Əsas Səhifə > Partiya > “İCTİMAİ PALATANIN GETDİYİ YOL AYDINDIR”
“İCTİMAİ PALATANIN GETDİYİ YOL AYDINDIR”9-02-2012, 14:15 |
“HANSISA PARTIYALARI ÖZ KÖLGƏSİNDƏ SAXLAMAQ NİYYƏTI YOXDUR" Azərbaycan müxalifətinin güc mərkəzi, müxtəlif müstəvilərdəki qüvvələri bir araya gətirən struktur olduğu deyən İctimai Palatanı tənqid edən siyasi strukturların sayı azalmır. Müxalifətdəki çeşidli qurumların bəyanatları təxminən analoji məzmundadır. Onlar iddia edirlər ki, İctimai Palata müxalifət düşərgəsinin bütün spektrini əks etdirmir və daha doğrusu, əks etdirmək istəmir. Həmin strukturlar onu da bəyan edirlər ki, İctimai Palata indi faktiki olaraq iki təşkilatın - Xalq Cəbhəsi və Müsavat partiyalarının inhisarındadır. Belədirsə, İctimai Palata nədən mövqelərində zəruri dəyişikliklər etmir? AXCP sədrinin müavini Razi Nurullayev isə belə iddialarla razılaşmadığını bildirdi. O, açıqlamasında söylədi ki, İctimai Palata yaranan gündən bəri "açıq qapı" siyasəti yürüdür və müxalifət düşərgəsində təmsil olunan qurumlarla üzvlüklə bağlı danışıqlar aparmağa hazırdır. "Ümumiyyətlə, bəhs etdiyimiz məsələ indiyədək müxtəlif partiyalar tərəfindən bu və digər şəkildə qaldırılıb, gündəmə gətirilib. Lakin bizə qarşı irəli sürülmüş iddialarda məsələyə məntiqli yanaşmanı görmək çətindir. İctimai Palatanın getdiyi yol, tutduğu kurs aydındır. Bu struktura qoşulmayan partiyaların mövqeləri də bəllidir. Biz seçkilər yolu mübarizəyə üstünlük veririk. Partiyalar da bu mövqedən çıxış edir. Sadəcə olaraq, fikrimcə, həmin partiyalar İctimai Palatya gəlməklə daha böyük partiyaların, konkret olsaq AXCP və Müsavatın kölgəsində qalmaqdan ehtiyatlanmış olmasınlar? Amma birmənalı olaraq deyərəm ki, nə AXCP, nə də Müsavatın hansısa partiyaları öz kölgəsində saxlamaq niyyəti yoxdur", - R. Nurullayev dedi. AXCP-nin sədr müavinin sözlərinə görə, İctimai Palatada bütün partiyalar üçün kəmiyyət və keyfiyyət baxımından eyni şərait yaradılıb. Məhz bu səbəbdən də R. Nurullayev kəskin tənqidlərə əl atan partiyaların bəyanatlarında məntiq görmür. AXCP-nin belə intriqalardan qaçmaq istədiyini, müxalifətin vahid güc mərkəzində birləşməyə və təşkilatlanmasına çalışdığını vurğulayan həmsöhbətimiz hansısa partiyaya qarşı iddialar irəli sürülmədiyini söylədi: "Onlarla müzakirələr aparmağa, birlikdə olmağa hazırıq". İctimai Palata narazı strukturlar və partiyalarla danışıqlar aparmaqla problemi həll edə bilərmi və ümumiyyətlə, qarşılıqlı müzakirələr nə nəticə verə bilər? R.Nurullayev bununla bağlı düşünür ki, İctimai Palatanın ilk yarandığı günlərdə belə müzakirələr, danışıqlar olub. "Bildiyimə görə, ADP-nin sədri Sərdar Cəlaloğlu ilə danışıqlar aparılıb. Digər partiyalarla da məsləhətləşmələr olub. İndi isə belə müzakirələr yoxdur və biz tərəfdən də onların təşkilatımıza cəlb edilməsi üçün çabalar da edilmir. Onların idddiaları və ittihamları yerini tapmadağından müzakirələr də məntiqi olmazdı. Amma onlar tərəfdən müzakirə istəyi olarsa, problem yoxdur", - R.Nurullayev dedi. Geri qayıt |