Əsas Səhifə > Araşdırma > HƏLƏ DƏ KÖRPƏLƏRİNİ KÜÇƏLƏRƏ ATANLAR VAR
HƏLƏ DƏ KÖRPƏLƏRİNİ KÜÇƏLƏRƏ ATANLAR VAR1-02-2012, 12:30 |
BUNUN QARŞISINI ALMAQ OLARMI? Çingiz Qənizadə: “Uşaqların küçəyə atılmasının qarşısını almaq, onların xüsusi yerlərə verilməsini hüquqi formada tənzimləmək lazımdır” Yanvarın 30-da bir neçə gün əvvəl dünyaya gələn körpənin küçəyə atılması Azərbaycanda bununla bağlı mövcud olan problemi yenidən gündəmə gətirib. Qeyd edək ki, bu cür problem başqa ölkələrdə də var. Məsələn, elə həmin gün Türkiyədə donmuş halda tapılan körpənin sifətini itlərin yediyi məlum olub. Amma bəzi ölkələrdə arzuolunmaz körpələrin küçələrə atılmasının qarşısını almaq üçün xüsusi məntəqələr fəaliyyət göstərir ki, valideyn övladını bura gətirib təhvil verir və onun anonimliyi qorunur. Nəticədə küçədə uşaqların zədələnməsinin, şaxtalı havalarda donmasının, bir sözlə o ölkənin balaca vətəndaşına xələl gəlməsinin qarşısı alınır. Təzə doğulan uşaqların küçələrə atılması və ya hansısa idarənin qapısı ağzına qoyulub qaçılması halları bizdə də müşahidə olunur. Küçələrdən tapılan belə körpələrin sayının ildə 50-yə qədər olduğu bildirilir. Bəs bunun qanunla tənzimləməsi, yaxud qeyd etdiyimiz kimi xüsusi yerlərin yaradılması istiqamətində hər hansı addım atıla bilərmi? Mövzunun son günlər aktual olduğunu bir daha vurğulayan hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə Modern.az saytına bildirib ki, doğurdan da bəzi ölkələrdə bu məsələ heç bir problem olmadan həll olunur. Təbii ki, bu sosial problemdir. Lakin deputat deyib ki, hüquqi tərəfdən vətəndaş uşağını ən yaxın tibb məntəqələrindən birinə, uşaq evlərinə verib ondan imtina edə bilir. Bu zaman həmin şəxsin tam məxfiliyi qorunur. Yəni burada qanun işləyir: “Amma bizdə belə deyil. Çox təəssüf ki, Azərbaycanda bəzi qanunlar işləmədiyinə və bəzi məmurlar, vəzifəli şəxslər bu qanunları bilmədiklərinə görə, onlara əməl olunmur və həmin şəxsin məxfiliyi qorunmur. Əslində qorunmasına zəmanət də yoxdur. Bunun nəticəsində biz bəzi hallarda uşağını dünyaya gətirən ananın onu küçəyə atmasını müşahidə edirik”. Ç.Qənizadə digər tərəfdən bunun müəyyən milli dəyərlərlə, dinlə əlaqədar olduğunu qeyd edib. Onun sözlərinə görə, xristian dövlətlərində nikahdan kənar, qanunsuz doğulan uşaqlar olanda buna pis baxılmır və “hər kəsin öz həyatıdır” deyə qiymət verilir: “Bizdə isə atılmış uşaqların əksəriyyəti adətən nikahdan kənar, qanunsuz dünyaya gələn uşaqlar olduğu üçün buna ailədə, cəmiyyətdə pis baxılır. Xüsusən də analar uşaqlarından imtina edərkən bu prinsipi rəhbər tutaraq onları naməlum bir yerə ataraq oradan uzaqlaşmağa cəhd edirlər. Bu ciddi problemdir, bu barədə düşünməyə dəyər”. Hüquq müdafiəçisi onu da qeyd edib ki, bununla əlaqədar gələcəkdə valideynin məxfiliyinin qorunması ilə bərabər, məxfiliyin pozulmasına görə müəyyən vəzifəli şəxslər üçün məsuliyyət də müəyyən etmək olar: “Bununla vətəndaş tam əmin olmalıdır ki, məxfilik qorunacaq, yaxud qorunmadığı halda həmin vəzifəli şəxs, tibb işçisi müəyyən məsuliyyət daşıyacaq, hətta cinayət məsuliyyətinə cəlb olunacaq. Bu baxımdan prosesi sivilləşdirmək olar, yəni uşaqların küçəyə atılmasının qarşısını almaq, onların müəyyən