Əsas Səhifə > Sosial, Manşet > SƏFƏR ƏBİYEVLƏ BAĞLI PLANLAR GÜNDƏMDƏ DEYİL

SƏFƏR ƏBİYEVLƏ BAĞLI PLANLAR GÜNDƏMDƏ DEYİL


19-12-2013, 09:36
SƏFƏR ƏBİYEVLƏ BAĞLI PLANLAR GÜNDƏMDƏ DEYİL
AMMA BUNA RƏĞMƏN YENİ NAZİRİN ADDIMLARI CİDDİ SURƏTDƏ TƏFTİŞ OLUNUR

DİA.AZ: - Azərbaycanın ordu sistemində cərəyan edən köklü kadr islahatları bir çox dairələrdə qıcıq yaradıb, desək, yanılmarıq. Hər halda, görüntüdə olanı da budur. Elə nazirliyin bir neçə gün əvvəl ehtiyatda olan zabitlərə xəbərdarlıq etməsi də ortalıqdakı gərgin atmosferdən xəbər verməkdə idi. Yəni vəziyyət heç də Zakir Həsənovun görmək istədiyi şəkildə deyil və Müdafiə Nazirliyi adından ehtiyatda olan zabitlərə verdikləri açıqlamalarda, yaydıqları informasiyalarda, nümayiş etdirdikləri mövqelərdə ehtiyatlı olma xəbərdarlığı, əslində Zakir Həsənovun islahatları üçün sərbəstlik istəməsi anlamına gəlmiş oldu.

Nə baş verir? Hər halda, bu gün Milli Ordunun rəhbərliyinin həyata keçirdiyi islahatlar fonunda gizli bir oyunların getdiyi də şübhəsizdir.bu barədə DİA.AZ-a danışan bilgili mənbə də etiraf edir ki, Zakir Həsənov prosesləri istədiyi məcraya yönəldə bilməsi üçün xeyli əziyyət çəkmək zorundadır:

«Vəziyyət heç də göründüyü kimi, sadə yolda, öz axarında deyil. Yəni dəyişiklik varsa, təbii ki, bu dəyişiklikdən narazı qalanlar da var və narazılar da etirazlarını bildirirlər. Bir məqam isə keçmiş müdafiə naziri Səfər Əbiyevlə bağlıdır. Ona yaxın olan fiqurlardan biri ilə bağlı bir informasiya yayıldı və bu da dezinformasiya kimi təqdim olundu, eyni zamanda qeyd olundu ki, məqsədli şəkildə Səfər Əbiyevin reputasiyasına, daha doğrusu, onun yeni vəzifəyə gətirilməsi planına ziyan vurulur. Halbuki Səfər Əbiyevə bu məsələnin heç bir aidiyyatı yox idi. Məsələ tamam fərqlidir».

Mənbəmiz iddia edir ki, əslində Səfər Əbiyevin yenidən vəzifəyə gətirilməsi ideyası birdəfəlik olaraq qapanıb: «Bu yöndə heç bir iş getmir və yeniliyin də gözlənilməsinə dəyməz. Səfər Əbiyev ən yaxşı halda hansısa beynəlxalq təşkilatda Azərbaycanı hərbi sima kimi təmsil edə bilər. Və yəqin ki, keçmiş nazirin özü buna razılıq verməyəcək. Çünki Səfər Əbiyevin gözü Müdafiə Nazirliyindən ayrılması planlaşdırılan Baş Qərargahın rəhbərliyi postundadır. Bu isə indiki şəraitdə sabiq nazir üçün əlçatmaz görünür».

Mənbəmiz bildirir ki, köhnə qüvvələrlə yeni qüvvələrin toqquşmaları fonunda ordudakı dəyişikliklər də cəmiyyətə müxtəlif aspektlərdən çatdırılır ki, bu da təhlükəli tendensiyadan xəbər verməkdədir: «Ən azından hansısa məmur və yaxud da sabiq məmur marağından çıxış edərkən, mətbuat - baş verənləri ictimaiyyətə çatdıran əsas rupor ehtiyatlı olmaq zorundadır. Ona görə də Müdafiə Nazirliyi bel bir açıqlama ilə çıxış etdi. Kimlərsə bunu qeyri-peşəkarlıq kimi təqdim edir. Amma əslində, bu yolla MN-nin yeni rəhbərliyi hansısa gizli kuluar davalarında olmadığını və hər şeyi açıqda həll etmək niyyətində olduğunu nümayiş etdirdi».

Geri qayıt