Əsas Səhifə > Güney Press, Üçüncü sektor > NEFT DAŞLARI TƏHLÜKƏ QARŞISINDA
NEFT DAŞLARI TƏHLÜKƏ QARŞISINDA9-02-2012, 16:12 |
BUZ PARÇALARI NEFT PLATFORMALARI ÜÇÜN TƏHLÜKƏDİR Xəzərdə şimaldan cənuba doğru hərəkət edən buz salları neft platformaları üçün ciddi təhlükə yarada bilər. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Ramiz Məmmədov bildirib. Onun sözlərinə görə, Xəzər dənizinin şimal hissəsi həmişə donur. Bu proses noyabr ayında başlayır və mart ayına qədər davam edir. Bir qədər soyuq olanda isə bu donma Mahaçqalanın en dairəsinə qədər, daha da soyuq olanda Dərbəndə qədər gəlib çıxır: “Lap soyuq illərdə isə hətta bu proses Abşeron yarımadasına qədər gəlir. Ən çox buzlaşma 1953-cü ildə müşahidə olunub. Daha sonra 1969-70–ci illərin qışında, 1972-ci illərdə də Abşeron yarımadasının ətrafı donub. Dənizdə suyun donması öz-özlüyündə çox təhlükəli deyil. Ancaq buzların hərəkəti nəzərdən qaçmamalıdır. Dərbənddə, Mahaçqalada, ya da Abşeron ətrafında müəyyən səbəbdən buz salları bir-birindən aralanır. Axınlar şimaldan cənuba doğru yönəlib. Onlar hərəkət eləyəndə neft platformalarını mişar kimi kəsə bilər. Bu, çox təhlükəlidir. Sovet hökuməti çox ehtiyatlı idi. 1953-cü ildə bunun qarşısını almaq üçün SSRİ-nin aviakəşfiyyatı buz sallarını bombalayaraq xırdaladı. Mənə elə gəlir ki, Azərbaycanın müvafiq qurumları da indi buna hazır olmalıdır. Bizim mütəxəssislərin borcu gözlənilən təhlükə ilə bağlı xəbərdarlıq etməkdir. Buz sallarını bombalayaraq xırdalamaq o qədər də baha başa gələn proses deyil. Bir neçə uçuş bunun üçün kifayətdir”. R. Məmmədov dənizdə suyun donmasının Xəzərin biomüxtəlifliyinə təsirini də izah edib: “İstənilən su donur. Sadəcə, duzlu suda bu proses bir qədər gec baş verir. Dənizin suyu mənfi 1 dərəcə temperaturda heç vaxt donmaz. Ona görə ki, orada aktiv dinamik hərəkət, böyük sürətli axınlar, dalğalar var. Amma temperatur uzun müddət aşağı olanda, artıq bu axınlar temperatura üstün gələ bilmir və donma prosesi başlayır. Çox zaman fikirləşirlər ki, bu, biomüxtəlifliyə problem yarada bilər. Lakin heç bir problem yoxdur. Bu halda dənizdə olan canlılar adətən dənizin daha dərin yerlərinə enir. Orada isə stabil -5-7 dərəcə temperatur var. Bəzi canlılar dənizin dərin yerlərində oksigen tapa bilir, bəziləri üçün isə bu, kifayət eləmir. O zaman problem yaranır. Bu proses dəniz sahilində olan köçəri quşlara təsir edə bilər. Çünki onlar dənizin dərinliyinə gedə bilmirlər. Elə illər olub ki, köçəri quşlar kütləvi surətdə şaxtadan qırılıb. Bu hal yenə də təkrarlana bilər”. Geri qayıt |