Əsas Səhifə > Güney Press, Araşdırma > ZİYA MƏMMƏDOV ÜÇÜN ARZUOLUNMAZ DÖNƏM

ZİYA MƏMMƏDOV ÜÇÜN ARZUOLUNMAZ DÖNƏM


13-12-2013, 12:42
ZİYA MƏMMƏDOV ÜÇÜN ARZUOLUNMAZ DÖNƏM
Prezident seçkilərindən sonra ölkədə ciddi kadr dəyişikliyinin olacağı gözlənilirdi və artıq bu proses baş verib. Belə ki, prezident cəmiyyətdə arzuolunmayan təhsil naziri Misir Mərdanovla, kənd təsərüfatı naziri İsmət Abbasovla, müdafiə naziri Səfər Əbiyevlə və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova yollarını ayırdı. Amma bunlar hələ son deyil. Çünki islahatların olması qaçılmazdır. Nəyə görə? İlk növbədə ona görə ki, on illərlə bir kürsüdə oturan məmurda istər istəməz bir ətalət və bürokratiya yaranır.

Nəticədə cəmiyyətlə ünsiyyət sıfırlaşır. Bundan başqa insanlarda bunlara qarşı bir biganəlik formalaşır. Digər amil isə bəzi oliqarx-məmurların korrupsiyaya bulaşması ümumilikdə komandanın adına ziyan gətirir. Məhz bu faktorları nəzərə alaraq prezident islahatları davam etdirəcək. Bu arada məlum olur ki, növbə deyəsən nəqliyyat naziri Ziya Məmmədova çatıb. Nəyə görə? Birinci növbədə bu gün Ziya Məmmədovun reputasiyası o qədər də yaxşı deyil və zaman-zaman dövrü mətbuatda onun adı korrupsiya qalmaqallarında hallanır. Bu isə ümumilikdə komandanın adı üçün xoş bir şey vəd etmir. İkinci tərəfdən Ziya Məmmədovda illərdi ki, nazir kürsüsündədir və onunda cəmiyyətlə ünsiyyəti bərbad haldadır. Elə bunun da nəticəsidir ki, bu gün nəqliyyat müfəttişləri insanlarla az qala faşist kimi davranırlar. Bütün bunlar isə ona qarşı olan narazılığı daha da ciddiləşdirir. Ziya Məmmədovun yola salınmasını sürətləndirən faktorlardan biri də müəyyən sahələrdə monopoliya yaratmasıdır. Hazırki zamanda monopolist nazirlərin mövcudluğu isə hakimiyyət üçün xoş heç nə vəd etmir. Bunlarla yanaşı Ziya Məmmədovun adı artıq ölkə kənarında da yaxşı hallanmır. Belə ki, bu günlərdə onun şəriki Hafiz Məmmədov haqqında qərb mətbuatında yazılanlar Ziya Məmmədovun imicinə ağır zərbə vurdu. Hətta iddia olunur ki, qərb ölkələrində Ziya Məmmədovla, Hafiz Məmmədovun biznesi,sərmayə qoyduqları sahələrdə yoxlamalara başlanılıb və bu hətta həmin sərvətin onların əlindən çıxması ilə də nəticələnə bilər. Beləliklə aydın olur ki, qərb dünyasında qaranlıq əlaqələri ilə ad çıxaran hansısa məmurun komanda da qalması hakimiyyətin maraqlarına cavab vermir. Buna görə də Ziya Məmmədovun yola salınması artıq reallaşır. Elə son bir neçə günün içində APA,ANS başda olmaqla ölkədə ki, telekanalların Ziya Məmmədovu hədəfə alması təsadüfü deyil. Bu hamıya bəllidir ki, kanallar bunu özbaşına etmir və burda mərkəzləşdirilmiş bir idarəetmə prosesi gedir. Xatırlayırsınızsa bundan öncələrdə istefaya göndərilən nazirlərlə bağlı belə kompaniyalar aparılırdı və bundan sonra vidalaşma baş tuturdu. Ekspertlər hesab edir ki, bununla həm də cəmiyyətin rəyi nəzərə alınır. Bu günkü cəmiyyət isə sözsüz ki, Ziya Məmmədovun istefaya getməsinə çox normal yanaşacaqlar. Elə ekspertlərdə bu fikirdədir.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan "Unikal"a açıqlamasında bildirdi ki, "İndiki Azərbaycan hökumətinin iş metodu sovet dövrünün iş üsullarına çox bənzəyir. O zamanlar tanınmış bir siyasi simanı məhv etmək üçün əvvəlcə mətbuatda onun barəsində haqlı və yaxud haqsız olaraq kampaniyaya başlayırdılar. Bu qayda ilə ictimai rəyi tam hazırlayandan sonra həmin şəxsi ya vəzifəsindən götürür, ya partiya sıralarından xaric edir, ardınca isə həbs edirdilər. Görünür, nəqliyyat naziri Ziya Məmmədovun da barəsində hakimiyyət dəhlizlərində hansısa bir plan hazırlanıb"
