Əsas Səhifə > Sosial, Manşet > 32 AİLƏ TƏHLÜKƏ ALTINDA QALIB
32 AİLƏ TƏHLÜKƏ ALTINDA QALIB31-01-2012, 12:46 |
İÇİNDƏ YAŞAYIŞ OLAN BİNANI KRANLA SÖKMƏYƏ BAŞLAYIBLAR DİA.AZ: - Məlumat verdiyimiz kimi, Bakı şəhər İcra Hakimiyyəti Bayraq Meydanına yaxın əraziləri tam təmizləmək üçün sonuncu yaşayış istehkamına hücuma hazırlaşır. Bazar günü inşaatçılar yeganə qalan doqquz mərtəbəli binanın yanına beton qıran aqreqat gətiriblər. Onu hündür kran vasitəsilə binanın damına qaldırmağı planlayırlar. Qeyd edək ki, hədəfdə olan binada hələ 32 ailə yaşayır, onlar qanunla nəzərdə tutulan kompensasiyanı almamış binanı tərk etmək istəmirlər. «Bir kvadrat metr üçün bizə 1500 manat təklif edirlər, amma köçmək və yeni yaşayış yerində yerbəyer olmaq üçün nəzərdə tutulan, mənzilin qiymətinin 30%-i məbləğində kompensasiya barədə danışmırlar», deyə sakinlərdən biri bildirib. İki gün əvvəl isə Bakı meriyasının evlərin sökülməsi üzrə komissiyasının rəhbəri Eldar Yusifov mənzil sahibləri ilə paytaxt hakimiyyəti arasında razılıq ələ etmək üçün görüşə gəlib. «Biz təkliflərimizi çatdırdıq və vəd verdilər ki, bu gün cavab alacağıq”, deyə sakinlər bildiriblər. Xatırladaq ki, Bayraq Meydanının yaxınlığında söküntü işləri ötən il Azərbaycan “Avroviziya”musiqi festivalında qalib gələndən sonra başlanılıb. Qalib ölkə 2012-ci il müsabiqəsinin keçirilməsinə hazırlaşır və 25 min nəfərlik konsert zalının tikintisi üçün Bayraq Meydanı seçilib. Meydan zonasında evlərin uçurulması və ərazinin təmizlənməsi işləri ildırım sürəti ilə çox sayda vətəndaşların özəl mülkiyyət hüququnun pozulması ilə müşayiət edilir. Hakimiyyətin bu hərəkəti ölkədə və xaricdə vətəndaş cəmiyyətinin kəskin tənqid predmeti olub. Dövlətin ehtiyacı adı ilə vətəndaşların mülkiyyətindən məhrum edilməsi və yeni obyektlərin tikintisi adı ilə onların zorla sökülməsi son illər Azərbaycanda normaya çevrilib. Dünən isə fəhlələr Dövlət Bayrağı Meydanının yaxınlığındakı 9 mərtəbəli yaşayış binasının damındakı ruberoid örtüyü sökməyə başlayıblar. Onu da qeyd edək ki, mənzil sahibləri öz evlərini tərk etməyə hazır olduqlarını bildiriblər, bir şərtlə ki, mənzilin qiymətinə əlavə olaraq qanuni 30% kompensasiya verilsin. Hakimiyyət 1 kv. metrə görə 1500 manat ödəməyə hazır olduğunu bəyan edib, lakin köçmə və yeni mənzilin abadlaşdırılması xərclərini ödəmək istəmir. Paytaxtın İcra Hakimiyyətinin nümayəndəsi Eldar Yusifov bu məsələyə cavab veriləcəyini vəd etsə də, cavab olmayıb. Eyni zamanda damın sökülməsinə başlanılıb. Hər halda, bu gün özünü dünyaya sivil hökumat kimi təqdim edən və “Avroviziya” yarışması kimi bir mühüm tədbirə qucaq açan rəsmi Bakının bu hərəkətlərinin nə demokratikliyə, nə də insanlığaaidiyyatı yoxdur. Mövzu diqqətimizdədir... Geri qayıt |