Əsas Səhifə > Güney Press, Araşdırma > İCRA BAŞÇISI NECƏ BALIQ BİZNESİNƏ GİRİŞDİ?
İCRA BAŞÇISI NECƏ BALIQ BİZNESİNƏ GİRİŞDİ?26-11-2013, 09:43 |
Neftçalanın icra başçısı İsmayıl Vəliyev rayonda balıq biznesinə girişib. JAM.AZ-a daxil olan məlumata görə, icra başçısı qısa müddətdə Neftçalada özünə bir neçə vətəgə yaradıb. Nəticədə isə dövlətin, bələdiyyənin və fərdi şəxslərin 1000 hektardan daha çox torpaq sahəsi su altında qalıb. Rayondan gələn xəbərlərdə deyilir ki, artıq Neftçalada əkin sahəsi ilə bağlı problem yaranıb. Süni göllər yaradaraq, balıqçılıqla məşğul olanların sayının son illər artması nəticəsində 5000 hektara yaxın torpaq sahəsi suyun altında qalıb. Amma İsmayıl Vəliyev təkcə özünün balıqçılıq təsərrüfatından deyil, həmçinin başqalarının da obyektlərindən pul qazanmağa başlayıb. Məlumatlarda deyilir ki, rayonun Cəngən, Boyat, Aşağı Qaramanlı və Müşfiq kəndlərində imkanlı şəxslərin yaratdığı süni göllər əhalinin fərdi torpaq sahələrinin əllərindən çıxmasına səbəb olub. Üstəlik, bu vətəgələrin qeyri-qanuni fəaliyyət göstərdiyi də vurğulanır. Lakin icra başçısının onları himayə etməsi sayəsində həmin şəxslər fəaliyyətlərinə davam edirlər. JAM.AZ-a verilən bilgilərdə vurğulanır ki, bu göllərin çoxu rəsmi sənədlərdə əkin sahəsi kimi qeydə alınıb. Durğun su mənbələri ətrafındakı torpaqların isə şoranlaşması halları müşahidə olunur. Nəzərinizə çatdıraq ki, Neftçala rayonunun torpaq sahələri şorqat hesab olunur. Hələ sovet dönəmində aqrotexniki vasitələrlə bu torpaqların şoranlaşmasının qarşısı alınırdı. İndi isə icra başçısının pul qazanmaq həvəsi təkcə rayonu deyil, həmçinin onu əhalisini də qısa müddətdən sonra torpaqsız qoymalı olacaq. Gələn xəbərlərdə o da deyilir ki, rayonun təkcə Aşağı Qaramanlı kəndində 150 hektardan çox sahə «ölü zona»ya çevrilib. Bu əsnada o da məlum olub ki, bu süni göllərdən təkcə icra başçısı deyil, həmçinin yerli idarə və müəssisələr də pul qazanırlar. Məsələn, Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədov balıqartırma göllər üçün xüsusi tarif müəyyən edib: hər hektar üçün 50 manat. Onunla bərabər rayonun ekologiya və polis orqanlarının rəhbərləri də göl sahiblərindən vaxtaşırı pul qoparırlar. Yerli bələdiyyələr isə balıqsaxlama göllərindən illik torpaq vergisi adı altında hər hektar üçün 40-60 manat alsalar da, sənədlərdə onu 5 manat dəyərində göstərirlər. Qeyd edək ki, indiki vəziyyətin yaranmasının əsas səbəbkarı kimi Neftçalanın icra başçısı İsmayıl Vəliyev göstərilir. Onun yaratdığı şərait üzündən rayonda baş alıb gedən bu biabırçı vəziyyətlə bağlı ediilən şikayətlərə də məhəl qoyan yoxdur. Rayon camaatı isə qanuni əkin sahələrinin əllərindən çıxdığını və bunun zorla həyata keçirildiyini deyirlər. Geri qayıt |