Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVİN “VURDUĞU” ADAMA FÜRSƏT

RAMİZ MEHDİYEVİN “VURDUĞU” ADAMA FÜRSƏT


11-02-2012, 11:51
RAMİZ MEHDİYEVİN “VURDUĞU” ADAMA FÜRSƏT

«KÜR» ELEKTRON AVADANLIQLAR ZAVODUNA YENI MONAPOLIYA TAPŞIRILIR

DİA.AZ: - Azərbaycanda analoq yayımdan rəqəmsal yayıma keçid üçün istehsal olunan dekoderlərin ilk partiyası yaxın bir neçə gündə bazara çıxarılacaq. «KÜR» kompüter avadanlığı istehsal edən zavodunun texniki direktoru Zaur Mikayılov mətbuata bildirib ki, bu sahədə bütün işlər yekunlaşıb: «Dekoderlər artıq hazırdır. Müəyyən sənədləşmə işləri qalıb».

Z.Mikayılovun sözlərinə görə, hazırda bəzi yoxlamalar aparılır: «Biz bazarda insanların dekoderlərlə bağlı alıcılıq qabiliyyətini yoxlamalıyıq. Yalnız bundan sonra hansı sayda dekoderi satışa buraxacağımıza qərar verəcəyik. Qiymətlərə gəldikdə, 30-50 manat civarında bir məbləğ müəyyənləşdiriləcək».

Qeyd edək ki, ötən həftə rabitə və informasiya texnologiyaları nazirinin müavini İlhimas Məmmədov «Eurovision-2012» mahnı müsabiqəsi ərəfəsində Bakı və Abşeron yarımadasında telekanalların yayımı tamamilə rəqəmsal formata keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, analoq formatda yayım dayandırılacaq: «Eurovision - 2012» mahnı müsabiqəsi başlayanadək Bakı və paytaxt ətrafında analoq siqnalın yayımı tamamilə dayandırılacaq. Ölkənin digər regionlarında da tədricən rəqəmsal formata keçid təmin ediləcək». Yeri gəlmişkən, MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycan analoq yayımdan imtina edəcək.

Analoq yayımdan rəqəmsala keçid heç şübhəsiz vətəndaşlar üçün ciddi problem yaradacaq. Bu kimi dəyişikliklər zamanı aidiyyəti qurumlar əvvəlcədən rəqəmsal keçidlə bağlı xüsusi tədbirlər planı hazırlayırlar. Bizə qonşu ölkələrin əksəriyyəti rəqəmsal yayıma 4-5 il bundan əvvəl başlayıblar və hesablamalara görə, bu proses 2015-ci ilə kimi yekunlaşmalı idi. Amma indi bəyan edirlər ki, rəqəmsal keçidin həyata keçirilməsi mürəkkəb məsələ olduğundan iş nəzərdə tutulduğu vaxtda başa çatmayacaq. Məsələnin kortəbii həyata keçirilməsi ciddi problemlər yarada bilər. Rəqəmsal yayıma keçiddən sonra azı bir neçə il paralel olaraq analoq yayımı da davam etdirilməlidir.

Azərbaycanda rəqəmsal yayıma keçid zamanı infrastrukturla bağlı problemlər ortaya çıxacaq. Bu çətinliklər inkişaf etmiş Avropa ölkələrində də yaşanıb. Amma həmin ölkələrdə rəqəmsal yayımla analoq yayımı paralel aparıldığından problemlər nəzərəçarpacaq dərəcədə hiss olunmayıb. Məlum məsələdir ki, Azərbaycanda əhalinin istifadə etdiyi televizorların əksəriyyəti rəqəmsal yayımı təmin etmək üçün siqnalları ötürmək iqtidarında deyil. Bunun üçün insanlar əlavə qurğular almaq məcburiyyətində qalacaqlar, onların da qiyməti 30- 40 manat civarındadır. Xarici ölkələrdə dekoder adlı bu qurğular təxminən 20 manatdır. İnsanlar 30-40 manat dəyərində dekoder almağa məcbur edilməməlidir, onlara seçim imkanları verilməlidir.

Televiziyadan ən çox evdar xanımlar və təqüdçülər istifadə edir. Müəyyən sahələrdə işləyənlər əldə etmək istədikləri məlumat daha çox internetdən alırlar. Burdan o nəticə çıxır ki, təqaüdçülərin heç də 100 faizi rəqəmsal yayımdan istifadə etməyəcək. Aldıqları təqaüd 100-150 manat olduqda onların imkanları çatmayacaq ki, ayda 10-15 manat paket yayımına ödəsin. Sadəcə onlar yerli kanallara baxmaqla kifayətlənəcəklər. Məsələn, Gürcüstanda dövləti artıq təqaüdçülərə pulsuz dekoder paylamağa başlayıb.

Məsələnin ən maraqlı məqamı isə baş verən prosesdə tam inhisarçılığın Mingəçevir şəhərindəki «KÜR» elektron avadanlıqlar zavoduna verilməsidir. Bu zavodun sahibi Elçin Əliyev hələ ötən parlament seçkilərində mandat almamaqla hakimiyyətdən incik düşmüşdü. İndi böyük bir sahənin inhisarçılığının ona verilməsi incik sahibkarın könlünü almağa bənzəyir.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Elçin Əliyev Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun yaxın adamlarından biridir və 2005-ci ilin parlamenti seçkilərində onun külli miqdarda pul xərcləməsinə rəğmən seçkilərdən geri çəkilməsinə vadar edən şəxs də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev olub.

Mənbəmiz bildirir ki, Ramiz Mehdiyev bu gün də 47 saylı Mingəçevir semki dairəsinin deputat mandatını cibində gəzdirən Elçin Əliyevə təzyiqlər edərək, onu namizədliyindən imtinaya vadar etmişdi. Və həmin ərəfədə PA rəhbərinin bu addımı onunla əsaslandırıldı ki, Elçin Əliyev hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əlieyvə yaxın şəxs hesab olunduğundan vurulur. Lakin indi aydın olur ki, Elçin Əlieyvi RİTN şefi Əli Abbasov himayə edir.


Geri qayıt