Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCAN DEPUTATLARI İRANIN HƏDƏFİNDƏ

AZƏRBAYCAN DEPUTATLARI İRANIN HƏDƏFİNDƏ


6-02-2012, 11:05
AZƏRBAYCAN DEPUTATLARI İRANIN HƏDƏFİNDƏ

“ŞİMALİ AZƏRBAYCAN RESPUBLİKASI” İDEYASI MOLLA REJİMİNİ QƏZƏBLƏNDİRİB

DİA.AZ: - Məlum olduğu kimi 1 fevral tarixində Milli Məclisdə Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsi müzakirə olunub. Bu barədə təkliflə çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev dövlətin adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edərək deyib: "Çünki Azərbaycan ərazilərinin üçdə ikisi indiki İranın tərkibindədir".

BAXCP sədrinin bu təklifinə millət vəkili Fərəc Quliyev də dəstək verib.

Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifinə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da müsbət yanaşıb və Milli Məclisin yaz sessiyasının işlər planına İranla bağlı müzakirələr daxil edilməsini təklif edib. O, Azərbaycanın İrana qarşı tətbiq olunan sanksiyalara qoşulmasını da istəyib.

Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov da Koreya ilə bağlı belə bir təcrübə olduğunu xatırladaraq Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifini dəstəkləyib.

Onu da bildirək ki, gözlənildiyi kimi, artıq bu olaya molla cinahından reaksiyalar gəlməkdədir. “Arannyus” portalında yer alan materialların birində Milli Məclisdəki sözgedən müzakirələr hədəf alınmaqla yanaşı, hətta Azərbaycana məsləhətlər də verilir.

Məlumatda deyilir: “Bakı dövlətinin anti-İran siyasətlərinin davamında önə çəkilmiş bu mövzu elə bir haldadır ki, mötəbər tarixi mənbələrə əsasən, hal-hazırda Azərbaycan Respublikası adlanan bu ərazinin adı Aran olubdur və ona Azərbaycan adının işlənməsi 1918-ci ildən Məhəmməd Əmin Rəsulzadə tərəfindən başlayıbdır. Əlbəttə, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Demokratik Respublikasının prezidenti ünvanı ilə iranlıların bu ada etirazlarının cavabında öz kitabında aşkar surətdə Azərbaycan Respublikası adının necə formalaşması və hazırkı vəziyyəti barədə yazır: "Hərbi-ümumidən (birinci dünya müharibəsi) əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, şimali İranda vaqe Təbriz ilə həvalisinə deyilirdi. Hərbdən və böyuk Rusiya ixtilalından sonra dillərdə dolaşan Azərbaycan salifüzzikr Azərbaycanın Şimalında Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Bakıdır"”.

Onu da bildirək ki, əslində molla rejimi bu cür yanaşması ilə məsələni mahiyyətindən yayındırır. Çünki söhbət heç də Azərbaycanın adının dəyişdirilməsindən getmir. Deputatlarımız Azərbaycan dövlətinin adının dəyişdirilməsini təklif etməklə yanaşı, həm də yeni adla Azərbaycan ərazilərinin böyük hissəsinin işğal altında olduğunu diqqətə çatdırmaq istəyirlər. Lakin məsələnin bu yönü fars-molla rejiminin təbliğatçılarına sərf etmədiyindən onlar yenə “aran” ideyasını sui-istifadə yolu ilə gündəmə gətirirlər.

Mövzu diqqətimizdədir.


Geri qayıt