Əsas Səhifə > Güney Press, Araşdırma > "KÖHNƏ TƏHSİL SİSTEMİNİ RƏNDƏLƏMƏK LAZIMDIR"

"KÖHNƏ TƏHSİL SİSTEMİNİ RƏNDƏLƏMƏK LAZIMDIR"


22-11-2013, 11:36
"KÖHNƏ TƏHSİL SİSTEMİNİ RƏNDƏLƏMƏK LAZIMDIR"
Tanınmış təhsil eksperti, Milli Məclisin Təhsil Komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov Moderator.az saytına müsahibə verib, onu təqdim edirik:
Şahlar müəllim, AR prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də imzaladığı sərəncamla təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul olundu. Strategiya ilə bağlı Sizin düşüncələrəinizi bilmək maraqlı olardı.
Dövlət Strategiyası təhsil sistemini ictimayyətin diqqət mərkəzinə çəkib. Strategiya hədəfləri müəyyənləşdirib. Strategiyasının varlığı təhsil sistemimizə bir daha açıq gözlə baxmağa, köhnə təhsil sistemini obrazlı desək, “rəndə”ləməyə, cilalamağa şərait yaradır. Bu bir fürsətdir, bundan səmərəli istifadə etmək lazımdır. Sənəddə vacib məsələlər çoxdur. Orta təhsilin 12 illik olması, məcburi təhsilin 10 illik olması, ömür boyu təhsil,təhsilin dayanıqlığı və digər məsələləri mühümdür. Maraqlı cəhətlərdən biri təhsildə keyfiyyətlə əmək haqqı arasında asılılıqdır, yəni nəticələrə görə cavabdehlik məsələləri var və bu çox mühüm amildir.
Siz 12-illik təhsilə keçidə necə baxırsınız?
Bu, çox gözəl ideyadır. 11 illik təhsillə müqayisədə 12 illik təhsil daha yaxşıdır. Dövlət öz gənclərinin orta təhsil yükünü nə qədər öz boynuna çəkirsə, bu ölkə üçün bir o qədər baş ucalığıdır. Yaşadığımız era elmə, biliyə söykənən eradır. Ona görə ki, elmdə, xüsusən informasiya texnologiyaları sahəsində çox böyük yeniliklər var. Bu və digər elmi nailiyyətləri, böyük dəyişiklikləri 11 ildə tədris etmək mümkün deyil. Bu səbəbdən də 12-illik sistemə keçidə ehtiyc var. Bunu alqışlamaq lazımdır.
Açığını deyim ki, 7-8 il bundan əvvəl mən bu məsələnin əleyhinə idim. O zaman 12 illik təhsil sistemi üçün canfəşanlıq edənlərin niyyətlərində əlavə müəllim kadrların işə götürülməsi dururdu. Ortada maddi maraq var idi. Ancaq o zaman sinif və məktəb qıtlığı var idi. Məktəblərdə iki, üç növbə ilə dərs keçirilirdi. Belə olan halda 11sinif şagirdlərinə bir il əlavə təhsil vermək təqribən 4000 yeni sinif demək idi. Mən bu səbəbdən bu təklifin əleyhinə çıxırdım. Ancaq indi Azərbaycan xeyli inkişaf edib, 2500-dən çox məktəb tikilib. Maddi-texniki təminat əvvəlki illərə nisbətən müqayisəolunmayacaq dərəcədə yüksəkdir. Əgər ÜDM imkan verərsə, düşünürəm ki, bu keçid uğurlu olar.
Əsgərlik məsələsi də vacib məsələlərdəndir.
Bir çox məsələlərə təzədən baxılmalıdır, o cümlədən də əsgərlik məsələsinə. Mən təklif edərdim ki, təhsil trayektoriyasinı qırmamaq xətrinə gənclər orta məktəbdən sonra əsgərliyə getsinlir. Digər məsələ, ali məktəbdə niyə xarici dil öyrədilsin? Bu məsələni tamamilə orta məktəbdə nizamlamaq olmazmı?
Bəzən məmurlar öz təkliflərini arqumnetləşdirmək üçün xarici dövlətlərə istinad edirlər ki, filan dövlətdə bu məsələ bu cür həll edilir. Biz nə vaxtadək ordan-burdan nümunə götürəcəyik?

Azərbaycanın təbii ki, öz yanaşma tərzi olmalıdır, eyni zamanda bizi hər dövlətlə müqayisə etmək,məncə düzgün deyil. Qlobal parametrlərinə görə dövlətlər üç qrupa bölünürlər. Birinci qrup dövlətlər çox inkişaf etmiş dövlətlərdir. Bu qrupa təqribən 25-30 dövlət daxildir. İkinci qrup dövlətlər inkişaf etməkdə olan dövlətlərdir.Bu qrupa təqribən 65-70 dövlət daxildir. Üçüncü qrup dövlətlər zəif inkişaf etmiş dövlətlərdir. Bu qrupa da təqribən 80 ölkə daxildir. Hər qrupa daxil olan ölkələri öz qrupları daxilində bir biri ilə müqayisə etmək düzdür. Misal üçün, üçüncü qrupun ölkəsi olan Çadı birinci qrupun ölkəsi olan Yeni Zellandiya ilə müqayisə etmək qətiyyən düz deyil.
Bu dediklərinizi bizim təhsil sisteminə tətbiq edə bilərikmi?
Əlbəttə, olar. Bunun üçün iki qlobal göstəriciyə baxmaq lazımdır. Birinci iqtisadi göstərici olan ümumdaxili məhsuldur(ÜDM). İkinci göstərici İnsan Potensialının İnkişaf İndeksi (İPİİ) olub humanitar inkişafı göstərir. Biz özümüzü o ölkələrlə müqayisə edə bilərik ki, onların iqtisadi və humanitar göstəriciləri bizimki qədərdir. Misal üçün, ABŞ dolları hesabına adambaşına düşən ÜDM görə bizə yaxın olan dövlətlər bunlardır: Meksika (14000), Malayziya (14000), Bolqarıstan (12000), Brazilya (11000), Ekvador (13500) və digər ölkələr. Bu ölkələrdə İPİİ –nin qiyməti də, yəni humanitar inkişafı da bizimki qədərdir. Bu ölkələri bir- biri ilə müqayisə etmək olar. Bu ölkələri nə Norveçlə (60000), nə Yaponiya (35000) ilə, nə də Avstraliya (42000) ilə müqayisə etmək düzgün deyil. Müqayisədə bu iki parametri yaddan çıxarmaq olmaz.
Azərbaycanın təhsilində olan problemlərlə bağlı fikirlərinizi bilmək olarmı?
Təhsildəki uğurlara həmişə sevinmişəm, qüsurların səbəbini başa düşməyə çalışmışam. Qüsurlar çoxdur. Çox vaxt məmurlar qüsürları deməməyə, onları cəmiyyətdən, prezidentdən gizlətməyə çalışırlar. Bu cür yanaşmanı qüsurlu sayıram. Bu səbəbdən də hələ 14 əsr əvvəl Həzrət Ömər: “Səhvlərimi mənə deyənlərdən Allah razı qalsın”- deyirdi. Problemin həllinin yarısı, onu qəbul etməklə bağlıdır. Problem qəbul olunarsa, onun həlli asan olar. Misal üçün,təhsildə rüşvətin olduğunu qəbul etsək, onda onunla mübarizə aparıb, ona qalib gələ bilərik. İnkar etsək, ona qalib gəlmək olmaz. Rüşvət sağala bilən xəstəlikdir. Onu düzgün müalicə etmək lazımdır. Burda çətin bir problem yoxdur.
Mən uğurlardan danışmağın əlehinə deyiləm. Ondan da danışmaq lazımdır. Ancaq uğurlardan danışıb, qüsuru azaltmaq çətindir. Uğurların sürətini və miqyasını artırmaq üçün əsas məsələ, qüsurları görüb onları vaxtında aradan qaldırılmasıdır. Bir Çin misalında deyilir: “əyrini (tutaq ki, məftili) düzəltmək üçün, onu təzədən əyməlisən”. Mənim amalım, istəyim təhsilimizi qüsursuz görməkdir.
Bu gün Azərbaycanın təhsilinin ümumdünya təhsil sistemindəki yeri hardadır?
Böyük Britaniyanın Legatum İnistitunun analitik mərkəzi dünya dövlətlərinin təhsilinin vəziyyətini ölçə bilir. Bu mərkəzin 2013 –cü ilə olan məlumatına görə, 142 dövlət arasında biz 87-ci yeri tuturuq. MDB dövlətlərinin hamısında təhsilin vəziyyəti bizimkindən yaxşıdır. Belə ki, bu reytinq cədvəlində Latviya -18, Belarus -21, Rusiya -27, Qazaxıstan 43-ci yerlərdədir.
Azərbaycan dövləti təhsilə lazımınca qayğı göstərir, vəsait ayırır. Səbəb nədir ki, vəziyyət belədir?
Bu yaxınlarda qəbul olunan Dövlət Strategiyasında qeyd olunur ki, son illərdə 2500 məktəb tikilib, çoxlu məktəblər təmir olunub, məktəblərin avadanlıq və digər təminatları yüksəkdir. Müşahidələr göstərir ki, belə məsələlərdə iqtisadi təminat zəruridir, amma kafi deyil. Kafilik şərti düzgün, doğru qərarların qəbulundan keçir. Mən tez-tez işlətdiyim: “insanlar düzgün qərarlar qəbul etməklə şəxsiyyətə, ölkələr düzgün qərarlar qəbul etməklə qüdrətli dövlətə çevrilir”- fikrini bir də təkrar etmək istəyirəm. Yuxarıdakı vəziyyət göstərir ki, təhsil məmurlarının qəbul etdiyi qərarların çoxu yerində olmayıb.
Düz qərar, səhv qərar... Qəliz məsələdir, bir az açmaq olarmı? Düz qərarları necə qəbul etmək olar?
1941-ci ildə dostlarının köməkliyi ilə Albert Eynşteyn ABŞ prezidenti Ruzveltin qəbuluna düşür. Söhbət atom bombası hazırlanmasının necə maliyyələşməsindən gedir. Prezident dünyada müharibə getdiyini əsas gətirərək, Eynştynə “yox” cavabı verir. Ancaq axşam tərəfi Ağ Evin həyətində əlil arabasında gəzəndə, Eynşteynlə söhbəti yadına düşür və düzgün olmayan qərar qəbul etdiyini anlayır, əllərini göyə qaldıraraq deyir: “Allahım, məni Napoleonun buraxdığı səhvdən uzaq et”. Köməkçisini çağırır. Səhər A.Eynşteyni Ağ Evə dəvət edərək səhvini etiraf edir, beləliklə, məsələ həllini tapır. Sözümün canı odur ki, bir çox hallarda taleyüklü məsələlərdə qəbul edilən yanlış qərarlar çox şeyin axırına çıxır.
Napoleonun hansı səhvindən söhbət gedir?
Bir gün Fluton adlı bir ixtiraçı Napoleonun qəbuluna gəlir və buxarla işləyə biləcək gəmi düzəltmək üçün maliyyə istəyir. İmperator onu saraydan qovur ki, mənim belə gəmiyə (paroxoda) ehtiyacım yoxdur. Napoleon tacından məhrum olanda, bu hadisə yadına düşür və deyir: “Mən tacımı Flutonu saraydan qovanda itirmişəm”.
Sözünüzdən belə çıxdı ki, köhnə təhsil sisteminə xeyli əl gəzdirlilməli olacaq...
Məncə bundan qorxmaq lazım deyil. Elə məsələlər də var ki, bunlar çoxdan həllini tapmalıydı. Misal üçün, “oxumaq” və “ öyrənmək” sözləri təhsildə düz işlədilmir. Bu sözlərin rus və ingilis dillərində mənalarına baxın və müqayisə edin. Bu dillərin hər birində bu sözlər öyrənmək mənasında işlədilir. “Oxumaq” vasitədir, “öyrənmək” məqsəddir. “Oxumaq” asandır, “öyrənmək” çətin. Bu anlayışların səhv işlədilməsi artıq öz işini görüb. Bugünkü şagirdlərimiz, tələbələrimiz oxuyurlar, öyrənmirlər. Bünovrə səhv qoyulub. Bu işin doğru variantı belə olmalıdır: “oğlum universitetdə fizikanı, kimiyanı öyrənir”. Bunun əvəzində deyirlər: “oğlum universitetdə fizikada oxuyur”. Məncə fərq aydındır. Yaxud “ibtidai” məktəb termininə diqqət verin və bu terminin rus, türk və ingilis dillərində anoloqları ilə tutuşdurun. Sual olunur: bu başlanğıc və ya bünövrə təhsil məgər ibtidaidir? İbtidaidir, yoxsa əsasdır, ilkdir? İnsana heyvan adı verməklə, onu heyvanlaşdırmaq mümkün oldüğu kimi (bu fikrə görə üzr istəyirəm), təhsildə düzgün olmayan terminlərdən istifadə etməklə onu puç etmək olar.
