Əsas Səhifə > Sosial, Manşet > ŞOK: AZƏRBAYCANDA BÜTÜN TƏRİQƏTLƏR MƏMURLARA İŞLƏYİR

ŞOK: AZƏRBAYCANDA BÜTÜN TƏRİQƏTLƏR MƏMURLARA İŞLƏYİR


6-12-2013, 14:06
ŞOK: AZƏRBAYCANDA BÜTÜN TƏRİQƏTLƏR MƏMURLARA İŞLƏYİR
MƏMUR YAXINI İLGİNC FAKTLARI AÇIQLADI: GƏLƏN İL ADDIM ATILACAQ

DİA.AZ: - «Azərbaycanda ayrı-ayrı dini sektaların hansısa formada təhlükə törətməsi imkansızdır». Bu şok iddianı DİA.AZ-a açıqlamasında məmur yaxınlarından biri söyləyib. Mənbə iddia edir ki, bu gün Azərbaycanda bütün təriqətlər, dini cərəyanlar hansısa məmurun nəzarəti altındadır, hansısa məmura haqq verir.

Bu maraqlı fikirləri söyləyən mənbə daha sonra davam edir: «Azərbaycanda təbii ki, məsələn, vəhabilər vahid mərkəzdən idarə olunmurlar. Təxminən vəhabiliyin 4 qolu bu gün Azərbaycanda fəaliyyətdədir. Amma əksəriyyəti məmurlardan birinə tabe etdirilib. Yəni istənilən vaxt, düymə basılarsa, vəhabilərin ipi bir yerə yığıla bilər».

«Bəs o zaman Azərbaycanda terror aktları törədən vəhabilər nədən nəzarət altında deyil» sualımızın cavabında mənbəmiz bildirdi: «Yalnız bir qol var ki, onlar nəzarətsizdirlər. Daha doğrusu, onların özləri də iki qola bölünürlər. Biri Rusiyadan idarə olunan xətt, digəri isə Səudiyyə Ərəbistanından idarə olunan xətt. Hər iki xəttin ümumi adı xavariclərdir. Digər vəhabi qolları, daha dəqiqi Küveyt bağlılığı olan vəhabi qolları məmurlarımızla ortaq hərəkət etdiyindən, məmurlara haqq ödədiklərindən onlar təhlükəli hesab olunmurlar(?!). Lakin istənilən münbit şəraitdə təhlükəyə çevrilmələri də istisna olunmur».

Mənbəmiz iddia edir ki, xavaric-vəhabilərin Rusiyadan idarə olunan qanadı təxminən 10 il əvvəl yaradılıb: «Bu vəhabilər Rusiyanın xüsusi xidmət orqanları ilə çalışır. Ruslar özlərinin Şimali Qafqazdakı mövqelərini qoruya bilmələri üçün bu addımı atıblar. Və bu günə kimi vəhabi xəttində əməlli-başlı təsir rıçağı əldə ediblər. Hətta iş o həddə çatıb ki, ruslar öz vəhabilərini, məsələn, Azərbaycan əleyhinə belə istifadə imkanına malikdirlər».

Bu günə kimi vəhabilərin daha çox Küveyt-Səudiyyə Ərəbistanı xətti ilə ingilis-amerikan-yəhudi kəşfiyyat şəbəkəsinə bağlı olduğunu bildirən mənbəmiz iddia edir ki, Rusiyanın yeni xəttində təmsil olunan vəhabilər də fərqli bir tərzdə Azərbaycanda şəbəkələşməyə başlayıblar: «Onlar öz sıralarına daha çox milli azlıqları cəlb edirlər. Yəni bu da Rusiyanın vəhabilik xəttindəki payının həm də etnik baxımdan formalaşdığını da təsdiqləyir. Bu da Rusiyanın siyasətidir».

Mənbəmiz bildirir ki, vəhabilərlə yanaşı, nurçular, baptistlər, yehova şahidləri, birlik kilsəsi tərəfdarları, krişnaidlər və digər bu kimi təriqət və dini cərəyanlar da hansısa məmurun çətiri altında olduğundan onlar yalnız sıralarını genişləndirmələri baxımından nəzərləri cəlb edirlər: «Bunu hər kəs etiraf edə bilər ki, hansısa yehova şahidi kütləvi şəkildə Azərbaycana ziyan vura bilməyib, bunu bacarmaz da. Əslində burada millətin mentalitet idə önəmlidir. Yəni biz azərbaycanlılar nə qədər də pula maraqlı olsaq da, risqli işlərdə daha az olmağa çalışırıq. Məhz bu da illərdir Azərbaycanda çalışan müxtəlif xəttlərə əlavə problemlər yaradır. Təsəvvür edin, bir nəfəri yetişdirə bilmələri üçün onlar az qala 100-200 min, bəzən 1 milyon manat pul xərcləyirlər. Yəni bu adam onların lideri olmalıdır. Lakin sonda görürlər ki, yetişdirdikləri adam həm də dövlətə bağlıdır. Bu çox ciddi məsələdir».

Amma arxayınlaşmağın da doğru olmadığını bildirən mənbəmiz əlavə etdi ki, bu gün Azərbaycana gəlmək istəyən yüzlərlə təriqət var: «Onların əksəriyyətinə rədd cavabı verilib. Onlar hətta ayrı-ayrı ünvanlarda özlərinə ibadət ocaqları da yaradıblar. Dərhal bunun qarşısı alınıb. Yəni yeni təriqət və dini cərəyanlar üçün artıq Azərbaycanın qapısı bağlanıb. Ümumiyyətlə, hökumətin gələn il dini təriqətlərlə bağlı yeni tədbirləri olacaq. Hənəfi və cəfərilikdən - ənənəvi xəttlərdən kənarda olan bütün baxışlar rəsmən hədəfdə olacaqlar».

Geri qayıt