Əsas Səhifə > Araşdırma > HÖKUMƏTİN KİBERCİNAYƏTLƏRƏ QARŞI PLANI

HÖKUMƏTİN KİBERCİNAYƏTLƏRƏ QARŞI PLANI


31-01-2012, 14:42
HÖKUMƏTİN KİBERCİNAYƏTLƏRƏ QARŞI PLANI

RİTN İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ MƏRKƏZİ YARADIR

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası ilə məşğul olan strukturların lisenziyalaşdırılması məsələsini nəzərdən keçirir.

Nazirlik etiraf edir ki, informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi hazırda aktualdır və Azərbaycanda bu sahədə hələlik müəyyən boşluqlar mövcüddur. Bununla bağlı, həmçinin ölkənin Avropa Şurasının "Kibercinayətkarlıq haqqında" konvensiyaya qoşulması ilə bağlı Nazirlər Kabineti RİTN-ə tapşırıb ki, "Elektron Azərbaycan" proqramı çərçivəsində Milli İnformasiya Təhlükəsizliyi Mərkəzi (MİTM) yaratsın. Mərkəz 2012-ci ildə yaradılmalıdır.

Mərkəz kompüter təhlükələrinin qarşısının alınması üçün mövcud informasiya sistemlərinə müdaxilələr barədə məlumatlar toplayacaq, yarana biləcək fəsadların aradan qaldırılması üçün tövsiyələr hazırlayacaq, yardım göstərilməsi üçün öz xidmətlərini təklif edəcək.

RİTN mərkəzin yaradılması üçün normativ hüquqi baza yaradacaq, təşkilati və texniki məsələləri həll edəcək.

Avropa, ABŞ, Rusiya ilə müqayisədə Azərbaycanda kibercinayətkarlıq zəifdir. Amma ölkə onunla üzləşib. 2009-cu ilin mayında MTN vətəndaşların bank hesablarından pul oğurlayan 15 nəfərlik transmilli qrupu zərərsizləşdirdi. AZAL-ın (www.azal.az) saytını dağıdan cinayətkarlar elektron bilet satışı həyata keçirirdi. Şirkətə 100 min manat ziyan vurulmuşdu.

2009-cu ilin avqustunda MTN transmilli qrupu yaxaladı. Onlar ABŞ, Kanada, BƏƏ, Almaniya, İsveçrə banklarının kredit kartlarının kod və nömrələrini əldə edib onların hesabından pulu Azərbaycana göndərirdi. Bu yolla 300 min manat köçürülüb.

Elə bu vaxtlar Aviation Week (ABŞ) nəşri məqalə dərc edib Rusiya hakerlərini BTC boru kəmərinin serverinə hücumda günahlandırdı. Nəticədə serverin işi dayandırılmış, konsorsium neftini Bakı-Novorossiysk kəməri ilə göndərmişdi.

16 yanvarda Azərbaycan saytları İran və Niderland ərazisindən "AzerianCyberArmy" qrupunun hücumuna məruz qaldı. RİTN-in saytı rabita.az, Konstitusiya Məhkəməsinin saytı constcourt.gov.az, Trend-in trend.az saytı; azermarka.az; vet.edu.gov.az, DİN-in din.gov.az; mia.gov.az. saytı dağıdıldı.

Bunlar cəmiyyətin biliyi faktlardır, kibercinayətkarların işinin çoxu gizli qalır.


Geri qayıt