Əsas Səhifə > Cəmiyyət, Manşet > AZƏRBAYCAN QARABAĞI KİMİN ƏLİNDƏN ALACAQ?
AZƏRBAYCAN QARABAĞI KİMİN ƏLİNDƏN ALACAQ?21-11-2013, 15:13 |
DÜŞMƏN ERMƏNİSTANIN ƏLİNDƏKİ HƏRBİ İMKANLAR DİA.AZ: - Az əvvəl məlum oldu ki, Ermənistan Müdafiə nazirliyi "Erebuninin" hərbi aeroportuna aid olan əraziləri Rusiyanın 102-ci hərbi bazasına vermək qərarına gəlib. Məlumata görə, bunu Ermənistanın müdafiə nazirinin müavini Ara Nazaryan, hökumətin keçirilən iclasında deyib. Bununla bağlı hazırladıqları layihəni hökumətin müzakirəsinə təqdim etdiyini bildirən A.Nazaryan, qeyd edib ki, aedromun helikopter eskadrilyası üçün dayanacaq yeri, inzibati-iqtisadi binalar və yanacaq-sürtkü materialları saxlanılan anbarlar üçün ərazilər Rusiya ordusuna veriləcək. Onun sözlərinə görə, qətnamə Ermənistan-Rusiya hökümətlərarası komissiyasının 8-ci iclasının protokolu çərçivəsində qəbul edilib. Onu da bildirək ki, artıq Ermənistanla Rusiyanın ortaq hava hücumundan müdafiə sistemi yaratma barədə də anlaşması mövcuddur. Bu isə o deməkdir ki, Azərbaycan torpaqlarının 20 fazini işğal altında saxlayan Ermənistana qarşı ölkəmizin hər hansı hərbi müdaxiləsi zamanı təkcə düşmən tərəfdən yox, həm də Rusiyadan reaksiya gözləmək zorunda qalacağıq. Əslində bütün bunların Azərbaycana qarşı, Azərbaycanın son günlər daha da populyarlaşan niyyətinə qarşı olduğu aşkar surətdə görünməkdədir. Söhbət Bakının sülh danışıqlarından problemin hərbi yolla həllinə meyillənməsindən və bu yöndə real addımlara start verməsindən gedir. DİA.AZ-ın hökumət içindəki mötəbər mənbələrdən əldə etdiyi informasiyalar da təsdiqləyir ki, artıq Azərbaycan həm Rusiyaya və həm də Qarabağ problemi üzərində alverini aparan digər güclərə öz mövqeyini dəqiq şəkildə ifadə edib. Və hətta mənbəmiz iddia edir ki, Azərbaycan onlara problemin həlli istiqamətində real addımların atılması üçün konkret vaxt da verib. Və Bakının bu gedişləri Rusiya tərəfindən müharibə tədarükü kimi dəyərləndirildiyindən Kreml də erməniləri hərbi himayəsinə götürmə qərarını verib. Amma burada bir məqam unudulur ki, bu məqamı da Zakir Həsənovun təkrarən Azərbaycan ordusuna qaytardığı, yəni həm də təkrarən Azərbaycana qazandırdığı general Vasyak ifadə etmişdi. Mətbuata verdiyi açıqlamasında Rusiya ordusunun Ermənistandakı nümayəndəsinin Azərbaycana ünvanladığı hədəyə reaksiya verən Vasyak bildirmişdi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan heç bir Rusiya-Ermənistan anlaşmasına şamil oluna bilməz. Yəni Azərbaycanın Qarabağda hərbi əməliyyatları bərpa etməsi Azərbaycanın Ermənistana qarşı hərbi təcavüzü kimi dəyərləndirilmir. Təbii ki, bütün bunlar yalnız və yalnız Azərbaycanın yanında olan məntiqdir. Realda isə vəziyyət tamam fərqlidir və bu gün Rusiya Ermənistanı silahlandırmaqla, Ermənistanın hərbi müqavimətini artırmaqla məşğuldur. Eyni zamanda Ermənistandakı qoşunlarının da sayını və keyfiyyətini artırmaqdadır. Bütün bunların Bakıya qarşı olduğu isə faktdır. Biz də yer gəldiyindən Ermənistanın hərbi qüdrəti ilə bağlı müəyyən araşdırma apardıq və əlimizdə olan bilgiləri diqqətinizə təqdim edirik. Hər halda, torpağımızı işğal edən düşmənin hərbi imkanlarını bilməliyik. Ermənilərin əsgəri gücü... DİA.AZ bildirir ki, Ermənistan 60 min əsgərə və 32 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. Orduda həqiqi hərbi xidmət üçün yaş senzi 18-27 yaş, total səfərbərlik dövrü hərbi xidmətə çağırış üçün yaş senzi 16-49 yaşdır. Ermənistanda 16-49 yaşlı, səfərbərliyə cəlb oluna biləcək kişilərin sayı 637 776 nəfər, qadınların isə 729 846 nəfərdir. Ermənistanda