Əsas Səhifə > Gündəm, Manşet > “AST” TELMAN PUTİNİN ƏLEYHİNƏ PUL BURAXIR

“AST” TELMAN PUTİNİN ƏLEYHİNƏ PUL BURAXIR


6-02-2012, 10:50
“AST” TELMAN PUTİNİN ƏLEYHİNƏ PUL BURAXIR

AZƏRBAYCANLI İŞ ADAMI QORBAÇOV VASİTƏSİLƏ MÜXALİFƏTƏ DƏSTƏK VERİR

DİA.AZ: - Məlum olduğu kimi, Rusiyada vəziyyət əməlli-başlı qarışıb. Artıq hazırki Kreml administrasiyasının əleyhinə olan qüvvələr ciddi şəkildə fəallaşıblar. Hətta Moskvanın kəskin şaxtaları belə küçə və meydanların Putin əleyhdarları ilə dolub-daşmasını əngəlləyə bilmir.

Gələn məlumatlardan da aydın olur ki, keçən həftə Rusiyanın hər yerində müxalifət və vətəndaş cəmiyyəti fəalları tərəfindən ədalətli seçkilər tələbi ilə təşkil edilən yürüş-mitinqlər olub. Etirazların əsas dalğası Moskvada qeydə alınıb və 20 dərəcə şaxtada 100 minə qədər insan küçələrə çıxaraq yenidən prezident olmaq istəyən baş nazir Putinə “Get!” deyib. Eyni vaxtda Putin tərəfdarları da Moskvanın mərkəzi meydanlarından birinə toplaşıb.

Şənbə günü Moskvada eyni vaxtda dörd ayrı yerdə mitinqlər keçirilib. Əsas diqqət isə müxalifətin metronun “Yakimanka” stansiyasından başlayan və “Bolotnaya” meydanında mitinqlə yekunlaşan yürüş aksiyasına yönəlmişdi. Putin tərəfdarları Moskvanın “Poklonnaya qora” meydanına toplaşıb. Baş nazir özü bu aksiyanın təşəbbüskarı olmadığını desə də iştirakçılarını salamlayıb. Onlara soyuqdan donmamaq üçün 150 çadır və isti yeməklər göndərilib. Putin lehinə aksiyanın təşkilatçıları əvvəlcədən 25 minlik mitinq üçün icazə aldıqlarını bildirsə də Moskva Şəhər Daxili İşlər İdarəsi aksiyaya 63 min adamın qatıldığı haqda məlumat yayıb. Lakin müstəqil mənbələr bu rəqəmi şübhə altına alırdı. Aksiyaya qatılanlar müxalifət mitinqinə “narıncı” qüvvələr kimi xitab edərək Rusiyanın dağılmasına yol verməyəcəyini deyiblər.

Bildirək ki, Rusiyanın digər şəhərlərində də həm hakimiyyət tərəfdarlarının, həm müxalifətçilərin aksiyaları keçirilib. Maqadan, Vladivostok, Çita, Ulan-Udedə sərt şaxtaya baxmayaraq minlərlə Putin əleyhdarı küçələrə çıxıb. Baş naziri dəstəkləyənlər də Rusiyanın əksər iri şəhərlərində meydanlara çıxıb. Lakin regionlarda hakimiyyət tərəfdarlarının aksiyalarının müxalifətə nisbətən daha izdihamlı keçdiyi xəbər verilir.

Bu arada Rusiyada baş verən olaylarda Azərbaycanın da adı çəkilməkdədir. “Dünya” İnformasiya Agentliyi redaksiyasının (dia-az.life) Rusiyanın xəbər portallarından əldə etdiyi məlumatlarda deyilir ki, Moskvada və Rusiyanın digər bölgələrində Putinin əleyhinə keçirilən aksiyaların təşkil edilməsində əslən Azərbaycandan olan tanınmış iş adamı, «AST» şirkətlər qrupunun prezidenti Telman İsmayılovun da adı çəkilir.

Bu barədə məlumat yayan mənbənin sözlərinə görə, Putin administrasiyası ilə açıq-ahkar ədavətdə olan Telman İsmayılov maaqlıdır ki, Putin əleyhdarlarına öz dəstəyinin keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçova yaxın çevrələrin araçılığı ilə çatdırır.

Xatırladaq ki, Vladimir Putin son illərdə AST Telmana çox ciddi zərbələr vurmaqla yanaşı, onun Rusiyadakı işgüzar fəaliyyətini demək olar ki, tam şəkildə yasaqlayıb. Və bunun da nəticəsində Telman İsmayılov öz biznes və varidatını Rusiyadan Türkiyəyə keçirmək zorunda qaldı. Telman İsmayılov Türkiyənin Antalya şəhərində 4 milyard ABŞ dollarına başa gələn «Mardan Palace» otel şəbəkəsini inşa etdirdikdən sonra isə Rusiya hakimiyyəti azərbaycanlı iş adamına qarşı addımlarını daha da intensivləşdirdi.

"AST" şirkətləri qrupunun sahibi Telman İsmaylova aid olan Çerkizov bazarının fəaliyyəti dayandırıldı. Bununla yanaşı, uzun illər Moskvanın rəmzinə çevrilən məşhur “Praqa” restoranı da bağlandı. Hər halda, Putinin Telman İmayılova vurduğu zərbələr tək bunlar olmadı. Qeyri-rəsmi rəqəmlərə görə, Rusiya hakimiyyəti yəhudi əsilli Azərbaycan iş adamına 6 milyard ABŞ dolları həcmində zərər vurub.

Bütün bunları xatırladan Rusiya mətbuatı yazır ki, elə buna görə də Telman İsmayılov Rusiyada start götürən inqilabi proseslərə dəstək verməkdədir.


Geri qayıt