Əsas Səhifə > Cəmiyyət, Manşet > AMERİKANIN BAKIDA GİZLİ «ÇEVRİLİŞ QƏRARGAHI» VAR

AMERİKANIN BAKIDA GİZLİ «ÇEVRİLİŞ QƏRARGAHI» VAR


14-11-2013, 17:06
AMERİKANIN BAKIDA GİZLİ «ÇEVRİLİŞ QƏRARGAHI» VAR
ABŞ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİLƏ BAĞLI ŞOK FAKTLAR

DİA.AZ: - «Azərbaycanda hakimiyyət dəyişikliyi üçün Qərbin bir sıra dairələri maliyyə ayırıbmışlar. Hətta bu məsələ ilə əlaqədar prezident seçkiləri ərəfəsində Amerikadan əvvəlcə İstanbula, sonra isə Bakıya xüsusi emissar da gəlib. Bu emissarın başlıca missiyası Azərbaycanda Qərbin çevriliş planını əlaqələndirmək olub». Bu şok açıqlamanı DİA.AZ-a hökumət içindəki mötəbər mənbə verib.

Mənbə iddia edir ki, builki prezident seçkiləri ərəfəsində ABŞ Bakıda bir sıra qüvvələrlə işbirliyinə gedərək, rəsmi Bakıya qarşı müəyyən addımları maliyyələşdirib: «Hətta bu projedə tanınmış müxalifət simaları ilə yanaşı, bu gün vəzifə başında olan bəzi şəxslər də var. Onlarla bağlı hakimiyyətin yuxarı dairələrində təfsilatı ilə bilgilər olsa da, hələ bu günə qədər tədbir görülməyib».

Mənbə iddia edir ki, Amerika hələ də sözügedən projesindən imtina etməyib və hələ də bu layihə üzərində çalışmalar sürdürülür: «Rəsmi Bakı ilə ABŞ arasında yaranan qalmaqal süni olmayıb. Hər halda, kimsə Amerikanın səmimi demokratiya qaranquşu olmasına inanmır və güvənmir. Yəni bu gün amerikanların Azərbaycan iqtidarının üzərinə «seçkilər saxtalaşdırılıb» deyərək yüyürmələri heç də Azərbaycanın demokratikləşdirilməsi siyasətinin tərkib hissəsi kimi qəbul oluna bilməz. Burada tamam fərqli maraqlar var».

Mənbə bildirir ki, artıq rəsmi Bakının siyasi gedişlərini «özfəaliyyət» kimi qəbul edən Amerika tərəfi müstəqilləşmə prosesinin önlənməsi üçün müxtəlif istiqamətlərdən təzyiq siyasətini yürütməkdədir: «Bu gün Azərbaycan məmurları ilə bağlı məhrəm maliyyə hesabatları Qərbə yaxın dairələr tərəfindən ya Azərbaycan mediasına ötürülür, ya da elə Qərbin nüfuzlu nəşrlərində yerləşdirilir. Bunlar təsadüfi deyil və neçə müddətdir ki, prosesə start verilib».

Əslində Bakı ilə məşhur transmilli korporasiya «bp» arasındakı qalmaqalın da məhz bu prosesə aidiyyatının olduğunu bildirən mənbəmiz vurğulayır ki, necə ki ruslar «LukOYL»un əli ilə Bakıda hakimiyyəti dəyişməli idilər, «bp» də ənənələrinə sadiq qalaraq Qərbin çevriliş arzularını yerinə yetirməli idi. Amma bu alınmadı və bütün bu planlar artıq alt-üst olunmuş səviyyədədir.

Məlumatı verən mənbə həmçinin onu da əlavə edib ki, hazırki Azərbaycan iqtidarı əslində bu seçki dönəmində iki «çevrilişçi qüvvənin arasından qalib çıxıb: «Təsəvvür edin, Rusiyanın bir başqa, ABŞ-ın isə bir başqa çevriliş layihələri işə düşüb. Doğrudur, ruslar daha irəlidə görünürdülər. Amma Qərb də yatmamışdı. Və belə bir şəraitdə rəsmi Bakı öz mövqelərini qorumağı bacardı».

Prezident İlham Əliyevin andiçmə mərasimini də xatırladan mənbəmiz bildirir ki, əslində bir çoxları üçün tələskən, iqtidar yandaşları üçün isə təvazökar görünən inaqurasiya da rəsmi Bakının hansı prosesdən salamat baş çıxarmasının nəticəsi kimi qəbul olunmalıdır: «Təbii ki, İlham Əliyev öz andiçmə mərasiminə hansı dövlət başçısını çağırsaydı, ən azından həmin ölkə təmsilçiliyini təmin edəcəkdi. Amma həmin ərəfədə Rusiya və Qərblə münasibətlərin arzuolunan səviyyədə olmaması hakimiyyəti belə bir addımı atmağa vadar etdi».

