Əsas Səhifə > Gündəm, Manşet > TƏHSİL SİSTEMİNƏ SÜPÜRGƏ ÇƏKİLİR

TƏHSİL SİSTEMİNƏ SÜPÜRGƏ ÇƏKİLİR


3-10-2011, 11:14
TƏHSİL SİSTEMİNƏ SÜPÜRGƏ ÇƏKİLİR

SÜPÜRGƏPULU YIĞAN NAZİR KİMLƏRİ BİRİNCİ İTİRƏCƏK?

DİA.AZ: - “Məktəb tikintisi və təmir işləri zamanı ciddi yeyinti hallarına yol verilib”. Bunu keçən həftə Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib. Baş prokurorun sözlərinə görə, həm bu işləri görən kommersiya təşkilatları, həm də Təhsil Nazirliyinin vəzifəli şəxsləri çox ciddi qanun pozuntularına yol veriblər: “Bununla bağlı başlanmış üç cinayət işinin istintaqı davam etdirilir. Eyni zamanda tikinti zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması isə bağlı Təhsil Nazirliyinə mənim tərəfimdən müvafiq təqdimat göndərilib”.

Təbii ki, ölkənin baş prokurorunun ilk dəfə açıq şəkildə konkret ünvanları hədəf kimi göstərməsi mətbuatın diqqət mərkəzinə çevrilməli idi. Elə də oldu. Artıq «Zakir Qaralov bu açıqlamsı ilə nəyi demək istəyir» sualı yerli qəzetlərin səhifələrində ən aktual ana müzakirə mövzusuna çevrilib.

Lakin burada qeyri-adi bir hadisənin axtarılması heç də doğru deyil. Hər halda, respublika prokurorluğu nəhayətdə dünənə qədər baş verənlərə izahat verməli idi. Və Zakir Qaralovun son açıqlaması əslində ilk olaraq məhz tələbatda olan açıqlama kimi qəbul edilməlidir. Onun bununla nəyi deməsinə gəlincə isə, burada da qaranlıq heç nə yoxdur. Hər kəs və xüsusən də Azərbaycan hakimiyyətin Azərbaycan təhsilinin anasının ağladıldığını etiraf edir.

Bildirək ki, artıq bir sıra ekspertlər Qaralovun məlum açıqlamasının ardından müxtəlif rəylər açıqlayıblar. Və onlardan ən populyar olanı budur ki, Zakir Qaralov əslində son fikirləri ilə yeni həbsləri anons etməkdədir. Burada isə ən çox adları çəkilənlərdən biri də Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirovdur. Qeyd edək ki, Allahverdi Dəmirov təhsil nazirliyində təmir-bərpa sektoruna nəzarət edir. Yəni Misir Mərdanova ən böyük pulları onun qazandırdığı söylənilir. Və xatırladaq ki, bir müddət əvvəl onun da həbs olunması barədə məlumatlar yayılmışdı. Lakin sonradan Allahverdi Dəmirovun azadlıqda gəzdiyi məlum oldu.

Lakin yenə də həbslər gözləniləndir və qəzetlərin yazdığına görə, hətta bu yaxınlarda prezidentin sərəncamı ilə işdən çıxarılmış nazir müavinlərinin (İsgəndər İsgəndərov, İradə Hüseynova və Elmar Qasımov vəzifələrindən azad ediliblər) istintaqa cəlb edilməsi təhlükəsi var. Xüsusilə də Elmar Qasımovun istintaqa cəlb edilməsi ehtimalı çox yüksəkdir.

Bu barədə “Dünyz” İnformasiya Agentliyinə daxil olan informasiyalarda da bildirilir ki, Qaralov boşuna danışmayıb: «Əgər onun bu açıqlaması bir yandan hesabat xarakteri daşıyırsa, digər yandan hakimiyyətin təhsildəki biabırçı duruma biganə qalmadığını göstərməkdədir».

Mənbəmizə görə, Zakir Qaralovun anonsunun ardından təhsil sistemində növbəti həbs dalğası baş qaldıra bilər: «Həqiqətən də sabiq nazir müavinlərinin durumu ağırdır. Lakin ilk həbslər tikinti sektorunda olacaq. Yəni bu gün daha çox orta məktəblərin inşası və təmiri zamanı yol verilən yeyintilərdir».

Mənbəmiz bildirir ki, həbslərin bu istiqamətdə cərəyan etməsi nəhayətdə Misir Mərdanovun özünü də hədəfə çevirə bilər: «Diqqət yetirin, Misir Mərdanov mətbuat qarşısına çıxaraq «mən də istefaya gedə bilərəm» şəklində açıqlama verir və bunun ardından onun 3 müavini bir günün içində vəzifəsin itirir. Bu nə deməkdir?»

Mənbəmizə görə, Misir Mərdanov heç nəyi təsadüfən danışmırdı: «Proses çoxdan başlayıb. Misir Mərdanov da onu hansı aqibətin gözlədiyini yaxşı bilir. Unutmayın, Əli İnsanova qarşı gedən və bunu məhz vəzifəsini qoruman naminə edən bir adam əgər istefadan bu qədər rahat-rahat danışırsa, deməli, daha ağır aqibətdən sığortalanmağı düşünür. Yəni Misir Mərdanov sevinər ki, bu gün həbs olunmadan yaxasını qurtara bilsin, çulunu sudan quru çıxarsın».

Xatırladaq ki, həqiqətən də təhsildə inşaat sektoru son zamanlar həm korrupsiyaya qarşı mübarizə idarəsinin və həm də digər hüquq-mühafizə orqanlarının xüsusi diqqət mərkəzindədir. Hətta bu günlərdə yaydığımız məlumatda da bildirmişdik ki, Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirovla, təhsil sistemində inşaat işləri tenderlərinin şübhəli qalibi olan «Xumar-98» və «Qardaşlıq» firmalarının sahibi Mövsüm İsmayılov həbs olunsalar da, sonradan onlar 20 milyon avro həcmində rüşvətin müqabilində azadlığa buraxılıblar. Amma buna baxmayaraq onların durumunun yenə də gərginlik nöqtəsindən çıxmadığı bildirilir.

Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər qaynağın iddialarına görə, artıq araşdırmalar elə bir məqama yetişib ki, ortaya çıxarılan faktlarla bağlı həm ölkə başçısı məlumatlandırılıb, həm də bu faktların dəhşətli miqyasda olması məlum olub. Belə bir şəraitdə isə kimlərsə mütləq cəzalandırılmalıır.

Mənbəmiz bildirir ki, bu əsnada ilk olaraq yenə də köhnələr - yəni Allahverdi Dəmirov və Mövsüm İsmayılov həbs təhlükəsi ilə üz-üzədir: «Onlarla bir yerdə Misir Mərdanov da həbs oluna bilər».

Əslində bu aqibətin həm də sosial sifariş olduğunu söyləyə bilərik. Hər halda, bu gün Azərbaycanda təhsilin biabırçı səviyyədə olması, ilbəil ali məktəblərə qəbulların azalması, qəbul zamanı keçid ballarının aşağı salınması kimi biabırçı faktlar nəhayətdə təhsil sisteminə süpürgə çəkilməsini zəruri edir. Doğrudur, Misir Mərdanovun tikinti məsələsinə görə həbs olunacağı söylənilir. Yəni onu məhz azərbaycanlı balasını kor qoyması səbəbindən həbs etmirlər. Amma ruslar demişkən, «i to xleb»…

Geri qayıt