Əsas Səhifə > Sosial, Manşet > HACIBALA ABUTALIBOVA KORRUPSİYA TƏLƏSİ

HACIBALA ABUTALIBOVA KORRUPSİYA TƏLƏSİ


10-02-2012, 13:12
HACIBALA ABUTALIBOVA KORRUPSİYA TƏLƏSİ

BAKI MERİNİN RƏQİBLƏRİNİN ŞOK PLANLARININ İLGİNC TƏFƏRRÜATI

DİA.AZ: - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun vəzifədən gedəcəyi ilə bağlı hakimiyyət daxilində müzakirələr yenidən intensivləşib. Abutalıbovun vəzifədən ayrılması ilə bağlı siyasi qərarın verilməsi mayda Azərbaycan paytaxtında keçiriləcək «Eurovizion» musiqi yarışmasından sonrayadək ertələnsə də, bu mövzu yenidən və qəfil şəkildə gündəmə gəlməyə başlayıb. Məlumat redaksiyamıza etibarlı mənbədən daxil olub.

Mənbənin deməsinə görə, buna səbəb Bakının nüfuzlu beynəlxalq musiqi yarışması ərəfəsində hələ də öz xarici görünüşünü kifayət qədər dəyişməməsidir. Belə ki, müsabiqəyə cəmi üç ay qalsa da, Azərbaycan paytaxtının hətta mərkəzi küçələrində belə, kifayət qədər abadlaşdırma işləri aparılmayıb. Görülən işlərin keyfiyyəti isə ciddi şübhələrə yol açıb və Bakı merinin bu məqsədlə ayrılan dövlət vəsaitini təyinatı üzrə xərcləməsinə dair əsaslı tərəddüdlər yaranıb. Artıq Bakı merinin özünün də başı üzərində «qara buludların» dolaşmağa başladığının fərqində olduğu və ciddi narahatlıq keçirdiyi gələn bilgilər arasındadır. Paytaxt başçısının hələ yeni ildən bir neçə gün əvvəldən başlayaraq çox qaşqabaqlı və aqressiv göründüyü deyilir.

Elə yeni ilin ilk günlərində Bakıda fəaliyyət göstərən əl yayımı ilə məşğul olan qəzet satanların işinə əngəlllər yaradılmağa başlaması da Abutalıbovun həmin qəzəbli və aqressiv davranışının simptomlarından biri sayıla bilər. Belə ki, Bakının müxtəlif istiqamətlərində, xüsusilə də paytaxtın mərkəzi küçələrində əlyayımı işçilərinə özlərini Bakı Şəhər İcra Hakimiyyətinin işçisi kimi təqdim edən şəxslər hücum ediblər. Onlara sonuncu xəbərdarlıq etməklə bir daha küçədə qəzet satmamaq barədə tapşırıq veriblər.

Səyyar satıcıların verdiyi məlumata görə, bu, müstəqil qəzetlərin əlyayımı ilə reallaşan satışına ciddi şəkildə mənfi təsir göstərib.

Ehtimal edilir ki, Abutalıbovun səyyar qəzet satıcılarına qəfil hücumu onun «vurulma ssenarisi»ndə medianın da yaxından iştirak etməsini düşündüyündən irəli gəlir. Paytaxt başçısı son yarım ayda yenidən ən sərt şəkildə qəzetlərin tənqid hədəfinə çevrilməsinin təsadüf olmadığının fərqinə varıb, onun «qələmini qıran» siyasi dairələrə təpkisini nümayiş etdirmək gücü və cəsarətində olmadığı üçün acığını qəzetlərdən çıxmağa çalışıb.

Maraqlıdır ki, Abutalıbovun vəzifədən ayrılacağı haqda xəbərlərin ardınca Sumqayıtın icra başçısı Eldar Əzizovun Bakının yeni icra başçısı olacağına dair məlumatlar gəlməyə başlayıb. Xeyli vaxt əvvəldən ortaya atılan və bir müddət idi ki, gündəmdən çıxmış iddialar yenidən «dirilməyə» başlayıb. Xatırladaq ki, hələ Gəncə şəhərinə rəhbərlik etdiyi dönəmlərdə Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postuna təyin ediləcəyi haqda məlumatlar yayılsa da, bu gözləntilər sonradan özünü doğrultmadı. Gəncədən sonra Eldar Əzizov Sumqayıta «transfer» olunub. Lakin onun yenə də Hacıbala Abutalıbovun postunda gözünün qaldığı barədə siqnalların gəldiyini iddia edən qaynaqlar artıq hazırkı Bakı merinin bu vəzifədə son çağlarını yaşadığını vurğulayır və bildirirlər ki, bu barədə məlumatlı olan Eldar Əzizov da çoxdan arzuladığı təyinatın gerçəkləşməsi üçün fəallığını artırıb.

