Əsas Səhifə > Cəmiyyət, Manşet > GÖMRÜYÜN ƏSAS FİRONLARINDAN BİRİ «VURULUR»

GÖMRÜYÜN ƏSAS FİRONLARINDAN BİRİ «VURULUR»


13-12-2013, 16:05
GÖMRÜYÜN ƏSAS FİRONLARINDAN BİRİ «VURULUR»
AYDIN ƏLİYEV HİKMƏT MƏMMƏDOVU ÇIXDAŞ EDƏCƏK

DİA.AZ: - Dövlət Gömrük Komitəsində kadr islahatlarının həyata keçiriləcəyi vaxt bəlli oldu. Bu barədə DİA.AZ-a gömrükdəki mötəbər mənbələr xəbər ötürüb.

Qaynaq iddia edir ki, gələn ilin yanvar ayından etibarən DGK-nın rəhbərliyində və bir neçə gömrük idarəsində kadr islahatları həyata keçiriləcək. Mənbə bildirir ki, hazırda Aydın Əliyevin üç müavini var ki, onlardan biri ilə DGK-nın yolları ayrılacaq. Konkret olaraq hansı müavinə «əlvida» deyiləcəyini isə müəyyən edə bilmədik.

Qeyd edək ki, hazırda Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini postunu tutur. Onunla bərabər Aydın Əliyevin daha iki müavini var ki, onlardan biri Rza Həsənəliyev, digəri isə Əsgər Abdullayevdir. Gələn ilin yanvar ayı ərzində yola salınacaq fiqurlardan biri məhz bu üçlükdəki məmurlar sırasından olacaq.

Aldığımız xəbərə görə, yaranmış fürsəti dəyərləndirən Aydın Əliyev eyni zamanda hazırda Astara gömrük idarəsinə rəhbərlik edən Hikmət Məmmədovu da istefaya göndərəcək. Bildirək ki, «Rokfeller» ləqəbli Hikmət Məmmədov böyük biznes imkanlarına da malikdir və qeyri-rəsmi məlumatlara görə, hazırda gömrük rəisinin 400 milyon dollara yaxın həcmdə sərvəti var.

Astara rayonu ərazisində olan obyektləri ilə yanaşı, Hikmət Məmmədovun Bakıda bir neçə obyektənin fəaliyyət göstərdiyi də məlumdur. Eyni zamanda Bakıda bir neçə bağ və villası da olan Hikmət Məmmədovun Qubada da daşınmaz əmlakı var. Onun Quba rayonunun səfalı yerlərindən olan Qəçrəşdəki istirahət mərkəzi barədə mətbuatda yetərincə bilgilər verilib. Eyni zamanda Hikmət Məmmədov Quba ərazisində şadlıq evinə və hektarlarla əraziyə də malikdir.

Xatırladaq ki, zamanında Hikmət Məmmədov Aydın Əliyevin yerinə keçə bilməsi üçün də hərəkətə keçmişdi. Elə buna görə də «Rokfeller» ləqəbli gömrükçünün adının «vurulanlar» siyahısına əlavə edilməsi də Aydın Əliyevin əlinə düşən fürsətdən yararlanma cəhdi kimi anlaşılır.

Bildirək ki, zamanında Hikmət Məmmədov gömrükdə özünü diskomfort hiss etdiyindən Quba rayon icra hakimiyyətinin başçısı postunu da tutmaq istəyirdi. Lakin sonradan Qubada baş verən üsyan, bunun ardından da Mübariz Ağayevin Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsinə gətirilməsi, qərarın isə sırf siyasi xarakter daşıması Hikmət Məmmədovun bu arzularını da ertələməsi ilə nəticələndi.

İndi isə belə bir gömrük firoununun hədəfdə olduğu söylənilir…

Geri qayıt