Əsas Səhifə > Sosial, Manşet > MƏHƏRRƏM ƏLİYEV ƏLİNİ ÜZMƏK ZORUNDA QALDI

MƏHƏRRƏM ƏLİYEV ƏLİNİ ÜZMƏK ZORUNDA QALDI


25-11-2013, 09:47
MƏHƏRRƏM ƏLİYEV ƏLİNİ ÜZMƏK ZORUNDA QALDI
KEÇMİŞ SƏFİRİN MÜDAFİƏ NAZİRİNİN MÜAVİNİ OLMA ŞANSI DA YOXDUR

DİA.AZ: - Keçən il yenidən etimad qazanaraq vəzifəyə təyin olunan Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyevin Prezident Administrasiyasındakı yeni postunda özünü diskomfort hiss etməsi barədə mətbuatda yetərincə bilgilər verilib.

Qeyd edək ki, Məhərrəm Əliyevin vəzifə başında ilk təşəbbüsləri belə uğurlu alınmadığından onunla bağlı məsələnin iç ədavət prizmasından çözüldüyü anlaşıldı. Yəni illərdir PA rəhbərliyi ilə ciddi konflikt içində olan Məhərrəm Əliyevin PA-da özünə dinclik tapa biləcəyi heç də gözlənilən deyildi. Belə də oldu.

Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbə bildirir ki, əslində sabiq «qorotdel» şefi bu gün faktiyi olaraq hər hansı fəaliyyətlə məşğul deyil, sanki ona kimlərsə gözləməsini məsləhət görüb. Amma artıq bir ilə yaxındır ki, Məhərrəm Əliyev gözləməkldədir. Doğrudur, Məhərrəm Əliyev özünü kifayət qədər təmkinli aparmağa çalışır. Amma bu, daha çox görüntüyə xidmət etmək anlamından uzağa getməyən bir haldır».

Bildirək ki, Məhərrəm Əliyevin başqa bir vəzifəyə gətirilmə ehtimalları barədə də bir xeyli əvvəl məlumat vermişdik. Bunu xatırladan mənbəmiz maraqlı açıqlamalarda da bulundu: «Məhərrəm Əliyev müdafiə nazirinin müavini və yaxud da müdafiə naziri postlarına özünü hazırlıqlı hesab edib. Amma bu alınmadı. Məhərrəm Əliyevə tamam yad olan bir şəxs nazir postuna gətirildi. İndi sabiq «qorotdel» rəisinin hətta nəinki nazir müavini, müdafiə nazirliyində ən kiçik vəzifədə belə təmsil olunması gözlənilən deyil».

Mənbəmiz iddia edir ki, keçmiş polis işçisi olan Məhərrəm Əliyevə keçmiş polis sistemi çalışanı olmuş Zakir Həsənovun vəzifə verə biləcəyi həm də ona görə gözlənilən deyil ki, yeni müdafiə naziri tamam fərqli tədarükdədir: «Özünün bütün poqonlu karyerası dövrünü kabinetlərdə keçirmiş Məhərrəm Əliyevin «odun-alovun» içinə gətirilməsi imkansızdır. Zakir Həsənov müharibə görmüşlərə vəzifə verir».

Redaksiyamızın əldə etdiyi informasiyalara görə, Məhərrəm Əliyev məhz yaranmış vəziyyəti nəzərə alaraq, PA-da günlərini yola verməyə üstünlük verib: «Əslində bu, həm də onunla yanaşı, kifayət qədər böyük biznes imkanlarına malik olan deputat qardaşı üçün də bir təminat rolunu oynamaqdadır. Vəzifə hər zaman fəaliyyət imkanı anlamını daşımır. Vəzifə həm də çətir rolunu oynaya bilir. Məsələn, kənd təsərrüfatı naziri vəzifəsindən alınan İsmət Abbasovu sonradan hər hansı ittihamın hədəfi olmaması üçün baş nazirin müavini postuna gətirdilər. Bununla da İsmət Abbasova vəzifədə qorunma şansı tanındı. Eləcə də Məhərrəm Əliyevin hazırki vəzifəsi daha çox onun və yaxınlarının qorunması anlamını ifadə edir».

Geri qayıt