Əsas Səhifə > Güney Press, Araşdırma > SƏLİM MÜSLÜMOVUN ADAMLARI NARAZILIQ YARADIR
SƏLİM MÜSLÜMOVUN ADAMLARI NARAZILIQ YARADIR21-11-2013, 14:09 |
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə bağlı zaman-zaman şikayətlər səslənib. Füzuli Ələkbərovdan yadigar qalan şikayətlər deyəsən, yeni nazir Səlim Müslümovun dövründə də davam etdirilir. Əgər belə olmasaydı, Tibbi Sosial Ekspert Komissiyaları (TSEK) ilə bağlı vətəndaş narazılıqları aktual olaraq qalmazdı. Sabiq nazir Füzuli Ələkbərovun rəhbərliyi dövründə bir çox TSEK sədrlərinin fəaliyyətlərində yol verdikləri qanunsuzluqlara görə məsuliyyətə cəlb olunması, barələrində cinayət işinin açılmasının şahidi olmuşuq. Belə TSEK sədrlərindən biri də Vahid Gülmalıyev idi ki, bu şəxs rəhbərilk etdiyi 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasında rüşvətxorluğa görə həbs edildi. Əlbəttə bir vəzifə sahibinin həbs edilməsi və yerinə başqa bir məmurun təyin olunması vətəndaşlarda ümid yaradır ki, bəlkə bu vaxta kimi olan problemlər, qanunsuzluqlar aradan qalxar. Amma yeni təyin olunan vəzifə sahibi sələfindən geri qalmayanda onda haqlı narazılıqlar kəllə-çarxa çıxır. Tia.az-a yazılı şəkildə müraciət edən Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbə massiv 2, keçid 5, ev 33-də yaşayan Safura Tağıyeva 11 saylı Tibbi Sosial Ekspert Kommissiyasından şikayətçidir. Vətəndaş bildirir ki, qızı Abbasova Gülnurə Rəfail qızı ağır xəstədir. Səhhəti ilə əlaqədar yataqdan qalxa bilmir. Gülnurə Abbasova 2002-cil ildə övladını dünyaya gətirəndən sonra ayaqları tutulub. O vaxtdan etibarən Gülnurə Abbasova övladı ilə birgə anasının himayəsində qalıb. Səfura Tağıyeva məktubunda bildirir ki, qızımın ayaqlarının tutulması ilə bağlı olaraq əlaqədar qurumlar indiyə qədər qızım və mənim haqqımda tək ana kimi maraqlanmayıb və şikəst qızımın gələcək taleyini həll etməyib. Səfurə Tağıyeva Azərbaycan Respublikası əmək və əhalinin sosial müfafiəsi nazirinə, Azərbaycan Respublikasının Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevaya, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Surxay oğlu Mikayılova dəfələrlə qızının durumu barədə müraciət etdiyini bildirdi. Qızının tezliklə ayağa qalxmasına yardım etməyi və I qrup əlillik dərəcəsinin verilməsini xahiş edib. Lakin bu müraciətlərin heç bir nəticəsi olmayıb. Uzun illər 11 saylı TSEK sədri Gülnurə Abbasovaya saxta arayış verərək II qrup təyin edib. Bundan başqa Abbasova oğlu və anası ilə birgə dayılarının evində yaşayır. Onu heç bir mənzillə təmin etməyiblər. Tağıyeva qızı Gülnurə Abbasovaya birinci dərəcə əlillik müəyyən edilməsi barədə Respublika Tibbi-Sosial Ekspertiza mərkəzinin direktoru Hüseyn Tahirova müraciət edib. Mərkəz direktoru məsələnin araşdırılması, nəticəsi barədə ərizəçiyə və Nazirliyə cavab verilməsini xahiş etmişdi. Lakin Tahirovun xahişi də yerinə yetirilməmiş qalıb. Hazırda Səfurə Tağıyeva "Gündəlik Bakı” qəzeti vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilir ki, qızının neçənci qrup olmasını müəyyən etmək üçün Qaradağ rayonu 11 saylı TSEK-dən səyyar tibbi ekspert göndərməsini xahiş edib. Lakin bu məsələ də həllini tapmır. Artıq Qaradağ rayonunda hamı bilir ki, əlillik dərəcəsi almaq üçün hökmən nə isə verməlisən. Tələb olunan ünvanına çatmadıqda isə əlillik dərəcəsinin verilməsi prosesi həyata keçirilmir. Bütün bunlar onu göstərir ki, həqiqi əlillər qalıb kənarda, saxta yollarla əlillik vəsiqəsi qazananlar dövlətdən müavinət və başqa imtiyazlar alırlar. Bu isə onu deməyə əsas verir ki, Qaradağ rayonunda özbaşınalıq, qanunsuzluq hökm sürür. Ümumiyyətlə, Qaradağ TSEK-in qanunsuz fəaliyyəti rayon camaatını cana gətirib. 11 saylı TSEK sədri əksər hallarda əmək qabiliyyətini itirən şəxs barəsində əlillik dərəcəsini təyin etməkdən boyun qaçırır. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Tağıyeva Səfurə müraciətində ölkə başçısından xahiş edir ki, 11 saylı TSEK-sədrinin qanunsuz fəaliyyəti araşdırılsın və bu məsələyə hüquqi qiymət verilsin: "11 saylı TSEK-in qanunsuz hərəkətləri ucbatından qızım, nəvəm və mən hələ də əziyyət çəkirik. Xahiş edirik bu məsələnin həlli üçün müvafiq göstərişlərinizi verəsiniz”. Geri qayıt |