Əsas Səhifə > Sosial, Manşet > FİZULİ ƏLƏKBƏROVUN KADRLARINA QARŞI TOTAL HÜCUM

FİZULİ ƏLƏKBƏROVUN KADRLARINA QARŞI TOTAL HÜCUM


29-11-2013, 13:56
FİZULİ ƏLƏKBƏROVUN KADRLARINA QARŞI TOTAL HÜCUM
SƏLİM MÜSLÜMOV SƏLƏFİNİN ADAMLARINI CİNAYƏTDƏ İTTİHAM EDİR

DİA.AZ: - Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov Fizuli Ələkbərovun kadrlarına qarşı radikal addımlar atmağa başlayıb. Artıq bu barədə ilkin məlumatlar gəlməkdədir. Verilən xəbərə görə, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirib.

İclasda nazir müavininə tapşırıq verilib ki, dekabr ayının sonunadək arayış sistemi ləğv olunsun və elektronlaşdırılsın. Daha sonra S.Müslümov Bakının Xətai, Sumqayıt, Xaçmaz, İsmayıllı-Şamaxı-Qobustan, Ağcabədi-Ağdam, Mingəçevir-Yevlax, Samux-Goranboy-Naftalan, Daşkəsən-Göygöl, Qazax-Ağstafa, Cəlilabad-Biləsuvar, Masallı-Yardımlı, Saatlı-İmişli və Salyan-Neftçala regional TSEK rəhbərlərinin işdən azad olunduğunu bildirib və onlardan iclası tərk etməyi tələb edib. Lənkəran və Füzuli rayon TSEK-lərinin rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirilib.

Xatırladaq ki, DİA.AZ olaraq Səlim Müslümovun adından bütün rayon şöbələrinin rəhbərlərilə danışıqlar aparılması ilə bağlı məlumatı vermişdik. Redaksiyamızı bu barədə bilgiləndirən mötəbər mənbə iddia edir ki, Səlim Müslümov bununla yetinməyəcək və hətta Fizuli Ələkbərovdan qalma onlarla işçi ilə bağlı hüquqi ölçünün götürülməsi üçün materiallar da toplanılır.

Bildirək ki, artıq bu istiqamət üzərə də müəyyən addımlar atılmaqdadır. Belə ki, verilən xəbərlərin birində Azərbaycanda qeyri-qanuni yolla verilən əlillik dərəcələri ləğv olunacağı xüsusi olaraq qeyd olunub. Hər halda, bu açıqlama ilə çıxış edən Səlim Müslümov həm də konkret ittiham irəli sürüb. Yəni əgər qanunsuz olaraq kimlərəsə əlillik dərəcəsi verilibsə, kimlərinsə qanunsuz olaraq əlillik dərəcəsi aldığı iddia olunursa, belə bir problem mövcuddursa, deməli, konkret olaraq kimlərsə cinayət əməli törədib. Və bu ittihamın hədəfi təbii ki, ƏƏSMN-nin işçiləri olacaq. Yəni əgər Səlim Müslümov qanunsuz əlillik dərəcələrini ləğv etdirmə barədə hərəkətə keçibsə, bu cinayətə yol verənlərin də cəzalandırılması gündəmə gəlir.

Bildirək ki, nazir Naxçıvanda bu istiqamətdə mövcud olan uğurlu şəraitdən də danışıb. O, deyib ki, Naxçıvanda bu proses Avropa standartlarına uyğun aparılır. Ali Məclis sədrinin qərarı ilə əlillik dərəcəsi alanların hər biri yoxlanışdan keçirilib. Bundan sonra əlillik dərəcəsi ilə təqaüd alan insanların sayı kəskin azalıb: "Bu proses Azərbaycanın bütün regionlarında gedəcək. Bu gündən etibarən araşdırmalara başlanılacaq. Qeyri-qanuni yolla əlilliyə görə təqaüd alan şəxslərin dərəcələri ləğv ediləcək."

Hər halda, bu prosesin ƏƏSMN-də ciddi çalxalanmaya nədən olacağı şübhəsizdir.


Geri qayıt