Əsas Səhifə > Cəmiyyət, Manşet > BİR AİLƏ ETİRAZ OLARAQ ACLIQ AKSİYASINA BAŞLADI
BİR AİLƏ ETİRAZ OLARAQ ACLIQ AKSİYASINA BAŞLADI2-12-2013, 16:16 |
MƏMUR ÖZBAŞINALIĞININ HƏDDİ... DİA.AZ: - Azərbaycanda bəzi bölgələrdə məmurların vətəndaşları süründürməçiliyə salması, insanlara qarşı biganə münasibətlər qalmaqddır. Mərkəzdən uzaq olan bu ərazilərdə vətəndaş-məmur münasibətləri normallaşmadığından bu cür xoşagəlməz hadisələr baş verir. Redaksiyamıza müraciət edən Tərtər sakini Gülsənəm Məmmədova da bu cür özbaşınalığın qurbanına çevrildiyini iddia edir. İş hətta o yerə çatıb ki, Gülsənəm xanım ailəsi ilə birlikdə Azərbaycan vətəndaşlığından imtina etmək istəyir. Ər-arvad Məmmədovlar ailəsinin 10 min dollarlıq torpağını satıb qaçıb Şikayətçi DİA.AZ-a bildirir ki, o rayonun Hüsənli kənd sakinidir. O 1998-ci ildə həmkəndlisi Barat Həsənov və onun həyat yoldaşı Qənirə Həsənovadan qanuni yolla torpaq sahəsi alıb. Barat və Qənirə Həsənovalar 1998-ci il tarixli JN-0088, kod-61100048 saylı dövlət aktına əsasən kənd ərazisindəki 1,99 hektar torpaq sahəsini qanuni yolla Gülsənəm Məmmədovanın ailəsinə satıb. Razılaşma əsasında ailə Barat Həsənova 10 min ABŞ dolları verib. Pulu verəndən sonra ailə torpaq sahəsini adına rəsmiləşdirmək istəyəndə isə Həsənovlar müəyyən bəhanələrlə bu prosesdən yayınıb. Bir müddətdən sonra isə məlum olub ki, Barat və Qənirə Həsənovalar həmin torpaq sahəsini qanunsuz yolla başqasına da sataraq kənddən qaçıb. Ailənin 94 sot torpağını da torpaq şöbəsi saxta sənədlə zəbt edib Bundan başqa, ailənin qanuni torpaq sahələri də məmurların əli ilə zəbt edilib. Şikayətçi deyir ki, kənddə ata-oğul məmurlarla birləşərək onların torpaq sahələrini əlindən alıblar: “Kənd sakini Məmmədov Azay Fərrux oğlu və onun oğlu Məmmədov Fədai Azay oğlu 94 sot torpaq sahəmizi qanunsuz ələ keçirib və hazırda heç bir əsas olmadan istifadə edirlər. Buna rayonun məmurları şərait yaradıb. Müəyyən maraqlarına görə Tərtər rayon Torpaq Şöbəsinin müdiri Elman Hüseynov və şöbənin baş məsləhətçisi Natiq Əliyev torpağa saxta rəy və saxta sənəd verməklə bizim qanuni pay torpağımızın bir hissəsini bir neçə nəfərə verib. Qanunsuz sənədə görə, həmin torpaq sahəmizi kənd sakinləri Mahir Məmmədov, Sahib Məmmədov, Azay Məmmədov və Həsən Talıbova veriblər. Torpaq şöbəsinin müdiri və onun baş məsləhətçisi xəritədə göstərilən qanuni yolu sakinlərə verib, əvəzində isə bizim qanuni torpaq sahəmizi heç bir əsas olmadan bölərək yol edib. Nəticədə bizim qanuni mülkiyyətimizə ziyan vurub”. Torpaq şöbəsinin müdiri özünü necə müdafiə edir? Gülsənəm Məmmədova deyir ki, məsələ ilə bağlı dəfələrlə Tərtər rayon torpaq şöbəsinə və digər aidiyyəti qurumlara müraciət etsələr də, onların şikayətləri qulaqardına vurulub. Hazırda ailənin şikayətlərinə reaksiya verən yoxdur: “Torpaq şöbəsinin müdiri Elman Hüseynov və onun baş məsləhətçisi bizi dəfələrlə təhqir edərək özbaşınalıqlarına haqq qazandırmaq istəyir. Bu şəxslər rayonda hegemonluğunu sübut etməyə çalışırlar. Torpaq sahələrini camaatın əlindən alıb istədikləri vaxt istədikləri şəxslərə satır, sakit və dinc əhalini dövlətə qarşı çıxarmaq istəyir. Bu gün onlarla ailənin hektarlarla torpaq sahələri saxta sənədlər əsasında saxtalaşdırılaraq satılır, narazılıq edən ailələr isə təhdidlərlə susdurulur. Vətəndaşların şikayət etmələrinə də imkan verilmir”. Ailə məsələ ilə bağlı Tərtər rayon məhkəməsinə də müraciət edib. Lakin torpaq şöbəsinin müdiri ilə əlbir olan məhkəmə icraçısı da həmin müraciətə reaksiya verməyib, qarşı tərəfi müdafiə edib. Məhkəmə ailənin qanuni torpaq sahəsinin geri qaytarılması barədə şikayətini rədd edib, torpaq şöbəsini qanuni iş görən kimi tanıyıb. Tərtər sakini prezidentdən imdad diləyir Çarəsiz qalan ailə əlacsızlıqdan probleminin həlli üçün dövlət başçısına və digər dövlət məmurlarına müraciət edib. Gülsənəm Məmmədova eyni zamanda prezident İlham Əliyevə, millət vəkili Mehriban Əliyevaya, Milli Məclisin spikeri Oqtay Əsədova, Baş nazir Artur Rəsizadəyə, Ombudsman Elmira Süleymanovaya, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, ədliyyə naziri Fikrət Məmmədova, milli təhlükəsizlik naziri Eldar Mahmudova, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova, Tərtər rayonunun icra başçısı Ceyhun Cəfərova, Tərtər rayon məhkəməsinin hakimi Nadir Əsgərova, rayon prokuroru Azər Hətəmova, rayon polis şöbəsinin rəisi Rauf Məcidova və digər ünvanlara müraciət ünvanlayıb. Müraciətdə ailənin mülkiyyətinə külli miqdarda ziyan dəydiyi bildirilib. Şikayətçi həmçinin müraciətində bildirir ki, problem həll edilməyəcəyi təqdirdə o ailəsilə birlikdə aclıq aksiyasına başlayacaq və Azərbaycan vətəndaşlığından imtina edərək xarici ölkə səfirliklərindən sığınacaq istəyəcək: “Artıq biz bu məmur özbaşınalığına dözə bilmirik. Məmurlar bizi əzirlər, mülkimizdən qovurlar. Belə bir dözülməz şəraitdə yaşaya bilmirik. Cənab prezident! Sizdən xahiş edirik, bizi bu cür məmur özbaşınalığından qurtarın. Rayon Torpaq şöbəsinin müdiri və onun əlaltıları bizim yaşamağımıza imkan vermir, bizi sıxışdırıb qanuni mülkimizi başqa şəxslərə satır. Biz də çarəsizlikdən aclıq aksiyasına başlayacağıq”. Geri qayıt |