Əsas Səhifə > Partiya > HİCAB MƏSƏLƏSİ YENƏ DƏ PROBLEM OLDU

HİCAB MƏSƏLƏSİ YENƏ DƏ PROBLEM OLDU


11-02-2012, 12:45
HİCAB MƏSƏLƏSİ YENƏ DƏ PROBLEM OLDU

YENİ ŞƏXSİYYƏT VƏSİQƏLƏRİ NECƏ OLACAQ?

Bu günlərdə prezident İlham Əliyev 2014-cü ildən vətəndaşlara veriləcək yeni şəxsiyyət vəsiqəsi ilə bağlı fərman imzaladı.

Yeni vəsiqələrdə biometrik məlumatlar – identifikasiya edilmiş və ya identifikasiya olunan fiziki şəxsin fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən, müvafiq standartlar tətbiq olunan və maddi daşıyıcıda əks etdirilən fərdi məlumatlar yerləşdiriləcək. Vəsiqənin üz tərəfinin sol hissəsində isə vəsiqə sahibinin 26 mm x 35 mm ölçüdə fotoşəkli vurulacaq.

Məlum olduğu kimi, xeyli vaxtdır Azərbaycanda başıaçıq şəkil çəkdirmək istəməyən hicablı xanımların şəxsiyyət vəsiqəsi və vətəndaşlıq pasportu almasında problemlər yaşanır. Daxili İşlər Nazirliyi bu sənədlərə başıörtülü şəkil vurulmasına icazə vermir, ona görə də bir sıra hicablı xanım şəxsiyyət vəsiqəsi və vətəndaşlıq pasportu ala bilmir.

Görəsən, yeni şəxsiyyət vəsiqəsinə xanımların başıörtülü şəklinin vurulmasına icazə veriləcəkmi?

Dinşünas Fərid Abdulla hesab edir ki, şəxsiyyət vəsiqəsi və vətəndaşlıq pasportuna xanımların hicablı şəklinin vurulmasına qoyulan qadağa yersizdir və bu problemi heç olmasa yeni şəxsiyyət vəsiqəsi veriləndə həll etmək, qadağanı aradan qaldırmaq vacibdir. Əgər hansısa qadın niqabla şəkil çəkdirmək istəsə, onda qadağanı başa düşmək olar. Lakin hicabda qadınların üzləri görünür, sənəd üçün əsas tələb də üzün açıq görünməsidir”.

Fərid Abdulla qeyd edib ki, uzun illərdir xanımlara şəxsiyyət vəsiqəsi və pasport üçün hicabda şəkil çəkdirməyə icazə verilməsi üçün mübarizə aparılır: “Bu mücadilə davam edir. Ümidvaram ki, problem dinc şəkildə həll olunar və 2014-cü ilə qədər çəkməz”.

Ümid Partiyasının sədri, Milli Məclisin insan hüquqları komitəsinin üzvü İqbal Ağazadə isə hesab edir ki, fevralın 9-da imzalanmış fərman problemin həllinə kömək etməyəcək, hicablı xanımlar yenə problem qarşısında qalacaqlar: “Nədənsə hüquq mühafizə orqanları, ümumiyyətlə hökumət şəxsiyyət vəsiqəsinin verilməsində hicablı qadınlarla bağlı məsələdə aqressivlik nümayiş etdirir. Amma iş ondadır ki, insanları buna, yəni xanımları hicabsız şəkil şəkdirməyə məcbur etmək olmaz. Azərbaycan qanunvericiliyində bununla bağlı heç bir konkret maddə, müddəa yoxdur, heç bir qanuni qadağa qoyulmur. Deməli, məsələ vətəndaşın xeyrinə tövsif olunmalıdır.

Çox təəssüf ki, bunu kimsə nəzərə almır və hicablı xanımların şəxsiyyət vəsiqəsi, pasport alanda başıörtülü şəkil çəkdirməsinə qadağa qoyulur. Hicab geyim formasıdır. Bu, kişilərin qalstukla, yaxud qalstuksuz şəkil çəkdirməsinə oxşayır. Hesab edirəm ki, bu məsələdə hökumət qanunun tələblərinə riayət etməlidir. Qanun isə bunu qadağan etmir”.

Problemin kökündən danışan İqbal Ağazadə vurğulayıb ki, əsas düyün nöqtəsi demokratik cəmiyyətin olmamasıdır: “Demokratik cəmiyyətdə bu tip problemlər olmur. Ona görə də bu cür problemlərin birdəfəlik həlli üçün Azərbaycan demokratikləşməlidir”.

Qondarma Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə deyib: “Yeni şəxsiyyət vəsiqələrinin verilməsinə hələ 2 il var. Hesab edirəm ki, bu müddət ərzində hicablı xanımlar problemin həll olunmasına görə prezidentə müraciət edəcəklər. Çünki bizə də bu barədə çoxlu məktub gəlir.

O daha sonra bildirib: “Əgər dövlət məsləhət bilsə, hicablı şəkillərə icazə veriləcək. Əgər verməsə, ondan şəxsiyyət vəsiqəsini hicabsız şəkillə almaq lazım gələcək. Mənim də həyat yoldaşım, mənim də qızım bu qaydalara riayət edib”.

Geri qayıt