Onu da bildirək ki, Hacıbala Abutalıbovun gedişi konkret bir ssenari əsasında həyata keçirilir və artıq bu ssenarinin icrasını müşahidə etməkdəyik. Təsadüfi deyil ki, son günlər dövrü mətbuatda Bakı merinin əleyhinə işləyən kampramat xarakterli materialların dərci də intensivləşib.

Məsələn, bu günlərdə açıqlanan faktların birində deyilir ki, Bakı Şəhər İcra Hakimiyyəti "Alpina-A" şirkəti ilə 4 müqavilə bağlayıb. Podrat müqavilələrinin qiyməti barədə məlumat verilmir. Xəbərə görə, Hacıbala Abutalıbovun rəhbərlik etdiyi paytaxt İcra Hakimiyyətinin mənzil-kommunal departamenti "Alpina-A" MMC ilə "Azadlıq" meydanında və Füzuli və Mirzağa Əliyev küçələri arasındakı ərazidə iki ikimərtəbəli yeraltı qaraj tikintisi üzrə müqavilə bağlayıb. Bundan başqa, bu şirkət şəhərdə yeni fəvvarələr tikəcək, parkları yenidən quracaq, yeni elektrik dirəkləri alıb quraşdıracaq.

Jurnalistlərin bütün axtarışlara rəğmən bu "möhtəşəm" şirkət barədə heç bir informasiya əldə etmək mümkün olmayıb. İnternetdə də "Alpina A" şirkəti barəsində məlumata rast gəlmədik. Ən qəribəsi odur ki, belə bahalı layihələri qazanacaq qədər "möhtəşəm" şirkətin veb səhifəsi də yoxdur.

Bu isə həmin şirkətin çoxdan varlığını və belə iri projelərin həyata keçirilməsində təcrübə qazandığını şübhə altına alır. İstisna edilmir ki, "Alpina A" sadəcə həmin 4 layihənin həyata keçirilməsi üçün qeydiyyata alınıb, həmin layihələri tender yolu ilə qazanmayıb və işin içində artıq oliqarxlar üçün xeyli adiləşmiş "tender korrupsiyası"nın detalları gizlənir.

Qeyd edək ki, 2011-ci ildə Dövlət Satınalmaları Agentliyinin dərc etdiyi reyestr müqavilələrinə əsasən, Bakı İH bu şirkətlə fəvvarələr tikintisi layihələri üzrə 20 mln-luq müqavilə bağlayıb. Həmin müqavilələrin özünün də şəffaflığı ciddi şübhə altındadır.

Qəribədir ki, təxminən bir il əvvəl hökumətdəkilər korrupsiya ilə mübarizə elan edəndən sonra dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq daha da pisləşib, dövlət sifarişləri ilə tenderlər haqqında qanundan yan keçmələrin sayı artıb.

Artıq belə "yan keçmələrdə" Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da öz yerinin və çəkisinin yarandığını söyləmək mümkündür.

Redaksiyamıza daxil olan son məlumatlarda isə bildirilir ki, əslində «Alpina A» şirkəti Bakı merinin qohumlarının birinin adınadır. Həmin şirkətin fırıldaqlarının da arxasında elə Hacıbala Abutalıbovun özü dayanır. Bu barədə məlumatlı qaynağın söylədikləri:

«Hacıbala Abutalıbovla bağlı bu fakt mətbuata təsadüfən ötürülməyib. Bu, bir siqnaldır. Daha ciddi məlumatların da qəzetlərdə dərci planlaşdırılır. Və sonda, plana görə, Hacıbala Abutalıbov barəsində elə bir şok məlumat yayılacaq ki, hətta hakimiyyətin ünlü simalarının belə işə cəlb olunması, eləcə də Bakı merinin məsələsinin parlamentdə müzakirəsi belə baş verə bilər».

Mənbəmiz bildirir ki, Hacıbala Abutalıbov rəqiblərinin qarşısında müdafiəsiz durumdadır: «Əgər onun yerinə kadr da varsa, deməli, vəziyyət tamam fərqlidir». Onu da qeyd edək ki, Hacıbala Abutalıbovun yerinə namizədlər sırasında Müdafiə Sənayesi Nazirinin qardaşı, Şirvan şəhərinin icra başçısı Mərdan Camalov da var.


Geri qayıt