Əsas Səhifə > Sosial, Manşet > BAKILI SAHİBKAR ZİYA MƏMMƏDOVA QARŞI OD PÜSKÜRDÜ

BAKILI SAHİBKAR ZİYA MƏMMƏDOVA QARŞI OD PÜSKÜRDÜ


18-11-2013, 12:14
BAKILI SAHİBKAR ZİYA MƏMMƏDOVA QARŞI OD PÜSKÜRDÜ
«ZİYA MƏMMƏDOVA MÜRACİƏT EDİRƏM, QİYMƏTLƏRİ NİYƏ ENDİRMİRSİNİZ?»

DİA.AZ: - Az əvvəl belə bir məlumat yayıldı ki, Azərbaycan Nəqliyyat Nazirliyinə sahibkarlar tərəfindən ictimai nəqliyyatda gediş haqlarının artırılması təklifi ilə məktublar daxil olur.

Belə ki, bu barədə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov məlumat verib: «Nazirlik də məsələ ilə bağlı Tarif Şurasına bir dəfə müraciət edib. Lakin bu qurum təklifimizi məqbul hesab etməyib. Bununla əlaqədar biz ikinci dəfə gediş haqlarının artırılması ilə bağlı təklif irəli sürməmişik».

N.Həsənov bildirib ki, sahibkarlar Nəqliyyat Nazirliyinə istismar məsrəflərinin artdığını bildirirlər və bununla əlaqədar gediş haqlarının da artırılması təklif olunur: «Onlar həqiqətən də qiymətlərin qalxmasını istəyirlər. Son zamanlar bu məsələ ilə bağlı söz-söhbətlər də gəzir. Hətta maliyyə naziri də çıxışlarının birində bu haqda qeyd edib. Ümumiyyətlə, qiymətlərin qalxması üçün müəyyən əsaslar var. Ancaq bununla bağlı qərar vermək səlahiyyəti Tarif Şurasına aiddir».

Bununla bağlı DİA.AZ-a sahibkarlardan biri olduqca maraqlı açıqlamalar verib və həm də nazir Ziya Məmmədova portalımız vasitəsilə müraciət də ünvanlayıb. Bəri başdan bildirək ki, redaksiyamıza müraciət edən sahibkar məlum səbəblərdən adının açıqlanmamasını da xahiş edib ki, buna əməl edirik.

Beləliklə, Bakı şəhərində sərnişin daşıma xidməti həyata keçirən şirkətlərdən birinin sahibi olan iş adamı redaksiyamızın «siz nazirliyə gedişhaqqının artırılması ilə bağlı müraciət etmisinizmi» sualına belə cavab verib: «Bu, açıq-aşkar nəqliyyat naziri Ziya Məmmədovun yaxasını məsuliyyətdən kənarda tutma cəhdidir. Əgər belə olmasaydı, qosqoca bir nazirlik günahı sahibkarların üzərinə atmazdı. Əgər onlar açıqlama verirlərsə, biz də susmayacağıq».

Bu gün nəqliyyat nazirliyinin qoyduğu şərtlərlə işləməyin, sərnişin daşıma xidmətinin göstərilməsinin olduqca çətin olduğunu bildirən sahibkar bəyan etdi ki, əslində onlar nazirliyə gedişhaqqının artırılmasını başqa bir aspektdə təklif ediblər: «Nazirlik bizdən aylıq haqq alır. Bunu kimsə inkar edə bilməz. İllik haqq ayrı, aylıq haqq ayrı. Və son aylarda bu haqq daha da artırılıb. Bizə deyildi ki, çətinlik prezident seçkilərinə qədərdir. Ziya Məmmədov yenidən nazir kimi təsdiq olunandan sonra qiymətlər aşağı salınacaq.

Biz də səbr etdik. Amma indi görürük ki, nazirlik bizim hüquqlarımızı müdafiə etməkdənsə, bizi dövlətlə üz-üzə qoymağa çalışır. Halbuki biz hər zaman dövlətimizə sədaqətliyik və dövlətimizin qanunları ilə işləmişik. Amma nazirlik elə bir rəy yaratmağa çalışır ki, guya gedişhaqqının artırılması təşəbbüsləri bizdən gəlib. İdeyanı onlar veriblər. Çünki onlar aylıq haqqlarında endirim etmədiklərindən bu yolu çıxış yolu kimi təqdim etdilər.

Yəni bildirdilər ki, əgər vəziyyəti dəyişdirmək istəyirsinizsə, bizə yazılı müraciət edin, biz də bu barədə Nazirlər Kabineti Tarif Şurası qarşısında məsələ qaldıraq. İndi isə bizi günahkar çıxarırlar və sanki biz bu xalqın, dövlətin düşməniyik. Mən buradan cənab Ziya Məmmədova müraciət edirəm: NƏDƏN SİZ QİYMƏTLƏRİ AŞAĞI SALMIRSINIZ? Hər halda, nazirimiz hansı qiymətləri nəzərdə tutduğumu gözəl bilir».

Geri qayıt