Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ABŞ-DAN BƏXTİYAR HACIYEVƏ DƏSTƏK
ABŞ-DAN BƏXTİYAR HACIYEVƏ DƏSTƏK9-02-2012, 16:21 |
DAHA BİR HÜQUQ MÜDAFİƏ TƏŞKİLATI BLOGGERİ MÜDAFİƏYƏ QALXDI ABŞ-ın “Freedom Now” (İndi Azadlıq) hüquq müdafiə təşkilatı azərbaycanlı məhbus Bəxtiyar Hacıyevin müdafiəsi işlərinə dəstək verəcək. “Bəxtiyara dəstək” kampaniyasından “Media forum” saytına bildiriblər ki, ötən həftə Tbilisdə “Freedom Now” təşkilatının icraçı direktoru Maran Turner Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevlə görüşüb. Görüşdə Bəxtiyar Hacıyevin və digər vicdan məhbuslarının müdafiəsi ilə bağlı məsələlər müzakirə olunub. İntiqam Əliyev ümid edir ki, “Freedom Now” təşkilatının azərbaycanlı vicdan məhbuslarının müdafiəsində yaxından iştirakı bu sahədə beynəlxalq aləmdə aparılan ictimai kampaniyaların effektini daha da artıracaq. “Freedom Now” təşkilatının missiyası hüquqi, siyasi və ictimai əlaqələr vasitəsilə vicdan məhbuslarının azad edilməsi üçün lobbiçilik kampaniyası aparmaqdır. Təşkilatın fəxri həmsədri Nobel sülh mükafatçısı Desmond Tutudur. Digər həmsədr Çexiyanın keşmiş prezidenti Vatslav Havel olub. Vatslav Havel 2011-ci ilin dekabrında vəfat edib. Hazırda təşkilata rəhbərlik edən üç idarə heyəti üzvündən ikisi Bəxtiyar Hacıyevin də məzunu olduğu Harvard Universitetinin Kennedi məktəbində oxuyub. “Freedom Now” təşkilatı azərbaycanlı bloqçular Adnan Hacızadə və Emin Millinin də müdafiəsində vaxtilə yaxından iştirak edib. 2009-cu ilin iyulunda tutulan Emin və Adnan 2010-cu ilin noyabrında şərti cəza ilə azadlığa buraxılıblar. Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Penitensiar Xidmətin Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. “Amnesty İnternational”, “Human Rights Watch” və bir çox başqa beynəlxalq qurumlar Bəxtiyar Haciyevi vicdan məhbusu kimi tanıyır və onun dərhal azadlığa buraxılmasını tələb edir. Geri qayıt |