Əsas Səhifə > Partiya > ARİF HACILI MÜSAVATÇILARA SƏSLƏNDİ

ARİF HACILI MÜSAVATÇILARA SƏSLƏNDİ


30-01-2012, 16:58
ARİF HACILI MÜSAVATÇILARA SƏSLƏNDİ

“NİZAMNAMƏ DƏYİŞSİN, DƏYİŞMƏSİN” DARTIŞMASI YEKUNLAŞMALIDIR”

Məhbus müsavatçı Arif Hacılı həbsxanadan partiyadaşlarına müraciət edib.

“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir ki, Müsavatın qurultayına qalan vaxt azaldıqca başqan seçkisi ilə bağlı müzakirələr intensivləşir: “Müsavatçılar üçün bir sınaq olacaq bu qurultaya ictimai maraq təbiidir. Görürəm ki, bu müzakirələrdə hələlik daha çox iqtidar nümayəndələri, bizə opponentlik edən siyasi qüvvələrin təmsilçiləri və sabiq müsavatçılar iştirak edirlər. Müsavat Partiyasını quran, gücləndirən, uğurlarını təmin edib çətinliklərinə və əzablarına qatlaşan, partiyanın resurslarını yaradan sizlərin iddiasız olaraq təvazökarlıqla susması və ya fikirlərinizi ifadə etməyə tribuna tapmamağınız partiyanın çağdaş durumu və gələcəyi barədə həm yanlış, həm də ziyanlı təəssürat yaradır.

Qurultaydan sonra Müsavatın zəifləyəcəyini, dağılacağını deyənlər, belə fikirləri tirajlayanlar Müsavat Partiyasına ən azı dost münasibətdə deyil. Səmimi olaraq belə düşündükləri üçün bu fikirləri yayanlarsa yanılır və təkcə yanılmır, həm də Müsavata ziyan vurur. Hesab edirəm ki, dostlarımız nəinki belə fikirlər səsləndirməməli, həm də opponentlərin bu istiqamətdə təbliğatının qarşısını almağa çalışmalıdırlar.

Nizamnamədə dəyişiklik olsa da, olmasa da, İsa bəy başqanlıqdan getsə də, getməsə də, Müsavat zəifləməyəcək, dağılmayacaq. Çünki Müsavat müsavatçılığın müqəddəs prinsipləri əsasında yaradılıb, bu partiyanı sağlam təməl üzərində dövlətimiz və millətimiz üçün həyati vacib olan hədəflərə çatmaq naminə bərpa etmişik, ölkənin əsas siyasi qüvvəsinə çevirmişik və istənilən halda yaxın zamanlarda iqtidara daşıyacağıq!

Sizinlə təmas imkanlarım olmadığı üçün bəzi fikirlərimi bu məktub vasitəsi ilə çatdırmaq istəyirəm. İsa bəy razılaşarsa, nizamnamənin dəyişdirilməsinə və ya hansısa bir yolla onun başqanlıqda qalmasına mən də razıyam. Nizamnamə dəyişilməyəcəksə, başqanlığa namizədliyimi irəli sürməyərək İsa bəy kimi partiyanın sıravi üzvü olaraq qala da bilərəm.

Zamanında hakimiyyətdə olan AXC Ali Məclisinin sədri vəzifəsini Müsavat Partiyasının bərpa edilməsi işində İsa Qəmbərlə və digər dostlarımızla birlikdə olmaq üçün Müsavat bərpa mərkəzində sıravi üzvlüyə dəyişmişəm. Bilirəm ki, siyasətçinin gücünü, təsir imkanlarını yalnız onun hər hansı partiyada tutduğu vəzifə müəyyən etmir.

Bunlar həlledici məsələ deyil. Həlledici məsələ partiyada monolitliyi, partiya üzvləri arasında birliyi qoruyub saxlamaq, partiyanı daha çevik və səmərəli fəaliyyət göstərən, daha güclü təşkilata çevirməkdir. Müsavat Partiyası başqanlığına namizədliyimi bunu partiya və cəmiyyət üçün həyati zəruri hesab etdiyim təqdirdə irəli sürmək niyyətindəyəm. İstərdim ki, bu fikirlərimi açıq qapını sındırmaq istəyənlərə çatdırasınız. Çünki indi mənim belə imkanlarım yoxdur.

Məncə, on ilə yaxın davam edən “nizamnamə dəyişsin, dəyişməsin” dartışması, nəhayət, yekunlaşmalıdır. Müsavatın taleyinin guya bu qərardan asılı olduğu haqda ziyanlı təbliğata son qoyulmalıdır.

Bu mövzunu başqa məqsədlərini pərdələmək, üz-üzə qoyulması mümkün olmayan adamları üz-üzı qoymaq, partiyaiçi qarşıdurma yaratmaq üçün qabardanlar kifayət qədərdir. Buna əmin olmaq üçün iqtidar və bizə dost olmayan mətbuat orqanlarında yer alan açıqlamaları oxumaq kifayətdir.

İndiki qeyri-müəyyən vəziyyət davam etdikcə Müsavata çirkin əllərin və çirkin dillərin uzanması davam edəcək. Daxili məsələlərə həddən artıq vaxt sərf edilməsini hədərə gedən zaman, boşa xərclənən enerji hesab edirəm. İsa Qəmbər həm də bu amilləri nəzərə alaraq partiya qurultayını vaxtından əvvəl, hələ 2009-cu ildə keçirməyi təklif edirdi.

Müsavat Partiyasının bu günü və gələcəyi üçün məsuliyyət daşıyan adamlardan biri kimi Azərbaycan cəmiyyətinin ciddi dəyişikliklər ərəfəsində olduğunu, xalqın bizdən cəmiyyətdə inqilabi dəyişikliklər prosesinə başçılıq edəcəyimizi gözlədiyini nəzərə alaraq, ləngimədən lazımi qərarları qəbul etməyinizi xahiş edirəm.

Sizi bir daha əmin edirəm ki, Azərbaycan dövlətinin mənafelərini naminə mübarizəni istər meydanda, istərsə də həbsxanada, istər partiya başqanı olaraq, istərsə də sıra nəfəri kimi davam etdirəcəyəm”.

Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri, 1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavinidir.

Hazırda Bakıdakı 16 saylı Cəzaçəkmə Müəssisəsində məhbus həyatı yaşayır. Arif Hacılı müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasına görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Arif Hacılı 2003-2005-ci illərdə də həbsdə olub.


Geri qayıt