Əsas Səhifə > Cəmiyyət, Manşet > HÜSEYN BAĞIROV BU "YAŞIL QƏTLİAMA" NƏ DEYƏCƏK?

HÜSEYN BAĞIROV BU "YAŞIL QƏTLİAMA" NƏ DEYƏCƏK?


19-12-2013, 16:53
HÜSEYN BAĞIROV BU "YAŞIL QƏTLİAMA" NƏ DEYƏCƏK?
DİA.AZ: - Qış mövsümünün gəlişi Azərbaycanın əsasən dağlıq ərazilərində və ucqar kəndlərində istilik problemini yenidən qabardıb. Bu zaman istifadə olunan əsas xammal isə təbii ki, ölkənin meşə zolaqlarıdır. Bu xüsusda seçilən bölgə kimi cənub zonasını, xüsusən də Lənkəranı göstərmək olar.
Məlumdur ki, dövlət tərəfindən Azərbaycanın bütün ərazisinin qazlaşdırılması həyata keçirilir. Bu istiqamətdə kifayət qədər işlər görülsə də, bəzi kəndlər, əsasən də ucqar dağ kəndləri hələ ki tam qazlaşdırılmayıb. Amma ötən illər ərzində aparılan qazlaşdırma işləri meşələrin qırıılmasının böyük həcmdə azalmasına səbəb olmalı idi. Ancaq belədirmi?
DİA.AZ bildirir ki, bu barədə bizimxeber.az məlumat yayıb. Portala daxil olan məlumata görə, hazırda Lənkəran meşələrində ağac soyqırımı davam edir. Yerli əhali bildirir ki, bir sıra kəndlərin qazlaşdırılması əslində bu soyqırımı azaltmalı olduğu halda, əksinə meşələrin qırılması daha da artıb. Sakinlər onların tanımadıqları şəxslərin Bakı nömrəli yük maşınları ilə meşələrdən ağac daşıdığını yanğı ilə bildirirlər. Onların kimlikləri ilə maraqlandıqda isə qırılan ağacların Lənkəran məktəblərinə, uşaq bağçalarına, xəstəxanalara daşındığı bildirməklə, kimliklərini açıqlamaqdan imtina edirlər. Ancaq yerli əhali ağacların müxtəlif şəxslər tərəfindən tək yanacaq məqsədilə deyil, həmçinin, mebel istehsalı və digər sənaye məqsədləri ilə əlaqədar qırılmasını xüsusi vurğulayırlar.
Aldığımız digər bir məlumata görə, kəsilən ağaclar hər gün 3-4 “QAZ-66″ markalı maşınlara yüklənərək aparılır. Kəsilmiş ağaclar parket üçün istifadə olunur və maşını 1000-2000 ABŞ dollarına satılır. Məlumatda bildirilir ki, Lənkəran şəhər Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Şakir Lətifov rayon rəhbərliyi ilə işbirliyi quraraq meşə zolağını Bakıdan və digər rayonlardan gələn mebel istehsalçılarına satır. Bu zaman ağacların yaşı, durumu, onların nadir növ olması belə nəzərə alınmır. Yerli sakinlər bildirir ki, bu meşələrdə elə ağaclar var ki, onları biz bildiyimiz adi kub-metrlə, yaxud maşınla deyil, kiloqramla satırlar. Yəni, nadir növ ağaclar Şakir Lətifov və onun havadarlarına milyonlarla qanunsuz vəsait qazandırır.
Tam dəqiqləşdirilməmiş məlumata görə, (hazırda bu istiqamətdə araşdırma davam edir) Şakir Lətifovun müştəriləri arasında əsas yeri “Avropa Qapıları” şirkəti və onun sahibi Baba Tağıyev tutur. Baba Tağıyevlə şəxsi yaxınlığı ehtimalı üzərindıə dayanan mənbə Şakir Lətifovun rayon rəhbərliyinin də razılığı ilə qədim və nadir tapılan ağacları bu şirkətə dəyər-dəyməzinə satır.
Təəssüf ki, dövlətin həyata keçirdiyi qazlaşdırma siyasəti yerlərdə qazanc üçün min oyunlardan çıxan məmurlara heç də mənfi təsir göstərmir. Göründüyü kimi onlar bu zaman da öz qanunsuz əməllərini pərdələmək üçün “əsaslar” tapa bilirlər.
Lənkəran meşələrində baş verən yaşıl soyqırım, eləcə də Lənkəran şəhər Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Şakir Lətifovun Baba Tağıyevlə əlaqələri barədə yaxın günlərdə ətraflı məlumat verməyə çalışacağıq.

Geri qayıt