Əsas Səhifə > Cəmiyyət, Manşet > PARLAMENTDƏ BOŞ QALAN DEPUTAT YERLƏRİNİN AQİBƏTİ

PARLAMENTDƏ BOŞ QALAN DEPUTAT YERLƏRİNİN AQİBƏTİ


21-11-2013, 16:11
PARLAMENTDƏ BOŞ QALAN DEPUTAT YERLƏRİNİN AQİBƏTİ
İNDİDƏN İDDİALILAR VAR

DİA.AZ: - Milli Məclisdə boş qalan deputat yerləri ilə bağlı hökumət daxilində müzakirələr aparılıb. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin videoittihamlarının ardından 34 saylı Xətai 2-ci seçki dairəsindən deputat seçilmiş sabiq YAP üzvü Gülər Əhmədova həbs olunması ərəfəsində keçən ilin oktyabr ayının 3-də MSK tərəfindən ona verilən mandat ləğv edildi. Bu ilin 7 mart tarixində 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilmiş Hikmət Atayevin ağır yol qəzası nəticəsində dünyasını dəyişməsi səbəbindən, onun da deputat yeri boş qalıb.

Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, hər iki deputat yeri ilə bağlı gələn il seçki keçirilə bilər: «Doğrudur, həmin dairələrdən seçiləcək deputatların yalnız bir illik fəaliyyət müddəti olacaq. Amma bu seçkilərdə qazanmaq növbəti seçki ili üçün ciddi önəm daşıdığından, indidən yetərincə iddialı öz ambisiyasını ortaya qoyub ki, onların arasında sabiq millət vəkilləri də var».

Mənbəmiz iddia edir ki, 34 saylı Xətai 2-ci seçki dairəsi və 110 saylı Zaqatala seçki dairəsi üzrə deputat seçkiləri gələn il keçirilməsi gözlənilən bələdiyyə seçkiləri ilə eyni gündə keçirilə bilər: «Yəni ola bilsin ki, həmin dairədə seçicilər bələdiyyə üzvləri ilə yanaşı, həm də deputatlarını seçsinlər».

Geri qayıt