həsrətdir, Avropa miqyaslı turnirlərdə isə ya iştirak haqqı qazana bilmir, ya da elə ilk turdaca sıradan çıxır. Sual isə ondan ibarətdir ki, rəhbərlik və sponsorluq etdiyi klubu Azərbaycan və Avropa futbolunda ciddi uğurlara qovuşdura bilməyən iş adamı, bütünlükdə ölkə futbolunun irəliləyişi, inkişafı və uğurlarını necə təmin edəcəkdir?!

Geri qayıt