Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İRAN DA ÖZ “FACEBOOK”UNU YARADIR

İRAN DA ÖZ “FACEBOOK”UNU YARADIR


31-01-2012, 13:49
İRAN DA ÖZ “FACEBOOK”UNU YARADIR

MOLLA REJİMİ GƏNCLƏRİNİ NƏZARƏTDƏ SAXLAMAQ NİYYƏTİNDƏDİR

Qərb dəyərlərini qəbul etməyən İran eyni zamanda Qərbin nailiyyətindən istifadə etməkdən çəkinmir. Belə ki, ötən gün Tehranda başa çatmış “Gənclik və islami oyanış” adlı beynəlxalq konfransda regionda və ümumilikdə dünyada baş verən hadisələrə islam gənclərinin təsiri və rolunun gücləndirilməsi, “beynəlxalq sionizm və imperializmin fitnələrinin dəf olunması” üçün addımların atılması haqqında danışılıb. Bu barədə Turan-ın xüsusi müxbiri məlumat verib.

Əsasən aşağıdakılar nəzərdə tutulur:

- gənc müsəlmanların ünsiyyəti üçün virtual sosial şəbəkənin yaradılması;

- təşkilatın veb-saytının yaradılması;

- Koordinasiya Şurasının yaradılması;

- beynəlxalq proseslərin araşdırılması üzrə Strateji Mərkəzin yaradılması;

- peyk telekanalının buraxılması.

Bu qurumlar yeni İslami Oyanış Hərəkatı yanında yaradılacaq və məlum məsələdir ki, onlara rəsmi Tehran sponsorluq və nəzarət edəcək.

Yeni “islam holdinqi”nin hansı ideyaları təbliğ edəcəyini başa düşmək çətin deyil. Maraqlıdır ki, bütün bunlar İranın mənfur hesab etdiyi qərb demokratiyasının alətləridir. Qərbi tənqid edən və lənətləyən Tehran öz ideyalarının təbliği üçün “şeytan” alətlərindən istifadə etməkdən çəkinmir.

Konfransdakı çıxışlardan belə məlum olur ki, İran ölkədə hadisələrin “ərəb baharı” ssenarisi üzrə mümkün inkişafının qarşısını almağa və ya bu hadisələri əvvəldən nəzarətə götürərək onları qabaqlamağa cəhd göstərir.

Xatırladaq ki, konfransda Azərbaycan da daxil olmaqla, onlarla islam ölkəsindən nümayəndələr iştirak ediblər.

Konfransı İranın ali lideri Əli Xamneyinin administrasiyası təşkil edib.


Geri qayıt