Əsas Səhifə > Güney Press, Araşdırma > ARDNŞ ŞEFİ MİNLƏRLƏ VƏTƏNDAŞI İŞSİZ QOYACAQ

ARDNŞ ŞEFİ MİNLƏRLƏ VƏTƏNDAŞI İŞSİZ QOYACAQ


3-12-2013, 11:03
ARDNŞ ŞEFİ MİNLƏRLƏ VƏTƏNDAŞI İŞSİZ QOYACAQ
“Gələn ilin ilk ayından Dövlət Neft Şirkətində kütləvi ixtisarlar olacaq”. Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

Hüquq müdafiəçisi bildirdi ki, artıq şirkətin idarə və müəssisələrində işçilərə xəbərdarlıq edilib: “Artıq ARDNŞ-in tərkibindəki ”Azneft", “Azəriqaz” və “Azərkimya” istehsalat birliklərində, o cümlədən ARDNŞ-in Sosial Inkişaf və Təhlükəsizlik idarələrində çalışan işçilərə də bu haqda xəbərdarlıq olunub. Şirkətin idarə və müəssisələrində attestasiyalar keçirilir. 15-20 ildir çalışan işçilər attestasiyada keçid balını toplaya bilməmək bəhanəsi ilə işdən uzaqlaşdırılır. Bütün sualları doğru cavablandıran işçilərin də “attestasiyada müsbət nəticə göstərməyib” bəhanəsi və ittihamı ilə işdən uzaqlaşdırması faktları var. Belə ədalətsizliyə etiraz edənlərə məcburi qaydada “könüllü” işdən çıxmaq haqqında ərizə yazdırırlar". Təşkilat sədrinin sözlərinə görə, neft hasilatı azaldığından struktur islahatlarının aparılması vacibdir: “ARDNŞ-də audit aparan şirkət də struktur islahatlarının aparılmasını təklif edib. Amma şirkət xərclərini azaltmalıdır”.

Hüquq müdafiəçisinin fikrincə, ARDNŞ minlərlə işçini çıxarmaqla sosial partlayış yarada bilər: “Gələn ildən bahalaşma gözlənilir. Artıq ərzaq məhsullarının qiymətində artım var. Minlərlə neftçinin iş yerini itirməsi ailələrin ac qalması ilə nəticələnəcək. Buna görə də bir-birini təkrarlayan qurumlar birləşdirilməli, nəqliyyat və təhlükəsizlik ayrıca qurum kimi fəaliyyətə başlamalıdır”.

Qeyd edək ki, sosial şəbəkədə “Azərkimya” Istehsalat Birliyində xadimələrin də imtahan verdiyinə dair xəbərlər yayılıb. Idarədə çalışan işçilərin biri xadimələrə süpürgədən istifadə ilə bağlı suallar verildiyini yazıb. Məlumatda deyilir ki, təmizliyə aid sualları cavablandıra bilməyən xadimələr işdən çıxarılıb.

M.Qəhrəmanlı də rəhbərlik etdiyi təşkilata “Azərkimya”dan şikayətlərin olduğunu dedi.

Geri qayıt