Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SAMUXDA SAKİNLƏRİN ZİBİLXANA PROBLEMİ

SAMUXDA SAKİNLƏRİN ZİBİLXANA PROBLEMİ


10-12-2013, 10:22
SAMUXDA SAKİNLƏRİN ZİBİLXANA PROBLEMİ
Bu gün respublikamızın bütün regionlarında aparılan yenidənqurma və abadlıq işlərinin həm miqyası, həm də dinamikası hər kəsdə heyrət doğurur. Ölkəmizin demək olar ki, bütün rayonlarında, şəhər, qəsəbə və kəndlərdə intensiv surətdə həyata keçirilən əsaslı bərpa-təmir işləri, küçə və yolların abadlaşdırılması yerli sakinlərin sosial durumunun yüksəlməsinə, məişət problemlərinin həllinə güclü təkan verir. Digər tərəfdən isə böyük təəssüf hissi ilə qeyd etməliyik ki, hələ də bu proseslərdən kənarda qalmağa üstünlük verən, dövlət tərəfindən ona verilmiş müstəsna səlahiyyətlərdən dövlətin və xalqın rifahı naminə deyil, öz maddi maraqlarının təminatı məqsədilə istifadə edən yüksək vəzifəli məmurlara kifayət qədər tez-tez rast gəlirik.

Bu deyilənlərin təsdiqini tapmaq üçün isə Samux rayonunda baş verənləri səthi müşahidə etmək kifayət edir. Xatırlayırsınızsa bir müddət əvvəl qəzetimizin səhifələrində dərc olunmuş materiallardan birində biz Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin hələ Binəqədi RİH-nə rəhbərlik etdiyi dövrdə adının hallandığı bəzi qalmaqallara diqqət yönəltmişdik. Elə həmin materialda da qeyd olunmuşdu ki, Alı Qocayevin Samux RİH-nin başçısı kimi göstərdiyi fəaliyyəti də problemlərsiz ötüşmür. Bir müddət əvvəl kütləvi informasiya vasitələrində Samux rayonu Qiyaslı kənd orta məktəbinin pedaqoji heyətinin və kənd ziyalılarının kəskin etirazlarına dair materiallar dərc olunmuşdu.

Bu etirazlar isə Alı Qocayevin Qiyaslı kənd orta məktəbinə Rzayeva Günay Sabir qızını direktor təyin etməsinə qarşı yönəlmişdi. Bildirilirdi ki, məktəbin ağsaqqal müəllimləri və kənd əhalisi G.Rzayevanın bu təyinatını uzun illər Qiyaslı kənd orta məktəbində əmək sərf etmiş müəllimlərə hörmətsizlik kimi qiymətləndirirlər. İcra başçısı isə ictimai rəyə son dərəcə etinasız münasibət nümayiş etdirərək, ehtirasların daha da qızışmasına yol açmışdı.

Bu gün isə A.Qocayevin Samux RİH-nin başçısı vəzifəsində göstərdiyi qeyri-qənaətbəxş fəaliyyətinə dair redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. Bu məlumatlarda rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik və bir çox digər ciddi qanun pozuntuları barədə rayon sakinlərinin şikayətləri öz əksini tapır. Şikayətçilər xüsusilə qeyd edirlər ki, A.Qocayevin himayəsinə sığınmış bir çox məmurlar yol verdikləri özbaşınalıqlarla bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə səbəb olurlar. Bu xüsusda aldığımız növbəti şikayət məktubundan bir çıxarışı olduğu kimi sizə təqdim etmək istəyirik:

“Salam, hörmətli redaksiya. Sizə Samux rayonu Kommunal idarəsinin mudiri Mahir Əliyevlə baglı muraciət edirəm. Belə ki, bir vaxtlar istirahət parkında bəslənən dəvəquşuları satmaqla məhşurlaşan bu məmur, indi də rayonun kommunal xərclərinə ayrılan vəsaitləri talamaqla məşğuldur. Hər ay zibil pulu, yanacaq pulu və sabadlaşdırma işləri adı ilə dovlətə boyuk ziyan vurur. Bütün bu çirkli əməllərini öz cinayət ortaqları ilə etdiyindən yəqin ki, bu məlumatlar yuxarı instansiyalara çatmır. Belə olmasa, aylıq 3000 manatadək başa gələn zibillər (idarələrdən alınan məlumatlara əsasən bu qiymət göstərilib), heç olmasa vaxtlı vaxtında yığışdırılar. Mənim bir vaxtlar bu idarədə işləmiş biri kimi, bütün bu maxinasiyalar barədə məlumatım var. Lakin dəfələrlə aydiyyatı olan vəzifə sahiblərinə bu haqda desəm də, indiyədək heç bir ölçü götürülməyib...”Əlbəttə ki, Mahir Əliyevin özbaşınalıqlarına qarşı Samuxda hər hansı ölçü götürüləcəyini gözləmək sadəlövhlük olardı. Çünki bu gün bu rayonun problemləri ayrı-ayrılıqda götürülmüş hər hansı idarə səviyyəsində deyil, yalnız birbaşa RİH səviyyəsində keçirilməsi tələb olunan islahatlar nəticəsində öz həllini tapa bilər.

Geri qayıt