Əsas Səhifə > Güney Press, Araşdırma > FİZULİ ƏLƏKBƏROVDAN SONRA ƏƏSMN ÇOX DƏYİŞİB
FİZULİ ƏLƏKBƏROVDAN SONRA ƏƏSMN ÇOX DƏYİŞİB13-12-2013, 12:22 |
Füzuli Ələkbərovun istefasından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postuna gətirilən DSMF-nin keçmiş sədri Səlim Müslümov bir sıra kadr siyasəti aparıb. JAM.AZ xəbər verir ki, sonuncu müşavirədə isə 13 TSEK sədrini işdən qovan nazir, onların yerinə hələlik heç bir təyinat etməyib. Ötən günlərdə Salyan-Neftçala TSEK-nin sədri Əliyar Məmmədovun işdən çıxarılmasından sonra səlahiyyətləri icra edən Nizami adlı həkimdən bəhs etmişdik. Bildirmişdik ki, bu şəxs hal hazırda pensiya işləri ilə əlaqədar «alış-veriş» işlərini müvəqqəti olaraq durdurub. Və bildirir ki, yeni nazirdən təlimat gələnə qədər bu şəkildə davam edəcək. Onun həmçinin nazirlikdə TSEK sədri olması ilə əlaqədar danışıqlar aparması və razılıq almasına dair məlumatlar var. Deyilir ki, Nizami həkim artıq hər yerdə pulunu verdiyini və yaxın günlərdə təyinat alacağını açıq şəkildə bəyan edir. JAM.AZ-ın əldə etdiyi məlumatlarda isə başqa mətləblərdən bəhs olunur. Qeyd olunur ki, Səlim Müslümov nazir təyin olunandan dərhal sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzi Aparatının rəhbərliyinə Əjdər Olu oturdub. Uzunmüddət bir sıra mühüm postlara sahib olmuş və idarəçiliyi heç də zəif bilməyən Əjdər Ol isə kadr siyasətini həyata keçirən əsas fiqura çevrilib. Məlumatlarda vurğulanır ki, aparatın rəhbəri artıq öz komandasını formalaşdırmaq üçün siyahı belə hazırlayıb. Və həmin siyahıda adları olan adamların bir-bir yeni təyinatlar aldığı deyilir. İddialara görə, Salyan-Neftçala TSEK-i sədrinin postuna elə Əjdər Ol Nizami həkimi təyin etdirmək qərarına gəlib. Üstəlik, Neftçalada pensiya düzəltmək istəyənlərə «şad» xəbər də verilib ki, yanvardan etibarən prosesə başlanılır. Sadəcə, Nazim həkim qiymətlərin dəyişəcəyini də vurğulayıb. Belə ki, indiyə qədər pensiya düzəltmək istəyən şəxs 1700 manat verirdisə, yanvardan bu rəqəm 2000 manata qalxacaq. Nizami həkimin iddiasına görə, həmin pulun az qismi onun özünə çatacaq, yerdə qalanı isə yeni nazirə veriləcək. Bu iddianın nə qədər doğru olub, olmadığını isə bilmirik. Ancaq aparılan araşdırmalar nəticəsində və gələn xəbərlərdə başqa bir mətləbə də toxunulur. JAM.AZ-a çatan bilgilərə görə, hazırda TSEK sədri postuna keçmək istəyənlərdən həmin məntəqənin statusuna görə, pul tələb olunur. Məsələn, Masallı rayonunda Sosial Müdafiə Mərkəzinin (SMM) müdiri postu üçün 150 min manat istənildiyi deyilir. TSEK müdiri vəzifəsinin qiymətinin isə minimum 300 min manat olduğu iddia edilir. P.S. Qeyd edək ki, bu yayılmış xəbərlərdir və onun həqiqət olub, olmadığı bizim üçün də hələlik məlum deyil. Ona görə də, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |