Əsas Səhifə > Sosial, Manşet > MOSKVADAKI YEGANƏ AZƏRBAYCAN MƏKTƏBİ HƏDƏFDƏ

MOSKVADAKI YEGANƏ AZƏRBAYCAN MƏKTƏBİ HƏDƏFDƏ


3-12-2013, 11:34
MOSKVADAKI YEGANƏ AZƏRBAYCAN MƏKTƏBİ HƏDƏFDƏ
MƏKTƏBDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI ŞAGİRDLƏRİ RUSLAR HƏDƏLƏYİR

DİA.AZ: - Rusiyada yaşayan azərbaycanlılardan biri redaksiyamıza çox maraqlı məlumat verib. Tərlan Səmədov adlı soydaşımız DİA.AZ-ın elektron ünvanına yolladığı məktubunda bildirir ki, Kremlin son aylarda yürütdüyü antiAzərbaycan siyasətinin nəticələri özünü təkcə bazarlarda, piştaxta arxasındakı dəyişikliklərdə göstərmir, həm də soydaşlarımıza qarşı təhsil ocaqlarında da bir basqı müşahidə olunmaqdadır.

Soydaşımız yazır: «Məlumdur ki, Rusiyanın paytaxtında bir Azərbaycan məktəbi fəaliyyət göstərir ki, həmin orta məktəbdə əsasən azərbaycanlı övladları təhsil alırlar. Moskvanın Azərbaycan etnomədəni komponentli 157№ ümumtəhsil məktəbində azərbaycanlılarla yanaşı, özbəklər, türkmənlər və hətta Türkiyə türklərinin də ailələrindən olan uşaqlara tədris verilir. Bir sözlə, 157 saylı orta məktəb tam olaraq Türk Dünyasına qucaq açıb».

Soydaşımız bildirir ki, son günlər isə bu məktəbə şagirdlərin gediş-gəlişi əməlli-başlı problemə çevrilib: «Orta məktəbin divarları bir neçə gün əvvəl Rusiyanın neofaşist təşkilatları tərəfindən hədə dolu şüarlara qərq olundu. Dərhal yerli polisin iştirakı ilə divarlar təmizləndi. Məktəbin rəhbərliyi də bu hadisənin ictimailəşdirilməsinə maraq göstərmədi. Çünki şagirdlərin təhlükəsizliyi söz konusu idi.

Amma son günlər məktəbin qarşısında naməlum şəxslər peyda olmağa başlayıb və məktəbə gedən şagirdləri də hədələyirlər. Hətta şagirdlərdən birinə məktəbin partladılacağını da deyiblər. Bu isə valideynlərdə narahatçılıq yaradıb».

Artıq olayla bağlı məktəb rəhbərliyinin Azərbaycanın Rusiyadakı səfirliyinə də müraciət etdiyini bildirən soydaşımız onu da vurğuladı ki, eyni zamanda Azərbaycanın baş nazirinin keçmiş müavini, Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri Abbas Abbasovdan da kömək istənilib.

Geri qayıt