tibb müəssisələrinə, xüsusi yerlərə verilməsini hüquqi formada tənzimləmək olar. Belə hesab edirəm ki, bu müzakirələr gedirsə, artıq cəmiyyət bunu tələb edir”. Deputat hesab edir ki, problemin hüquqi tərəfdən həlli üçün Milli Məclisdə mövcud qanunlara əlavə və düzəlişlər edilməlidir: “Bununla bağlı bizdə qanunlar var. Amma milli adət-ənənələr, milli dəyərlərimiz var və heç kim açıq şəkildə bunu etmir. Ola bilər, bu gün ər-arvad imkansızlıqdan, övladları çox olduğu üçün yeni doğulan körpəyə baxa bilmədiyini bəhanə gətirərək harasa təhvil verirlər. Amma gizli şəkildə ananın hər hansı formada öz uşağını aparıb harasa təhvil verməsi çox nadir hallarda rast gəlinir. Bizdə daha çox gizlicə hansısa müəssinin divarlarının kənarlarına qoyub getməklə özlərinin məxfiliyini qoruyub saxlamağa üstünlük verilir”. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də hesab edir ki, körpə uşaqların atılması çox pis haldır və heç bir cəmiyyət üçün arzuolunan deyil: “Təbii ki, körpə uşağı atan valideynlər də müəyyən məsuliyyət, o cümlədən cinayət məsuliyyəti daşıyırlar. Körpə uşaq əslində həmin dövlətin vətəndaşıdır. Vətəndaşı atmaq isə onu məhv etmək, öldürməyə, qətlə bərabər bir şeydir. Ona görə bu əməlin çox ciddi cəzası olmalıdır”. Ancaq millət vəkili atılan körpə uşaqlar üçün xususi yerlərin açılması və bunu tənizmləyən qanunun qəbulunun əleyhinədir. O hesab edir ki, bu bizim ölkə və xalq üçün xarakterik bir şey deyil: “Mən elə yerlərin açılmasınin və uşaqların oralara qoyulmasının tərəfdarı deyiləm. Birincisi, bu cür faktlar bizdə o qədər də kütləvi deyil. İkincisi, biz bunun əks yolunu tutmalıyıq və profliktikasını gücləndirməliyik ki, uşaqlar, ümumiyyətlə atılmasın və ya arzuolunmaz uşaq dünyaya gəlməsin. Ən yaxşı halda uşaqdan imtina edilirsə, onu doğum evində qoyub getmək olar. Düzdür, bəzi xarici ölkələrdə doğum evlərinin xüsusi pəncərələri var, ora uşaq qoyulan kimi pəncərə avtomatik bağlanır və doğum evində bilinir ki, bura uşaq qoyulub. Bakıda da bu cür bir-iki belə klinika açmaq olar”. Ancaq Musa Quliyevin fikrincə, uşağı atmaq fikrində olan insan onsuz da ondan harada gəldi imtina etməyə çalışacaq: “Ona görə bunun əvəzinə biz körpələrin küçələrə atılmasının qarşısını almaq üçün proflaktikanı gücləndirməliyik. Bundan əlavə, hamiləlik dövründə bütün qadınlar qadın məsələhətxanalarının nəzarətinə cəlb olunmalı və onlarla müəyyən psixoloji söhbətlər aparılmalıdır. Təbii ki, normal ailələrdə heç vaxt uşaqdan bu şəkildə xilas olmağa çalışmırlar. Bu, ya arzuolunmaz, ya da təsadüfü hamiləlik olanda baş verir. Yaxud o qədər uğurlu olmayan nigahların nəticəsidir”. Onun sözlərinə görə, küçəyə atmaq əvəzinə uşaqların veriləcəyi klinikaların sayının çox olması ilə üstüörtülü də olsa bu prosesə dəstək vermək demək olardı: “Uşaqdan imtina etməyin yolları var. Ondan ötrü ya qadın doğum evində olarkən oranın rəhbərliyinə məlumat verməli, ya da yaşadığı rayonun icra hakimiyyətinin nəzdində uşaq və yeniyetmələrlə bağlı komissiyaya müraciət edə bilər. Bu zaman uşağı ondan götürüb uşaq evlərinə və ya başqa şəxslərə övladlığa verə bilərlər. Bunun sivil yolu olduğu halda nəyə görə kriminal yolunu qanunlaşdıraq?” Aytən ƏLİYEVA Geri qayıt |