Mənbəmiz bildirir ki, İlham Əliyevin belə bir situasiya ilə üzləşməsi isə sırf olaraq Azərbaycanan xarici siyasətdə müstəqil dəst-xətt nümayiş etdirməsinin «fəsadları» kimi qəbul oluna bilər: «Əslində Azərbaycan dövlətçiliyi baxımından mühüm bir dönəm idi və artıq bu əhəmiyyətli mərhələ geridə qalmış kimidir. Düzdür, müəyyən addımların atılması hələ zəruri olaraq qalır. Amma istənilən halda, Azərbaycan iqtidarı buxovları qırmış kimidir.

İllər əvvəl eyni prosesi Türkiyəyə Ərdoğan iqtidarı yaşatdı. Xatırlayırsınızsa, o zaman Türkiyə hakimiyyətini Beynəlxalq Valyuta Fondunun xətti ilə sıxmağa çalışırdılar. Və hətta Türkiyəni BVF-dən borc götürməyə də vadar etmək istəyirdilər. Türkiyə daxilində günü bu gün də müşahidə olunan gərginliklər məhz Ərdoğan iqtidarının müstəqil Türkiyə dəst-xəttini nümayiş etdirmə istəyi qarşısında yaradılan süni maneələrdir.

Amma buna baxmayaraq, Türkiyənin hakim qüvvələri BVF-yə rədd cavabı verərək zamanında Braziliyanın keçdiyi yola üstünlük verdilər. Bu bir faktdır ki, bu gün Braziliya BVF-dən borc götürən yox, BVF-yə borc verən ölkədir.

İndi isə Azərbaycan bu mərhələni adlayır. Və əgər bu proses sonna qədər uğurla davam etdiriləcəksə, o zaman Azərbaycan həm də problemlərinin həllində müstəqil dəst-xətt yürütmə fürsəti əldə etmiş olacaq. Yəni hətta Qarabağ probleminin həlli ilə bağlı da öz siyasətini diqtə edə bilən tərəfə çevriləcək. Hər halda, bu gün hansısa kənar qüvvənin qardaş Türkiyənin PKK problemi ilə bağlı rəsmi Ankaranın başına ağıl qoyması gülünc görünür və zaman yetişə bilər ki, ATƏT-in Minsk Qrupu da rəsmi Bakı üçün gjərəksiz, gülməli böir təşkilata çevrilə bilər».

Məlumatı verən qaynaq iddia edir ki, artıq Bakı ilə münasibətlərini yenidən qaydaya salmış kimi görünməyə çalışan Amerika hələ də öz missiyasını bitirmədiyindən bir növ Bakıda «çevriliş qərargahı»nı saxlamaqdadır: «Diqqət yetirin, Amerikaya aid siyasət adamları, hətta ABŞ-ın Azərbaycandakı səfiri belə bu yerlərin «xozeyni» kimi açıqlama verir. Təbii ki, bu, onların sahiblənmə duyğularının təzahürüdür. Riçard Morninqstarın tənbəlcəsinə «seçkilərə münasibətimizi əvvəlcədən açıqlamışıq və bu münasibətimiz dəyişməz olaraq qalır» deyərək Obamanın İlham Əliyevin qələbəsilə bağlı göndərdiyi təbrik məktubunu kölgəyə alma cəhdləri də əslində ABŞ-Azərbaycan münasibətlərindəki siçan-pişik oyununun davam etməsindən xəbər verir.

Amma artıq vəziyyət kifayət qədər dəyişdiyindən Azərbaycanın Amerika üçün məşhur cizgi filminin qəhrəmanı olan «Cerri» hesab olunmur. Yəni Azərbaycan ABŞ-a yem olmayacaq, ən azından bu rahatlıqla mümkün olmayacaq».

Mənbəmiz «artıq İranla yollarını birləşdirən Amerika üçün Azərbaycana ehtiyac qalmayıb və buna görə də Vaşinqtondan Azərbaycana sərt ismarıclar gəlir» məntiqi ilə də razılaşmadığını bildirdi: «Bu, yanlış bir yanaşmadır. Bu gün Obama ilə Ruhani əgər bir yerdə «lambada» oynasalar belə, ABŞ-İran münasibətləri qaydasına düşmüş hesab olunmayacaq. Aradakı problemlər fundamental olduğundan sözügedən məsələyə ötəri isinişmə açısından yanaşmaq doğru deyil. Xüsusən də, bu isinişmə fonunda Amerikanın Azərbaycana artıq bir lazımsız əşya kimi gənəşdiyini söyləmək isə heç doğru deyil».

Geri qayıt