Əsas Səhifə > Sosial, Manşet > NAZİRLİKDƏN İLGİNC DƏRSLİK QƏRARI VERİLİR

NAZİRLİKDƏN İLGİNC DƏRSLİK QƏRARI VERİLİR


4-12-2013, 15:18
NAZİRLİKDƏN İLGİNC DƏRSLİK QƏRARI VERİLİR
MARAQLI: YENİ DƏRSLİKLƏR KÖHNƏ SOVET DÖVRÜNƏ İSTİNADƏN HAZIRLANIR

DİA.AZ: - Təhsil sistemində ciddi islahatlar gözlənilir. Bunu elə nazir Mikayıl Cabbarovun və həmçinin təhsil nazirliyinin bir sıra yetkililərinin açıqlamalarından da sezmək mümkündür. Əslində islahatlar çoxdan həyata keçirilməli idi və burada söhbət heç də hansısa kadrın bir başqası ilə əvəzlənməsindən getmir. Məsələnin mahiyyəti ciddidir…

Misir Mərdanov təhsil sistemini elə bulaşdırıb ki…

Misir Mərdanovun dövründə Azərbaycan təhsilinin neçə addım geri düşdüyünü hesablamaq o qədər də çətin deyil. Çətin olmayanı həm də bu addımlar nəticəsində alınan nəticə barədə təsəvvürlərin yaranmasıdır. Təhsil sahəsi elə bir istiqamətdir ki, buradakı nöqsanlar dərhal hiss olunur. Yaxşı təhsilin olmaması cəmiyyətin bütün sferalarında özünü nəzərə çarpdırır.

Və elə bu səbəbdən Misir Mərdanovun Azərbaycan təhsilinin başına açdığı oyunları təsəvvür etmək üçün o qədər də fitri qabiliyyətə ehtiyac yoxdur. Bu çox sadədir.. bir boylanıb kənara baxmaq və yaxud da istənilən bir dərsliyə nəzər salmaq yetərlidir ki, bu gün Azərbaycanda təhsilin bərbadlığına şahidlik edəsən.

Və buna görə bizlər Misir Mərdanova «MİNNƏTDARIQ». Maləsəf ki, sabiq nazirə «təşəkkürümüzü» bildirə bilmədik. O, yaxasını kənara çəkə bildi. Hətta yenidən «elmi fəaliyyət» göstərməsi üçün fürsət tanındı. Halbuki Abdulla Şaiq, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Hikmət Ziya, Teymur Elçin və digər bu kimi yazarları dərsliklərdən çıxarıb, yerinə «Sürücüdür mənim anam» kimi anlamsız və mənası olmayan şeirləri salan, Yunus Oğuz kimi müəlliflərin tarixlə bağlı cızmaqaralarını dərsliyə salan Misir Mərdanovun cəzası ağır olmalı idi.

Elə bu səbəbdən Mikayıl Cabbarovun işinin zor olacağı şübhəsizdir. Və görünəni də odur ki, artıq TN-də bu problemin ciddiliiyi qəbul olunur. Elə buna görə də mətbuat qarşısına çıxan nazirlik sözçüsü «indiki dərsliklərə baxanda sovet dövrünün dərsliklərinə rəhmət oxuyursan» kimi ifadələrdə bulunur.

Bəli, bizlər sovet dövrünün dərsliklərinə nəinki rəhmət oxuyuruq, həmin dərsliklərin həsrətini belə çəkirik. Bu gün övladını köhnə sovet dərsliyi ilə yetişdirən yüzlərlə valideyn də var ki, onların da bu davranışları anlaşılandır. Çünki Misir Mərdanovun fironluğu dövründə ərsəyə gətirilən dərsliklər bu gün yararsızdır və bu dərsliklər nəinki yaxşı, savadlı şagird yetişdirmir, həm də gələcəkdə cəmiyyət üçün problemə çevriləcək vətəndaşlar ordusu hazırlayır.

Mikayıl Cabbarov bunları nəzər alacaq…

Bu barədə isə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur. Redaksiyamızı bilgiləndirən TN-dəki qaynaq iddia edir ki, təhsil nazirliyində ciddi islahatları planlaşdıran nazir hətta yenidən dərsliklərin yazılması üçün dövlət büdcəsindən əlavə pul almağa, ayrıca maliyyə qaynaqları aramağa da maraq göstərməkdədir, bu yöndə işlər gedir.

Mənbəmizin söylədiklərindən belə anlaşılır ki, artıq yeni dərsliklərin yazılması üçün konkret komissiyaların yaradılması da planlaşdırılır: «Bütün siniflər üzərə yeni dərsliklərin yazılması planlaşdırılır. Və burada ən çox diqqətçəkəni isə odur ki, yeni dərsliklərin hazırlanmasında sovet dövrünün dərsliklərindən nümunə kimi istifadə olunacaq».

Hər halda, Mikayıl Cabbarovun bu təşəbbüslərini alqışlamaq lazımdır. Ən azından onun bu gün nəzərdə tutduğu addımın dövlət və cəmiyyətimiz üçün nə qədər faydalı olacağını təxmin edərək…

Geri qayıt