Əsas Səhifə > Cəmiyyət, Manşet > SAHİBKARLAR İCRA BAŞÇISINDAN NARAZILIQ EDİR

SAHİBKARLAR İCRA BAŞÇISINDAN NARAZILIQ EDİR


19-12-2013, 18:11
SAHİBKARLAR İCRA BAŞÇISINDAN NARAZILIQ EDİR
İCRA BAŞÇISI AYLIQ «DOLYA»SINI QALDIRIB

DİA.AZ: - Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov yerli sakinlərin ittiham hədəfinə çevrilib. Bu barədə DİA.AZ-ın elektron ünvanına daxil olan müraciətdən anlaşılır.

Ağayeva Sənubər, Məmmədov Vahid, Kərimov Ağakişi və daha altı nəfər Lerik rayonu sakininin adından redaksiyamıza göndərilən müraciətdə bildirilir ki, icra başçısı Rövşən Bağırov və rayonun deputatı, 78 saylı Lerik seçki dairəsindən seçilmiş İqbal Məmmədov rayonda bütün biznes sahələrini ələ keçirdiklərindən digər sahibkarların günü göy əskiyə bükülüb.

Sakinlər yazır: «Rayonun mərkəzindəki bütün obyektlərə - yalnız başçıya və deputata aid olan obyektlər xaric - tapşırıq verilib ki, gələn ilin yanvar ayından etibarən ödənilən aylıq haqq qalxır. Biz başa düşə bilmirik ki, bu bahalaşma nə ilə əlaqədardır? Benzinin qiyməti qalxıb, bunu anladıq. Amma nədən bu bahalaşmaya görə, onsuz da qanunsuz olan, başçı üçün hər ay yığılan haqq da qalxmalıdır?»

Sakinlər bildirir ki, artıq bununla bağlı icra hakimiyyətinin adamlarına da etirazlarını bildiriblər: «Təbii ki, bu gün güc onların əlindədir. Amma biz bu vaxta qədər istədikləri pulu vermişik. İndi isə aldıqlarının 2-3 qatını istəyirlər. Balaca dükan işlədən vətəndaşdan aya 500 manat, normal obyekti olandan isə 1000-2000 manat pul istəyirlər. İndi buraya vergini-filanı da gələndə görün, nə qədər pul edir»…

Sakinlər bildirir ki, Lerikin icra başçısı əgər yanvar ayından sahibkarlara qoyduğu qeyri-qanuni haqqı qaldıracaqsa, o zaman onlar da korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət etmək zorunda qalacaqlar: «Bizim birimizi susdura bilər. Amma hamımızı susdurmağa gücü çatmayacaq».

İddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt