Əsas Səhifə > Üçüncü sektor > İLAHİYYATÇIDAN DÖVLƏT KOMİTƏSİNƏ İTTİHAM

İLAHİYYATÇIDAN DÖVLƏT KOMİTƏSİNƏ İTTİHAM


1-02-2012, 11:27
İLAHİYYATÇIDAN DÖVLƏT KOMİTƏSİNƏ İTTİHAM

“PROBLEMİ HƏLL ETMƏK ƏVƏZİNƏ DİNDARLARI QICIQLANDIRIRIQ”

İlahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Human Rights Watch” təşkilatının hesabatı ilə bağlı açıqlamasının bir məqamına münasibət bildirib. Dövlət komitəsinin yanvarın 31-də yaydığı açıqlamada orta məktəblərdə hicab qadağası məsələsinə də toxunulub: “Bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi Azərbaycan Respublikasında da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz”.

Fevralın 1-də “Media forum” saytına danışan ilahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlu deyib ki ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hicab qadağası ilə bağlı açıqlaması həqiqəti əks etdirmir: “Orada “bütün demokratik dünyəvi dövlətlərdə” ifadəsi elə işlədilir ki, guya cəmiyyətimizin dünya-aləmdən xəbəri yoxdur. Hamıya aydın məsələdir ki, bütün demokratik dünyəvi dövlətlərdə, inkişaf etmiş və insan haqlarına ehtiram qoyulan dövlətlərdə, o cümlədən ABŞ, Böyük Britaniya, Kanada, Norveç, İsveç, İsveçrə, Almaniya, Hollandiya, Belçika, İrlandiya, İtaliya, İspaniya, hətta qonşu Rusiyada belə hicablı şagirdlər sərbəst şəkildə məktəbə gedir. Hətta bu ölkələrdən bəzilərində barəsində ağızdolusu danışılan vahid məktəbli forması da var, amma elə bu halda da mütləq hicablı şagirdlərin din və etiqad azadlıqları nəzərə alınır – hicaba icazə verilir.

Demokratik dünyəvi dövlətlərin heç birində heç bir halda, nə vahid forma, nə də başqa bəhanələrlə inanclı qızların təhsil hüquqları pozulmur. Əksinə, bu dövlətlər digər vətəndaşlar kimi əhalinin inanclı təbəqəsinin də hüquqlarını nəzərə alır və hicablıların sərbəst təhsil alması üçün hər cür şərait yaradılır.

Mən rəsmi dövlət qurumunun belə yanlış və həqiqəti təhrif edən bəyanatla çıxış etməsinə təəssüflənirəm. Zənnimcə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas vəzifələrindən biri dövlətlə inanclı vətəndaşlar arasında körpü rolunu oynamaq, inanclı vətəndaşların problemini dinləmək, onların həllinə çalışmaqdır. Bunun yerinə həqiqəti təhrif edib “bütün dünyada belədir” deməklə kimi aldadırıq? Niyə problemi həll etmək əvəzinə dindarları bir az da qıcıqlandırırıq?

Bütün demokratik dünyəvi dövlətlərdə hicablı şagirdlər hicabla dərsə gedirlər və bizdən fərqli olaraq o ölkələrdə vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulmasına bəhanə olmur. Hicab mütləq nəzərə alınır. Bizim konstitusiyamızda bütün vətəndaşların təhsil haqqı tanınır və təmin olunur – istər hicablının, istərsə hicabsızın. Heç bir qadağa konstitusiyamıza zidd olaraq hicablı balalarımızın təhsil haqlarını məhdudlaşdıra bilməz”.

Geri qayıt