Əsas Səhifə > Güney Press, Araşdırma > MEYVƏ-TƏRƏVƏZİN QİYMƏTİ BAHALAŞA BİLƏR

MEYVƏ-TƏRƏVƏZİN QİYMƏTİ BAHALAŞA BİLƏR


8-02-2012, 13:53
MEYVƏ-TƏRƏVƏZİN QİYMƏTİ BAHALAŞA BİLƏR

SOYUQ HAVA KTN SEKTORUNU DA VURDU

Azərbaycanda son günlər pisləşən hava şəraiti ölkədə kənd təsərrüfatı məhsullarının istehsalına həm müsbət, həm də mənfi təsir edir. Bu barədə çərşənbə günü Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin rəisi Sabir Vəliyev bildirib.

Onun sözlərinə görə, belə hava torpaqda yüksək nəmlik yaradır ki, bu da xüsusən uzun müddət quraqlıqdan əziyyət çəkən bitkilər üçün faydalıdır.

"Yüksək nəmlik bitkilərin kök sistemini qidalandırır, habelə mineral duzlar və gübrələr tez mənimsənilir", - Vəliyev qeyd edib.

Onun sözlərinə görə, bundan başqa, olduqca hündür qar örtüyü birillik bitkilər, xüsusən yem və dənli bitkilər üçün "döşək" effekti yaradır. Bu, faydalıdır, belə ki orada istilik toplanılır və temperatur qar altında hətta müsbət olur.

Belə havanın daha bir müsbət cəhəti odur ki, indiki hava şəraiti zamanı bitkilər, xüsusən də meyvə ağaclarında xəstəlik törədən mikroblar təbii yolla məhv edilir.

"Biz əgər əvvəl qışda üzüm və meyvə bağlarının dezinfeksiyası üzrə işlər aparırdıqsa, indi onlar məhdudlaşıb" , - Vəliyev vurğulayıb.

Onun sözlərinə görə, şaxtalı havanın mənfi təsiri o ola bilər ki, mənfi 15 dərəcədə şimal rayonlarında - Quba, Xaçmaz, Şəki, Zaqatalada meyvə bitkilərinin tumurcuqları dona bilər.

"Bu, rayonlarda mümkündür və əgər meyvə ağaclarının tumurcuqları donarsa, bu yekunda məhsuldarlığı azaldacaq, nəticədə meyvələrin yetişdiyi dövrdə - yaz və yayda qiymətlər bahalaşacaq" , - Vəliyev deyib.

Onun sözlərinə görə, hava yaxşılaşandan sonra Kənd Təsərrüfatı Nazirliyi məhv olmuş tumurcuqların göstəricisini aydınlaşdırmaq və dəymiş ziyanı hesablamaq üçün yoxlamalar keçirəcək.

"Lakin məhsulu müəyyən dərəcədə bərpa etmək üçün metodlar var və biz onları tətbiq edəcəyik" , - Vəliyev bildirib.

Çərşənbə günü səhərdən Bakıda güclü çovğun başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, çərşənbə günü şaxtalar güclənəcək.
Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.

Azərbaycanın rayonlarında fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq.


Geri qayıt