Əsas Səhifə > Partiya > ZİYALILARIN BÖYÜK MİTİNQİ BAŞ TUTACAQMI?
ZİYALILARIN BÖYÜK MİTİNQİ BAŞ TUTACAQMI?6-02-2012, 14:17 |
ELDAR NAMAZOV: “MARAQLI TƏKLİF VƏ İDEYALAR VAR” “Fransa Senatının qəbul etdiyi “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanuna etiraz əlaməti kimi keçirilməsi nəzərdə tutulan böyük mitinqlə bağlı çox ciddi müzakirələr gedir”. Bunu Modern.az saytına açıqlamasında Ziyalılar Forumunun təsisçilərindən biri, politoloq Eldar Namazov deyib. O bildirib ki, artıq bir neçə müzakirə keçirilib və burada maraqlı təklif və ideyalar səsləndirilib: “Çalışırıq ki, təşkilatı məsələləri həll edək və əvvəlcədən rəsmi məktubla müraciət edərkən orada bütün bunlar təfsilatı ilə göstərilsin. Müzakirələr davam edir və yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət edəcəyik”. Son zamanlar Ziyalılar Forumuna qoşulmaq üçün kimlərin müraciət etməsinə gəlincə, E.Namazov onların çoxunun mətbuat vasutəsilə fikirlərini bildiriklərini və adlarının bəlli olduqlarını qeyd edib. Bununla yanaşı, o, bir çox ziyalının da birbaşa onlarla əlaqə saxladığını və toplantılarında iştirak etmək istədiklərini bildirdiklərini deyib: “Hyatt Regency” otelində nəzərdə tutulan toplantımızda 140 nəfərin iştirakı gözlənilirdi. Həddindən artıq çox müraciət edən olduğu üçün biz tədbiri böyük zalda keçirmək istədik. Lakin hakimiyyətin təzyiqi altında son dəqiqədə bu baş tutmadı. Otel bundan imtina etdi. Başqa otellərə də hakimiyyət tərəfindən göstəriş verildiyi üçün bizim digər otellərlə də danışıqlarimiz baş tutmadı. Ümumiyyətlə, bizə müraciət edənlər çox olduğu üçün tədbirlərimizin böyük zallarda keçirilməsi məqsəduyğundur. Ancaq böyük zallar da hakimiyyətin nəzarəti altında olduğu üçün qadağa qoyulub”. “Azadlıq” radiosunun dəstəyi ilə tədbirin canlı yayınlanmasının onlar üçün birinci təcrübə olduğu deyən politoloq yenə də bundan yararlanacalarını qeyd edib. Onun sözlərinə görə, bununla hər kəsin Forumun tədbirlərində iştirak etməsi üçün əlverişli şərait yaranır: ““Azadlıq” radiosunun dəstəyi ilə canlı yayımlanan tədbirə həm audio, həm vidieo formatda baxmaq mümkün oldu. Bundan sonra da bu təcrübədən yararlanacağıq. İnternet vasitəsilə SMS, çat, e-mail, eyni zamanda zənglərdən istifadə etməklə Forumun tədbirlərində iştirak etmək istəyən hər kəs baxmaq və eşitməklə yanaşı, öz fikirlərini də bildirə biləcəklər”. Eldar Namazov müasir texniki avadanlıqların hesabına Avropada, Rusiyada, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrində yaşayan Azərbaycan ziyalılarının da Forumun tədbirlərində iştirak etmək imkanının olacağını istisna etməyib: “Bununla ziyalılar gedən müzakirələrə öz fikirlərini bildirə və təkliflər səsləndirə bilər. Biz müasir texniki avadanlıqlarla Azərbaycan ziyalılarının Forumun tədbirlərinə qatılması üçün bu şəraiti yaratmaq əzmindəyik”. E.Namazov onu da bildirib ki, Foruma qatılmaq istəyənlər üçün siyahı tutulmur. “Biz bunu əvvəlcədən də bildirmişdik ki, Ziyalılar Forumuna müraciət edənlərin siyahısı tutulmur, onlara kart verilmir”. Geri qayıt |