Əsas Səhifə > Sosial, Manşet > ZAKİR FƏRƏCOVUN BAKI MERİYASINA YOLU BAĞLIDIR

ZAKİR FƏRƏCOVUN BAKI MERİYASINA YOLU BAĞLIDIR


10-12-2013, 12:09
ZAKİR FƏRƏCOVUN BAKI MERİYASINA YOLU BAĞLIDIR
DİA.AZ: - Artıq bir neçə gündür Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun işdən çıxarıldığı və onun yerinə isə Abşeronun icra başçısı Zakir Fərəcovun gətiriləcəyi ilə bağlı məlumatlar mətbuatın əsas mövzularından birinə çevrilib. Mütəmadi olaraq media orqanlarında yer alan belə xəbərlərin məqsədli şəkildə dövriyyəyə buraxıldığı artıq sirr deyil.

Qeyd edək ki, hər dəfə bu barədə məlumatlar gündəmə gəldiyində ilk yada düşən məşh Zakir Fərəcov olur. Bu isə səbəbsiz deyil. DİA.AZ bildirir ki, jam.az-a verilən məlumatlarda vurğulanır ki, Abşeronun icra başçısı bu prosesin əsas təşkilatçılarından biridir. Onun strateji hədəfləri isə bir neçədir.

Birinci iddiaya görə, Zakir Fərəcov rəhbərlik etdiyi rayonda bəzi iş adamlarını ələ almaq üçün oyun oynayır. Belə ki, həmin şəxslərdən müxtəlif adlar altında alınan pulları «rəsmiləşdirmək» üçün icra başçısı onlara vəd verib ki, yaxın gələcəkdə Bakı meri olacaq və bu şirkətlər də böyük tenderlərdə iştirak edəcəklər. Şirnikləndirici vədlərlə yoldan çıxardığı həmin iş adamları isə proses yubandığında və ya danışmağa başladıqda təcili olaraq mətbuata Fərəcovun Bakı meri olacağı barədə məlumatlar ötürülür. Və bununla da proses bir müddətə səngiyir.

İkinci iddiada isə vurğulanır ki, Hacıbala Abutalıbovun yerində gözü olan Abşeronun icra başçısı bu cür xəbərləri dövriyyəyə buraxdırmaqla, yuxarıların diqqətini özünə cəlb etmək istəyir. «Ən şanslı namizəd», «Hakimiyyətin etibar etdiyi adam» başlıqları altında dərc olunan xəbərlər də məhz həmin məqsədlərə xidmət edir.

Daxil olan məlumatlara görə, əslində, yuxarı dairələrdə Zakir Fərəcovla bağlı rəy mənfidir. Onun Abşeron kimi nəhəng bir rayona rəhbərlik etməsinə rəğmən, idarəçilik işlərini lazımi səviyyədə qura bilməməsi, habelə büdcə vəsaitlərini təkbaşına talan edən adam kimi tanınması Bakı merliyinə gelən yolunu hələ iki il bundan əvvəl bağlayıb. Məlumatlarda qeyd olunur ki, sözügedən şəxslə bağlı qalmaqallı əsas məsələ təkcə bu il ərzində büdcədən ayrılmış 50 milyon manata yaxın vəsaitin aqibətinin hələ də qaranlıq olmasıdır. Bununla bağlı araşdırma aparan müvafiq qurumlar isə yekun hesabatlarını yanvar ayına kimi rəsmi dairələrə təqdim etməlidir. Bəzi bilgilərə görə, həmin hesabatlarda dəhşətli maliyyə yeyintiləri yer alıb və bu da Zakir Fərəcovun icra başçısı karyerasının sonu ola bilər.

Geri qayıt