Təhsildə müsbət tərəfə dönüş etməkdən ötəri yeni nə təklif edərdiniz?
Düşünmək lazımdır. Ancaq son 10 ildə çox dəfələrlə dediyim bir fikri tərar edirəm: Azərbaycanda ali və orta ümumtəhsil müəssisələrinə qəbul imtahanları ləğv olunmalıdır. Qəbul imtahanlarının yaratdığı neqativ ab-hava, ümumi təhsilin qarşısını alır,təhsil sferasını maraqlara görə parçalayır və nəticədə keyfiyyət zəifləyir,sonda zərbə cəmiyyətə dəyir. Qərb cəmiyyətləri ümum orta təhsildən, ümum ali təhsilə keçdiyi bir zamanda, biz hələ qəbul imtananları götürürük. Bizdə hər 100 gəncdən 20 –ni ali məktəbə qəbul edirik. Bu göstərici Cənubi Koreyada -95, uzaq Monqolustanda 50 –dir. Başa düşə bilmirəm, dünyanın bu gedişini niyə görə bilmirik?
“Dəyərlərin qiymətləndirilməsinin yeni meyarı” kitabınızda biliyin qiymətləndirilməsinə xeyli yer ayırmısınız. Şagirdlərin biliyinin adekvat qiymətləndirilməsi problemi də son zamanlar təhsil ictimaiyyətinin əsas müzakirə mövzusularından biridir.
Klassik qiymətləndimə sistemində “bildiyimizin bilməli olduğumuza nisbəti” meyar kimi istifadə edilir. Yəni tutaq ki,100 sualdan 80-ini biliriksə deməli, qiymətimiz 4-dür. Təklif olunan meyarda, bildiyimizin bilmədiyimizə nisbəti götürülür. Klassik meyar 0 ilə 100% arasında dəyişir. Təklif etdiyimiz meyar 0 ilə sonsuzluq arasında dəyişir. Bu şkalada dəyişmə intervalı geniş olduğundan dəqiqlik yüksəkdir.
Son dövrlərdə şagird nailiyyətlər təkcə fənlərdən alınmış qiymətlərlə ölçülmür.Təklif olunur ki portfoliodan istifadə edilsin. Portfolio -şagirdlərin fərdi nailiyyətləri toplusu olub, şəxsən təşkil edilir. O məktəbdə və ondan kənarda müxtəlif tədris fəaliyyətinin hazırlığının və aktivliyinin real səviyyəsini göstərir. Portfolio öz vaxtına nəzarət etməyə, səhvlərə reaksiya verməyə kömək edir. Real məqsədləri müəyyən edir və təlim prosesinin müxtəlif mərhələləri arasında varisliyi və tərəflər arasında kommunikasıyanı təmin edir. Çünki portfolio məktəb pillələri arasında birləşdirici zveno ələqəyə qulluq edir.
İdarəetməylə bağlı nə deyə bilərsiniz?
“Exo Moskva” radiosunun direktoru АlekseyVenediktovun Rusiya Təhsil və Elm nazirinə verdiyi təkifi mən də bəyənirəm. Onun dediyinə görə Gürcüstan məktəblərində iki kişi və bir qadından ibarət nəzarətçilər qrupu fəaliyyət göstərir. Kişilər adətən hərbidən təxris olmuş hərbiçilərdir. Bu nəzarətçilər məktəb daxili nizam -intizami ciddi qoruyur və məktəbdə tam əmin-amanlıq yaradırlar.

Geri qayıt