Əsas Səhifə > Güney Press, Araşdırma > “…BU DƏFƏ RƏSUL QULİYEV ÜÇÜN ONDAN DA BETƏR OLACAQ”

“…BU DƏFƏ RƏSUL QULİYEV ÜÇÜN ONDAN DA BETƏR OLACAQ”


6-02-2012, 15:02
“…BU DƏFƏ  RƏSUL QULİYEV ÜÇÜN ONDAN DA BETƏR OLACAQ”

“YAP MƏMUR ÖZBAŞINALIĞI İLƏ BAĞLI MƏLUMATLARI SƏDRƏ ÇATDIRIR”

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun müsahibəsini təqdim edirik.

- Bəzən belə xəbərlər yayılır ki, hakimiyyət daxilində YAP-ın namizədilə bağlı birmənalı fikir yoxdur.
- Bu söhbətlərin heç bir əsası yoxdur. Hakimiyyət birdir, qərar da birdir. Vəssalam. Guya hansısa fərqli mövqeyin olması barədə yazılanlara gəlincə, bu hansısa qəzetlərin reytinq xətrinə yazdığı yazılardı. Elə bir məsələ yoxdur. Bunların hamsı yalan və böhtandır.
- Bəs bütün bu kimi xəbərlər sizcə nədən qaynaqlanır?
- Bu əsasən xarici kəşfiyyat orqanlarının ortaya atdığı terminlərdir. Onlar bu terminləri müəyyən müxalifət nümayəndələri və qəzetlərin vasitəsi ilə irəli sürürlər.
- Hakimiyyətin monolitliyi barədə sualı təsadüfən vermədim. Çünki eks-spiker Rəsul Quliyevin əsas tezislərindən biri də iqtidar daxilində hansısa qüvvələrin ona dəstək verəcəyi ilə bağlı şərhlər və məlumatlardır. Sizcə burada hər hansı bir həqiqət payı varmı?
- Qətiyyətlə deyirəm ki, belə bir məsələ yoxdur. Rəsul Quliyev 1996-cı ildən artıq Azərbaycanda yoxdur. O, ölkədəki real ictimai-siyasi vəziyyəti lazımınca nə qiymətləndirə bilir, nə də onun Azərbaycanda bir tərəfdarı var. Heç bir siyasi qüvvə arasında onun dəstəyi yoxdur. Bu onun bir neçə mənasız bəyanatından başqa bir şey deyil. Rəsul Quliyev 2005-ci ildə də eyni sözləri deyirdi və hətta təyyarəyə minib gələcəyini vəd etmişdi. O zaman nəticəsi nə oldusa, indi ondan da betər olacaq.
- Hakimiyyətin idarəetmə sistemində qəribə bir amil diqqəti çəkir. Artıq 90-cı illərdə olduğu kimi, bütün problemlərin səbəbkarı və məsuliyyəti birbaşa prezidentün üzərinə qoyulmur. İqtidar ayrı-ayrı məmurların nöqsanlarına, özbaşınalığına və ya səriştəsizliyinə məsuliyyəti birbaşa cavabdeh olaraq həmin məmur üzərində qoyur. Buna münasibətiniz?
- Tamamilə doğru qeyd edirsiniz. Sahəyə məmur rəhbərlik edir. Hər məsələyə görə dövlət başçısını günahkar bilmək və müraciət etmək düzgün yanaşma deyil. Birinin suyu gəlmirsə, toyuğu itirsə, buna görə prezident cavabdehlik daşımır, o sahəyə təhkim edilmiş məmur cavabdehlik daşıyır. O baxımdan həmin məmurlar rəhbərlik etdikləri işlərə cavabdehlik daşıyırlar. Əgər o sahədə böyük problemlər varsa, dəyişiklik edilir, icra başçısı və ya aidiyyatlı strukturun rəhbəri dəyişdirilir.
- Siz parlamentin iclaslarında məmur özbaşınalığı və bürokrtatiyası ilə bağlı çıxış edirsiniz. YAP belə məmurlarla bağlı müzakirələr aparırımı?
- YAP-ın İdarə Heyətində belə məsələlər mütəmadi müzakirə olunur. Əgər hardasa ciddi problemlər varsa, partiyanın sədrinə bu barədə məlumat çatdırılır.


Geri qayıt