Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCAN TƏHLÜKƏ ASTANASINDA
AZƏRBAYCAN TƏHLÜKƏ ASTANASINDA6-02-2012, 11:51 |
“ÖLKƏMİZİ MƏZHƏB SAVAŞINA SÜRÜKLƏMƏK İSTƏYİRLƏR” “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bölgədəki son hadisələr fonunda məzhəb ayrı-seçkiliyinin artdığını və Azərbaycanı da bu qovğanın içinə sürükləmək cəhdlərinin olduğunu bildirib. Elxan Şahinoğlu “Media forum” saytına açıqlamasında bu işin başında İranın dayandığını deyib: “Tehran Suriyadakı rejimi ona görə müdafiə edir ki, Əsəd ailəsi ələvidir. Belə çıxır ki, Əsəd Suriyadakı çoxluqdan, sünnilərdən olsaydı, Tehran onu müdafiə etməyəcəkdi. Tehran sözdə islam həmrəyliyindən danışır, ancaq Suriyada günahsız insanların qırılmasına göz yumur. Halbuki Tehran Tunis, Misir və Liviyadakı olayları təqdir etdiyini bildirir, bununla avtoritar rejimlərin çökdüyünü vurğulayır. Ancaq söhbət Suriyadakı qarşıdurmaya çatdıqda Tehran bunun arxasında Qərbdəki imperialist qüvvələrin, sünni əhalisi olan dövlətlərin – Qətər, Türkiyə və digərlərinin dayandığını iddia edir. İran İraqda da eyni siyasəti yürüdür. Baş nazir Əl-Malikini sadəcə şiələrin təmsilçisi olduğu üçün müdafiə edir, onu tənqid edənləri isə görməzliyə vurur. Tehranın bu siyasəti bircə Azərbaycana münasibətdə fərqlidir. O, torpaqları işğal altında olan Azərbaycan dövlətini müdafiə etməkdənsə işğalçı Ermənistana dəstəyini əsirgəmir. Yəni işinə yaradığı təqdirdə Tehran “şiə təəssübkeşliyindən” kənara çıxaraq müsəlman torpaqlarını işğal edən xristian dövlətə qucaq açmağa da hazırdır”. İraq və Suriyadakı proseslərin sünni-şiə qarşıdurmasını bir az daha dərinləşdirdiyini deyən analitik təhlükənin miqyasının getdikcə atdığına diqqət çəkib: “İraqın şiə baş naziri ölkə prezidentinin müavini, sünni məzhəbinə bağlı Tarik Haşiminin həbsinə qərar verməsi ilə vəziyyəti bir az daha qəlizləşdirdi. Doğrudur, Haşimi həbs olunmayıb, ancaq onun ölkənin şimalında, kürdlərin nəzarəti altındakı Süyemaniyyədə qərar tutması da İraqa yaxşı heç nə vəd etmir. Tarik Haşimini Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan da müdafiə edir. Haşimi Bağdaddın ona qarşı irəli sürdüyü terrora dəstək ittihamını rədd edərək Kərkükdə mühakimə olunmasını istəyir. Suriyada ələvi rejimin ölkənin əsas narazı vətəndaşları olan sünniləri hədəfə alması və qətliamların miqyasını artırması bölgədə məzhəb ayrı-seçkiliyini daha da dərinləşdirir. Aydındır ki, Suriyadakı sünnilərin qətliamına nə Türkiyə, nə də ərəb ölkələri seyrçi qala bilər”. Elxan Şahinoğlu məzhəb mənsubiyyətinə görə bəzən yanlış şərhlərin verildiyini də söyləyib: “Türkiyədə nəşr olunan “Habertürk” qəzetinin yazarı Fateh Altaylı son yazılarının birində qeyd edib ki, Azərbaycan şiə dövləti olduğuna görə Azərbaycan məzhəb savaşında Türkiyəyə qarşı İranın yanında olacaq. Müəllif Türkiyədə peşəkar köşə yazarı və televizyonçu kimi tanınsa da, görünür, Azərbaycanı, Azərbaycan-İran münasibətlərini və İrandakı mövcud durumu yaxından izləmir. Yazar gerçək vəziyyətlə tanış olsaydı, Azərbaycanın Türkiyənin yanında yer almayacağını yazmazdı. Fransanın Türkiyəyə qarşı siyasətində rəsmi Bakının Ankaraya gözlənilən dəstək vermədiyini biz də tənqid edirik, ancaq bu amil iki strateji müttəfiqin fərqli cəbhələrdə yer almasına da dəlalət etmir. Rəsmi Bakı Ankara ilə münasibətlərdə məsafə saxlaya bilər və bu, yanlış siyasətdir. Ancaq bu o demək deyil ki, rəsmi Bakının alternativ seçimi İrandır. Azərbaycan prezidenti hansı məzhəbdən olursa olsun onun İrandakı indiki rejimi və onun planlarını dəstəkləməsi nə obyektiv, nə də subyektiv səbəblərdən mümkündür. Türk millətinin sünnisi var, şiəsi də, xristianı da. Ancaq bu o anlama gəlmir ki, sunni türklər ərəblərə, şiə türklər İrana, xristian türklər isə mütləq Qərb dünyasına bağlı olmalıdırlar. Bu gün Azərbaycanın tək müttəfiqi var, o da Türkiyədir. Azərbaycan xalqı da Türkiyənin əleyhinə formalaşan və ya formalaşa biləcək heç bir qrupda, ittifaqda yer almaz. Əks halda Azərbaycan dövlətinin varlığı sual altında qalar. Azərbaycan orta əsrlərə qayıdası deyil ki, kiminləsə ittifaq və ya strateji müttəfiqliyi məzhəb əsasında seçsin”. Geri qayıt |