Əsas Səhifə > Cəmiyyət > FİZULİ ƏLƏKBƏROV ÜÇÜN HƏBS TƏHLÜKƏSİ

FİZULİ ƏLƏKBƏROV ÜÇÜN HƏBS TƏHLÜKƏSİ


29-11-2013, 15:09
FİZULİ ƏLƏKBƏROV ÜÇÜN HƏBS TƏHLÜKƏSİ
SƏLİM MÜSLÜMOVUN TƏFTİŞLƏRİ NƏYƏ GƏTİRİB ÇIXARACAQ?

“Azərbaycanda saxta əlillik üzərə çıxarılarsa, bu, əvvəlki əmək və əhalinin sosial müdafiəsi naziri üçün yox, konkret olaraq yerlərdə qərar verən vəzifəli şəxslər üçün məsuliyyət yarada bilər”. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctmai Şuranın üzvü olmuş, Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyib.

Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli əllilik statusunun verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsi təklifi ilə çıxış edib. Eyni zamanda bildirib ki, hazırda Azərbaycanda xeyli sayda insan saxta əlillik statusu daşıyır.

Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsindən sonra bu sahədə vəziyyətin düzələcəyinə ümid edən Hadı Rəcəblinin təklifinə nazirlikdən münasibət gəlib. Belə ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna əlavə və dəyişikliklər edilərək yeni layihə sənədi hazırlanıb”. Bunu mətbuata Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildiriblər. Məlumata görə, “Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, onların sağlamlığının mühafizəsi və tibbi reabilitasiyası, sosial müdafiəsi, təhsili, peşə yönümünün və həyat şəraitinin yaxşılaşdırılması, informasiya və kommunikasiya texnologiyalarından istifadəsi üçün şəraitin yaradılması, istifadədə olan sosial infrastruktur obyektlərinin əlillərin və sağlamlıq imkanları məhdud uşaqların istifadəsi üçün uyğunlaşdırılması tədbirlərinin həyata keçirilməsi, mədəni həyatda onların iştirakının, istirahətinin və idman tədbirlərinin təşkili məqsədilə Nazirlik tərəfindən “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihə sənədi hazırlanaraq müvafiq dövlət qurumlarının rəy və təklifləri nəzərə alınıb.

Hazırda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən qeyd edilən layihə sənədinin iqtisadi əsaslandırılması ilə bağlı işlər həyata keçirilir. Bundan başqa, Nazirlər Kabinetinin 1997-ci il tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş ”Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamədə” əlilliyin müəyyən olunması meyarlarının sərtləşdirilməsi və bu sahədə məhdudiyyətlərin artırılması nəzərdə tutulur. Bununla əlaqədar Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə əlaqələr yaradılacaqdır”,-deyə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

S.Məmmədov hesab edir ki, saxta əlilliyin üzərə çıxarılmasına görə, əvvəlki nazir məsuliyyət daşıya bilməz. Onun fikrincə, bu problem konkret qərar qəbul edən orqan və şəxslərin üzərindədir. Onun sözlərinə görə, əlilliyi olan şəxslərin təkrar yoxlanılması ilə bağlı müxtəlif vaxtlar müəyyən edilir və onlar gəlib komissiyadan keçirlər: “Məsələn, bəzilərinə bir, bəzilərinə isə üç il müddət verilir. Əlil statusu daşıyanlar da həmin vaxtda komissiyadan keçməlidirlər”.

S.Məmmədov da düşünür ki, ölkədə saxta əlillik statusu daşıyanların sayı çoxdur. Ancaq belə hesab edir ki, saxta əlillyin sübut olunması çox çətin olacaq: “Onu da deyim ki, növbəti komissiya zamanı şəxsin sağlam olub- olmadığını üzərə çıxarmaq olar. Komissiya müəyyən edə bilər ki, şəxs ya əvvəldən sağlam olub və ona əlillik statusu verilib, ya da reablitasiya onunaraq sağalıb. Bax, saxtalığı belə müəyyən etmək və bu kimi neqativ halların qarşısını almaq olar. Ancaq bunun üçün obyektiv komissiya olmalıdır. Onu da bildirim ki, obyektiv komissiyanın formalaşdırılacağına şübhəm var. Çünki 150-200 manat alan komissiya üzvü obyektiv işləyə bilməz. Ünvanlı sosial yardımda olduğu kimi... Odur ki, total axtarış elan etmək və kimisə həbs eləmək effekt vermir. Əlbəttə, cinayət törədənə qarşı hansısa tədbir görülə bilər. Amma bu, məsələnin həllinə yönəlik fəaliyyət deyil. Obyektiv komissiya və işlək mexanizm olmayana qədər bu sahədə ciddi uğur əldə etmək olmayacaq”.

S.Məmmədov onu da deyib ki, İctimai Şuranın üzvü olduğu zaman sözügedən problemlər və onların həlli yolları barədə bəzi fikirlər səsləndirilib, mövzu ətrafında müzakirələr aparılıb. Onun sözlərinə görə, bununla bağlı konkret sənədlər hazırlanıb, hətta bəzi təklif və rəyləri də nəzərə alınıb: “Demək istəyirəm ki, sözügedən problemlərin aradan qaldırılması ilə bağlı proses gedirdi. Prosesin səmərəli olub-olmadığı başqa məsələdir”. O düşünür ki, yeni nazirin gəlişi ilə, görünür problem bir az da aktuallaşıb.

S.Məmmədov qeyd edib ki, saxta əlilliyin ən çox zərbəsi Səlim Müslümovun əvvəl sədri olduğu Dövlət Sosial Müdafiə Fonduna dəyirdi. Ona görə ki, əlillərin pulunu fond verirdi: “Səlim Müslümov fondun sədri olduğu dövrdə də daim bu problemə toxunurdu. Ona görə də, saxta əlillik məsləsi yeni nazir üçün ağrılı bir yerdir. Nazir həm də bu problemi dərindən bilən adamdı. O bilir ki, əlillərin sayının süni şəkildə çoxalması ölkənin pensiya yükünün artmasına gətirib çıxarır, fondun ödəmə qabiliyyətini isə aşağı salır. Bu problem həm də pensyaların artamasına mane olurdu və sair. Təsadüfi deyil ki, yeni nazirin “foks” kimi qoyduğu məsələlərdən biri də budur. Ona görə də bu sahədə islahat aprılacaqsa, onu ancaq alqışlamaq olar”.

O həmçinin xatırladıb ki, əlilliyin müəyyən olunması meyarlarının sərtləşdirilməsi ilə yanaşı kriteriyalarda da dəyişiklik gözlənilirdi: “Ümumiyyətlə, dərəcə məsələsinin aradan qaldırılması və əlilliyin təyin edilməsilə bağlı başqa indikatorlar müəyyənləşdirilməli idi”.

S.Məmmdov hesab edir ki, bu sahədə islahat aparmaq üçün konkret işlək mexanizm olmalıdır. Əks halda administrativ sərtləşdirmə üsulları müvəqqəti effekt verə bilər.

Geri qayıt