Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAYRAM HÜSEYNZADƏ VƏ QIŞIN SƏRT ÜZÜ

BAYRAM HÜSEYNZADƏ VƏ QIŞIN SƏRT ÜZÜ


11-02-2012, 13:28
BAYRAM HÜSEYNZADƏ VƏ QIŞIN SƏRT ÜZÜ

TƏHSİLLƏ BAĞLI DAHA BİR REAKSİYA

Hər dəfə bizim şanlı Təhsil Nazirliyimizin hansısa hərəkət(sizliy)i haqqında bir tənqidi fikir eşidəndə Bismarkın məşhur sözləri yadıma düşür: “Heç vaxt ruslarla müharibə etməyin, çünki onlar sizin hər bir hərbi məharətinizə ağlasığmaz bir axmaqlıqla cavab verəcəklər”.

Niyə bu sözləri xatırladığımı nazirliyin ən son hərəkət(sizliy)i ilə izah edim. Bir neçə gün öncə (fevralın 2-də) bu qurumun başında duran şəxs, nazir Mərdanovun “qeyri-normal hava şəraiti ilə əlaqədar” verdiyi əmrlə ölkənin bütün ümumtəhsil müəssisələrində dərslər üç gün müddətinə dayandırıldı. Əmri oxuyan ekspertlər dəhşətə gəldilər. Bu necə ola bilər? Ölkənin böyük bir hissəsində dərslərin təxirə salınmasına səbəb olacaq elə bir fövqəladə hadisə baş verməyibsə, bu əmr nəyə görə bütün məktəbləri əhatə etməlidir? Həmin günlər hər yerdə havalar şaxtalı-çovğunlu idi ki, nazir bu məzmunda əmrə imza atmışdı? Məgər Bakıda qarın yağması, sərt şaxtaların olması o anlama gəlir ki, Ucarda, Göyçayda, Qazaxda da hava şəraiti pis olub?

Nazirin bu anlaşılmaz əmrinin mürəkkəbi qurumamış paytaxtda daha sərt – son 110 ilin ən dəhşətli şaxtaları başladı. Amma bu dəfə nazirlik ağzına su alıb durdu. “Bu təkcə bizlik yox, həm də hökumətlik məsələdir”, – dedilər. Təhsil məmurlarımızın hərəkət(sizliy)indən belə çıxır ki, Azərbaycanda şaxta 1-3 dərəcə olanda məktəblər bağlanmalı, 8-11 dərəcə olanda isə işləməldir. İndi siz deyin, bunu ağıl və məntiqlə necə dərk etmək olar? Hələ bu azmış kimi, nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə tutduqları “əmələ” görə xəcalət çəkmək əvəzinə, buna haqq da qazandırır: “Mən Bakıda 20 saylı məktəbin direktoru ilə danışdım. Bu məktəbdə normal istilik sistemi var və şagirdlərin də əksəriyyəti dərsə gəliblər”. Qəribədir, 20 saylı məktəbdə, 132-134 saylı məktəbdə istiliyin olması məgər o anlama gəlir ki, 45, 53, 61, 89, 212, 237, 244, 249 saylı məktəblərdə də istilik var? Halbuki mətbuatdan bu məktəblərdə istiliyin olmaması barədə məlumatlar oxuyuruq. “Uşağım xəstələnəcək!” – deyə, övladını məktəbə buraxmayan anaların harayını kim eşidəcək? Bəs harada qaldı Misir Mərdanovun üç ay öncə valideynlərə verdiyi vəd: “Bu qış mövsümündə məktəblərdə istilik sistemi ilə bağlı problemlər olmayacaq”.

Onsuz da bütün ölkə bilir ki, bəzi seçilmiş məktəblərdə nəinki istilik, hər şey var. Amma bir çox məktəblərdə isə nəinki istilik, həm də çox şey yoxdur. Bəzi məktəblər muzeyə, bəziləri isə tövləyə bənzəyir. Hələ tövlə yaxşıdır, elələri var ki, tavan, döşəmə və divarları dəlmə-deşikdir, içərisində yel vurub yengələr oynayır, elələri də var ki, ağnayıb adamın üstünə gəlir, aşmasın deyə böyür-başından dirək vurublar. Bu da bugünkü Azərbaycan təhsilinin daha bir üzqaralığı, şagirdlər arasında hüquq bərabərliyi anlayışına tüpürməyin bir sübutu. Məmurlar indi bunu da izah etməlidirlər ki, nəyə görə Əlinin balası “muzey”də, Vəlinin balası isə “tövlə”də oxumalıdır?

Yenə də qayıdaq Bayram Hüseynzadənin açıqlamalarına: “Təhsil Nazirliyi normal istilik sistemi olmayan məktəblərə şagirdləri gəlməyə məcbur edə bilməz. Yaxud hava şəraiti ilə əlaqədar məktəbdən uzaqda yaşayan şagirdləri məktəbə getməyə də məcbur edə bilmərik”. Bu sözlərdən sonra isə tanınmış təhsil eksperti Əlövsət Osmanlının “Azərbaycanda təhsil sistemi idarə olunmur, Allahın ümidinə buraxılıb” sözlərini yada salmamaq mümkün olmur. Doğrudan da, belə çıxır ki, Təhsil Nazirliyi sistemin idarə edilməsini bu qış havalara həvalə edib. Yəni bizim vecimizə deyil, kim dərsə gəlir, kim gəlmir, başlı başını saxlasın, təki tədris ilinin sonunda haqq-hesab düz çıxsın...

Amma yaxşı olardı ki, nazirıik bu işi başqa ölkələrdəki kimi, rayon təhsil şöbələrinə, yaxud məktəb rəhbərlərinin özlərinə həvalə edəydi. Yerli şəraiti, imkanları onlardan yaxşı kim bilir? Məsələn, qardaş Türkiyədə belə qərarları valilər, Rusiyada yerli idarə orqanları verirlər.

“Avtoritarizm pis şeydir, təhsilimizi məhv edəcək” deyəndə biz ekspertlər həm də bunları düşünürdük, cənab nazir və cənab Bayram Hüseynzadə!..

Nadir İSRAFİLOV,
təhsil eksperti


Geri qayıt