Partiya sədri hesab edir ki, "Nəqliyyat naziri Ziya Məmmədovun sözün pis mənasında daim mətbuatın gündəmində olmasının onun üçün həm yaxşı, həm də pis tərəfləri var. Yaxşı tərəfi ondan ibarətdir ki, tez-tez tənqid edilməsi onun iqtidara sadiqliyinin göstəricisi kimi dəyərləndirilə bilər. Yəni "Görürsünüzmü, hökumətə yanan da mənəm, yaman da mənəm". Başlıca səbəblərdən biri də budur ki, hökumət müxalifət mətbuatında hansı məmurun daha çox tənqid edilməsini görərkən düşünür ki, bu məmur bizə son dərəcə sadiqdir".
Siyasətçinin sözlərinə görə, "Ziya Məmmədovun mətbuatın gündəminə tez-tez çıxardılmasının başqa bir səbəbi də bu ola bilər ki, hakimiyyət daxilindəki qruplardan hansısa onun barəsində mətbuata sistemli şəkildə məlumatlar ötürsün. Bu variant mənə daha ağlabatan görünür. Bu qruplar hakimiyyət və sərvət uğrunda amansız mübarizə apararkən bir-birləri barədə azad hesab edilən qəzetlərə və saytlara gizlincə və yaxud dolayı yollarla ifşaedici materiallar və faktlar ötürmək şanslarını əldən vermirlər. Unutmayaq ki, həmin məlumatları alıb öz səhiflərində yayımlayan qəzetlər və saytların "xidmətləri" də unudulmur". Partiya sədrinin sözlərinə görə, "Digər tərəfdən isə hökumətin əksər üzvləri kimi Ziya Məmmədovun iş üslubu da mətbuata maraqlı mövzular verir. Onun başçılıq etdiyi nazirliyin əməkdaşları artıq mətbuatda "qoçu" adını alıblar və təkcə bu etiketin özü çox şeydən xəbər verir. Mətbuatda məlum kampaniyanın başlanması Ziya Məmmədova və onun biznesinə yaxşı perspektiv vəd etmir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının baş katibi Zöhrab Abdullayevin "Unikal"a verdiyi açıqlamaya görə, o, hər hansı nazirin şəxsiyyətinə və nüfuzuna toxunacaq mövzuların gündəmə gətirlməsinin əleyhinədir: "Amma mən dəfələrlə mətbuatda bildirmişəm ki, istənilən nazirin öz postundakı fəaliyyətini müzakirə predmetinə çevirmək olar və bu, son dərəcə zəruridir. Düşünürəm ki, Azərbaycandakı nazirlərin işində müşahidə edilən neqativ hallar daha çox onların öz postlarında uzun müddət qalmaları ilə bağlıdır. Dünyanın heç bir ölkəsində bu qədər "uzunömürlü" nazirlər yoxdur. Buna təkcə Azərbaycanda rast gəlmək olur. Yüksəkrütbəli məmur öz postunda xeyli zaman qalanda özünü ictimai qurumların və cəmiyyətin nəzarətindən kənarda, nəzarətsiz halda hiss etməyə başlayır. Belə bir əhvali-ruhiyyə isə məlum nəticələri doğurur".
Baş katibin müşahidəsinə görə, "Ölkədəki "uzunömürlü" nazirlərdən biri də nəqliyyat naziri Ziya Məmmədovdur. Zaman-zaman bu nazirliyin müfəttişlərinin ölkənin paytaxtında və regionlarda törətdiyi qanunsuzlqlar barədə materiallar mətbuata çıxardılır. Ümumiyətlə, bu nazirliyin fəaliyyəti cəmiyyət tərəfindən müsbət qarşılanmır. Buna görə də müvafiq dairələr ictimai rəylə hesablaşsalar, bundan udan ancaq dövlətimiz və cəmiyyətimiz olar. Unutmayaq ki, hər hansı nazirin bu və ya digər əməli həm də bütövlükdə iqtidarın və hökumətin adına da minuslar gətirir. Nazirlərin vaxtında və konstitusiyaya uyğun şəkildə postundan getməsi həm də cəmiyyətin əhvali-ruhiyyəsinin təzələnməsinə səbəb ola bilər".
Beləliklə yaxın günlərdə ölkədə daha maraqlı yola salmaların şahidi olacağıq.
\ unikal \
Geri qayıt