Əsas Səhifə > Güney Press, Araşdırma > DÜŞMƏNLƏ ÜZ-ÜZƏ OLAN KƏNDLƏRİMİZ ZÜLMƏT İÇİNDƏ

DÜŞMƏNLƏ ÜZ-ÜZƏ OLAN KƏNDLƏRİMİZ ZÜLMƏT İÇİNDƏ


19-11-2013, 10:39
DÜŞMƏNLƏ ÜZ-ÜZƏ OLAN KƏNDLƏRİMİZ ZÜLMƏT İÇİNDƏ
Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizami Sadıqovun qanuna sığmayan əməlləri kəskin həddə çatıb.

Bu barədə redaksiyamıza rayondakı mənbələr tərəfindən məlumat daxil olub. Verilən informasiyaya əsasən, icra başçısı əhalinin güzəranını ağırlaşdıran işlərlə məşğuldur: «Rayon rəhbərinin özbaşına əməllərindən kimə şikayət edəcəyimizi bilmirik. İcra başçısı etiraz səsimizin yuxarılara çatmasına imkan vermir. Onun həyata keçirdiyi maliyyə maxinasiyaları ilə bağlı kifayət qədər fakt mövcuddur.

Amma heç kim qorxusundan bunu açıb-ağarda bilmir. Hər kəs yaxşı başa düşür ki, başçıdan hansısa dövlət orqanına şikayət etsə, təzyiqlə üzləşəcək. Camaatın susqunluğundan istifadə edən Nizami Sadıqov Ağdamı ikinci dəfə işğala məruz qoyub.

O, uzun müddət hüquq-mühafizə orqanları sistemində işləyib. 1990-cı ildən 1992-ci ilə kimi Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində, 1992-2008-ci illərdə Ağdaş, Şabran, İmişli, Masallı və Quba rayonlarında polis rəisi işləyib. 2009-cu ildən etibarən Ağdama rəhbərlik edir. Bu insan polis rəisi işlədiyi dövrlərdə qazandığı «təcrübəni» icra başçısı postunda tətbiq etməyə çalışır. Təəssüf ki, buna nail ola bilir. Onun törətdiyi fəsadlar yerli əhalinin narazılığı ilə qarşılanmaqdadır. Ağdamda bir sıra sahələrdə ciddi problemlər hökm sürməkdədir. İnsanların yetərli hissəsi qaz və işığın normal verilməməsindən əziyyət çəkirlər. Cəbhə xəttində yerləşən kəndlərdə vəziyyət daha ağırdır. Burda yaşayan vətəndaşlar gecəni böyük səksəkə içərisində keçirirlər. Düşmənlə üz-üzə mövqelərdə yerləşən kəndlərdə işıq demək olar ki, yoxdur. Camaat qış aylarında məcbur qalıb meşə sahələrini məhv edir. İcra başçısı rayonda yeni qaz və işıq xətlərinin çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitləri müxtəlif yollarla ələ keçirir. Bu səbəbə görə də nöqsanlar bir-birini əvəz edir».

Mənbə həmçinin deyir ki, keçən ayın sonlarında rayonun Quzanlı qəsəbəsində tanınmış alim Xudu Məmmədovun adını daşıyan parkın açılışı olub: «Parkın tikintisi zamanı kütləvi yeyinti hallarına yol verilib. 3400 kvadratmetr sahəni əhatə edən parkdakı bütün işləri yerli sahibkarlar həyata keçirib. Başçı yuxarı instansiyalara bu işlərin Rayon İcra Hakimiyyətinin büdcəsi hesabına aparıldığını deyib.

Sabiq polis rəisi rayonu ürəyi istəyən formada idarə edir. 2009-cu ildən bu yana Ağdamda boş torpaq sahələri sürətlə azalıb. Nəyə görə? Çünki o, torpaqların hamısını satıb özünə xeyir götürüb. Biz artıq cana doymuşuq. Nizami Sadıqovun qanunsuzluqlarına tab gətirməyə gücümüz qalmayıb. Qəzet vasitəsilə əlaqədar dövlət orqanlarının rəhbərlərindən xahiş edirik ki, Ağdam Rayon İcra Hakimiyyətinin fəaliyyətini yoxlayıb dövlət büdcəsindən ayrılan vəsaitlərin hansı məqsədlər üçün istifadə olunduğunu araşdırsınlar». \ demokratiya.net \

Geri qayıt