Əsas Səhifə > Güney Press, Araşdırma > SOCAR-DA KÜTLƏVİ İXTİSAR XƏBƏRİ YAYILDI

SOCAR-DA KÜTLƏVİ İXTİSAR XƏBƏRİ YAYILDI


15-11-2013, 11:40
SOCAR-DA KÜTLƏVİ İXTİSAR XƏBƏRİ YAYILDI
Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov işdən azad olunub. Bu haqda xəbəri Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə paylaşıb. Təşkilat rəhbəri bildirib ki, idarə rəisi işdə buraxdığı səhvlərə görə işdən azad olunub.

DİA.AZ xəbər verir ki, M.Qəhrəmanlı «Bizim Yol»a deyib ki, ilin sonuna kimi, ümumiyyətlə, Sosial İnkişaf İdarəsinin ləğvi gözlənilir. Həmin qurumda departamentləri ilə birgə təqribən 700-800 işçi çalışır: «Düzü, Sosial İnkişaf İdarəsi çoxdan ləğv olunmalı idi. İşsiz qalanların məsuliyyəti isə Dövlət Neft Şirkətinin rəhbərliyinin üzərinə düşür. Şirkətin tərkibində çoxlu sayda lazımsız idarələr fəaliyyət göstərir ki, onlar da son 6-7 ildə yaranıb. Ştat sayları süni şəkildə şişirdilib. Ehtiyac olmayan vəzifələr, idarələr var. İndi audit şirkətləri yoxlayaraq, artıq strukturlar olduğunu bildirib. Neft hasilatı aşağı düşdüyünə görə, bu strukturları saxlamaq, artıq xərc aparır. Ondansa, hasilatı artırmaq üzərində işlər görülsə, peşəkar mütəxəssislər cəlb olunsa, daha effektiv olar».

M.Qəhrəmanlının sözlərinə görə, Sosial İnkişaf İdarəsinin bir neçə departamentinin ləğvi prosesinə start verilib. Bunların arasında mədəni-kütləvi tədbirlər, istirahətin təşkili və təsərrüfat işləri Departamenti ləğv edilib, qurumun 400 işçisi ixtisara düşüb. Epidemologiya və Gigiyena Mərkəzi isə ARDNŞ-ın Ekologiya idarəsinin tərkibinə verilir: «Bu idarə də, əslində, sonradan yaradılıb. Halbuki, SOCAR-in nəzdində ekoloji departamenti və şöbələri, «Ekol» birgə müəssisəsi fəaliyyət göstərir.

400 nəfərlik departamentin yaradılmasına nə ehtiyac var idi? Ancaq qohum-əqrabalarını ora yığmışdılar».

O ki qaldı Sosial İnkişaf İdarəsinin işçilərinin aqibətinə, NHMT-nı sədri deyir ki, onlara xəbərdarlıq edilsə də, əvəzində heç bir iş təklif edilməyib: «Orda işçilərə heç bir iş təklif olunmur. Artıq noyabr ayından xəbərdarlıq edilib ki, əməkhaqının 5 misli həddində pul vəsaiti veriləcək. İşçilərə Əmək Məcəlləsinin 70b maddəsi ilə xəbərdarlıq edilib. Həmin maddəyə görə ştatların və ya işçilərin ixtisarı nəzərdə tutulub. Amma şirkət tərəfindən buna işçilərin ixtisarı adı qoyulmayıb, idarənin ləğv olunduğu deyilir. Vaxtında lazımsız strukturu yaradıb, sonra da insanların hissləri ilə oynayırlar».

M.Qəhrəmanlı əlavə etdi ki, ARDNŞ-in tərkibində olan daha bir neçə strukturun ləğv edilməsinə ehtiyac var: «Onların arasında nəqliyyat və təhlükəsizlk idarələri var ki, çox artıq bir qurumdur. Əslində, SOCAR bu tip şirkətlərlə müqavilə əsasında çalışmalıdır. Necə ki, «bp» təhlükəsizlik şirkətləri ilə müqavilə bağlayır. Hətta qazma idarələri də Dövlət Neft Şirkətinin tərkibində olmamalıdır. ARDNŞ sırf hasilatla məşğul olan quruma çevrilməlidir. Yoxsa həm Səhiyyə Nazirliyinin, həm Təhsil Nazirliyinin işini görür. Əslində, burada Dövlət Neft Şirkətindən də asılı bir məsələ yoxdur. Hökumətin siyasətidir və hökumət də islahatlar aparmalıdır, Dövlət Neft Şirkəti biznes strukturuna çevrilməlidir».

Yeri gəlməşkən, artıq iki ildir ki, ARDNŞ-də ciddi struktur islahatları aparılır. 2011-ci ildə Sosial İnkişaf İdarəsinin tabeliyində olan mənzil-istismar idarələri, təhsil və səhiyyə ocaqları tərkibindən çıxarılaraq təyinatına uyğun qurumlara verildi. Bundan sonra idarənin də ləğv ediləcəyi barədə xəbərlər yayıldı.

İdarədən bu xəbərlərə münasibət öyrənmək mümkün olmadı. Çünki telefon zəngimizi cavablandıran bir xanım hazırda bizə cavab verəcək şəxslərin işdə olmadığını bildirdi.

Geri qayıt