Silahlı Qüvvələr aktiv və ehtiyat qüvvələrə bölünür. Sülhün qorunması və müdafiəyə bilavasitə cavabdehlik daşıyan aktiv qüvvələr öz növbəsində açılan qüvvələr, təcili reaksiya qüvvələri və əsas müdafiə qüvvələrinə bölünür. Ehtiyat qüvvələr isə komplektləşdirmə və ərazi müdafiə qüvvələrindən ibarətdir. İldə iki dəfə orduya çağırış olsa da Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ilin payızından bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Əvvəllər hər çağırışda 15-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 11-12 min nəfərə düşüb. Çağırışçı çatışmazlığı səbəbindən Qarabağda və Azərbaycanla həmsərhəd ərazilərdə mülki əhali də döyüş mövqelərində keşik çəkməyə göndərilir. Cəbhəyanı kəndlərin sakinlərinə silah paylanıb və onlar ayda 60 dollara, 15 gün üçün posta çıxırlar. Məlumatlara görə, işğal olunmuş Azərbaycan ərazilərində ermənistanlı çağırışçılarla yanaşı, 3200 muzdlu da xidmət edir. Xaricdəki erməni diasporunun xətti ilə maliyyələşən muzdlu əsgərin hər birinə ayda 300 ABŞ dolları məvacib verilir. Xaricdəki diaspor tərəfindən maliyyələşdirilən bu muzdluları erməni hərbi ekspertlər özləri də qüvvə hesab etmirlər. Onların fikrincə, savaş başlayacağı təqdirdə muzdlular daha çox pula Azərbaycanın tərəfinə keçə bilərlər. Hərbi mənbələrin məlumatına görə, Ermənistan və Dağlıq Qarabağ separatçılarının Azərbaycanın işğal altındakı ərazilərində saxlanılan hərbi qüvvələrinin sayı 25 min nəfərdir (ştat cədvəli üzrə. Əslində bu rəqəmin 18.000 - 20.000 nəfər olması güman edilir). Bu qüvvələr 3 ordu korpusunda cəmləşdirilib. Əsas təhlükəni Azərbaycandan “Dağlıq Qarabağ Respublikası” istiqamətindən gözləyən ermənilər arsenalının 3/4-nü bu istiqamətdə cəmləşdirdiklərini bəyan edirlər. Düşmən üstümüzə hansı texnika ilə gələcək?.. Ermənistan Silahlı Qüvvələri Qarabağdakı hərbi birləşmələrsiz 3 ədəd T-54, 5 ədəd T-55 və 160 ədəd T-72 tankı, 10 ədəd BMD-1, 80 ədəd BRDM-2, 869 ədəd BMP-1, 98 ədəd BMP-2, 25 ədəd BTR-60, 228 ədəd BTR-70, 50 ədəd BTR-80, 145 ədəd zirehli rabitə maşınına, 50 ədəd BM-21 «Qrad» və Ural maşınlarının bazasında 9A51 «Prima» reaktiv yaylım atəş sisteminə, «Akatsiya» 2S3, «Qvozdika» 2S1, 90 ədəd D-30, habelə Çin istehsalı olan açıqlanmayan sayda WM-80 artilleriya sistemlərinə, 152 mm çaplı M1955 və 2A36, 29 ədəd T-12 tank əleyhinə topa malikdir. Qeyd edək ki, Qarabağ separatçıları Avropada Adi Silahlar Haqqında Cinah Sazişini tanımır və onlar bu sazişə məcbur edilmirlər. Dağlıq Qarabağdakı hərbi birləşmələr (bunlar Qarabağ separatçılarının balansında olduğundan tərkibi açıqlanmır) isə 316 tank, 324 zirehli personal daşıyıcı, 44 ədəd reaktiv yaylım atəş sistemi, 322 ədəd 122 və daha böyük çaplı artilleriya qurğularına malikdir. Ermənistan Silahlı Qüvvələri şəxsi heyəti «Vahan» avtomatı, K-3 hücum tüfəngi (xüsusi təyinatlı qüvvələrin arsenalındadır), AK-47, AK-74, AKS-74U, PK pulemyotu, NSV (avtomat), SVD və «Zastava M93» snayperi, RPG-7 əl qumbaraatanı kimi yüngül silahlarla silahlanıb. Havadan necə hücum edəcəklər? Ermənistan Hərbi Hava Qüvvələri (HHQ) Cənubi Qafqaz regionunda ən zəif aviasiya hesab olunur. HHQ-nin inventarına 15 ədəd Su-25 hücum təyyarəsi, bir ədəd MiQ-25PD və 2 ədəd İl-76 hərbi yük təyyarəsinin daxil olduğu bildirilir. Ermənistan hava məkanının qorunmasında bununla yanaşı, 12 ədəd Mi-24 helikopteri və Gümrüdəki 102-ci hərbi bazadakı Rusiyanın 18 ədəd MiQ-29-a bel bağlayır. BMT-yə təqdim olunmuş məlumata görə, Ermənistan 2005-ci ilin sentyabr ayında Slovakiyadan 10 ədəd Su-25 hücum təyyarəsi əldə edib. Bəzi məlumatlara görə bunun 3 və ya 4-ü Su-27 olub. Amma maraqlısı odur ki, heç Sovetlər Birliyi dönəmində də SSRİ havaya qalxması və manevrləri üçün şəraitin olmaması səbəbindən Cənubi Qafqazda Su-27 saxlamayıb. Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanda relyef Su-27-lərin havalanması üçün əlverişli deyil. Ermənistan hərbi aviasiyası 4 bölmədən ibarətdir: Gümrüdəki 121-ci əsas Hücum Aviasiyası Eskadronu, 15-ci Qarışıq Aviasiya alayı (Gümrü), mürəkkəb helikopter eskadronu (İrəvan) və 60-cı Aviasiya Təlim eskadronu (Arzni). Rusiyaya məxsus 18 ədəd MiQ-29 isə Erebuni aeroportundakı 3624 saylı aviabazada saxlanılır. Şəxsi heyəti 3 min nəfər təşkil edən Ermənistan HHQ-nin pilotları aviasiya üzrə ali məktəbi bitirmiş şəxslərdən 3-15 illik müqavilə əsasında komplektləşdirilir. Pilotlar və texniki personal İrəvanda Hərbi Aviasiya İnstitutunda kurslar keçirlər. Namizədlər Yak 52-də 80 saat təlim uçuşları, L-39-da isə 60 saat uçuş keçirdikdən sonra orduda onlara təyyarə həvalə olunur. Helikopter pilotları isə HHQ-nin inventarındakı 2 ədəd Mi-2 vasitəsi ilə öyrədilir. Hərbi aviasiyası çox zəif olsa da Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarını (HHMQ) atəşkəs dövründə yeni silahlar hesabına daha da gücləndirməyə çalışıb. Hazırda Ermənistan HHMQ zenit reaktiv briqadasından və iki alaydan ibarətdir. Hansı ki bu alaylar müxtəlif modelli 100 zenit kompleksi ilə silahlanıb. Bunların sırasında Osa M79-u, Kruq, S-125 və 102-ci bazada yerləşdirilmiş səkkiz buraxılış qurğusunda olmaqla 24 ədəd S-300 zenit raketi daxildir. Hazırda HHMQ-də 3 min nəfər xidmət edir. Ermənistan Hava Hücumundan Müdafiə Qoşunları ən azı 3 divizion S-300PT-1 malikdir ki, onlarında hər biri 12 buraxma qurğusundan ibarətdir. Başqa bir məlumatda görə 1 divizion da S-300PТ-1 işğal olunmuş Dağlıq Qarabağda yerləşdirilib. Ermənistan HHQ-yə aşağıdakı zenit-raket kompleksləri daxildir: S-300 raketləri, «Scud B» ballastik raketləri, «Krug 2K11» yer-hava raketləri, Osa (SA 9K33) qısa məsafəli taktiki yer-hava raket sistemi, «Strela 9K35», «S-125 Neva/Pechora» yer-hava raketləri, «Strela 9K32» yer-hava raket sistemi, ZSU-23, ZU-23, ZU-23M özüyeriyən zenit sistemi, P-40, P-15 və P-12 radarları. Müharibədən başqa yol - MÜHARİBƏDİR Təbii ki, Azərbaycan Qarabağ uğrunda təkcə bu sadaladığımız silahlara, hərbi potensiala qarşı vuruşmayacaq. Həm rəsmi şəkildə gizlədilən silahları və həm də Rusiyanın verə biləcəyi mümkün dəstəyi analiz etdikdə görərik ki, Azərbaycan üçün müharibə o qədər də ucuz başa gəlməyəcək. Amma əsas olanı təbii ki, Azərbaycanın niyyəti və Azərbaycan xalqının, dövlətinin bu niyyətdə göstərəcəyi əzmkarlıqdır. Yəni nələrə mail olmasına rəğmən bu gün Qarabağın işğaldan azad edilməsi Azərbaycan üçün həyati anlam daşıyır. Bunun bu gün Azərbaycanda hər kəs fərqindədir. Həm siyasi dairələr və həm də siyasiləşməmiş vətəndaşlırımız. Siyasətdən anlayışı olmayanlarımız belə bilirlər, bütün varlıqları ilə hiss edirlər ki, millət və dövlət olaraq bir savaş üstündə köklənmişik. Və Azərbaycan dövlətinin son illər ərzində aldığı silahlar yetərlidir ki, nəinki Ermənistan ordusunu və hətta ona dəstək verəcək rus ordusunu öz torpaqlarımız içində darmadağın edək. Bizim kiminsə torpağında gözümüz yoxdur və olmayıb. Və biz öz torpaqlarımızı geri qaytarmağa məhkumuq. Əks halda, bunu bizim əvəzimizdən övladlarımız etmək zorunda qalacaq. Bizə atalarımız belə bir mirası qoyub. Rəvadırmı ki, biz də bu ayıb olan mirası övladlarımıza qoyaq? Yəni onlara - öz övladlarımıza bu qədərmi nifrət edirik?!! Geri qayıt |